Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin Baş Konfransının 55-ci sessiyası keçirilmişdir
29-Sentyabr-2011 624

Sentyabrın 19-dan 23-dək Avstriya Respublikasının Vyana şəhərində Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin Baş Konfransının 55-ci sessiyası keçirilmişdir. Tədbirdə Azərbaycan nümayəndə heyətinin tərkibində Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-leytenantı Əsgər Abdullayev də iştirak etmişdir.

Qəzetimizin əməkdaşı ilə söhbətində Ə.Abdullayev bildirmişdir ki, Baş Konfrans öz işinə seçkilərin keçirilməsi ilə başlamış və Konfransın sədri vəzifəsinə Rumıniya təmsilçisi seçilmişdir. Bununla yanaşı, müvafiq qaydalara əsasən Konfransın sədrinin səkkiz müavini və tam heyətli Komitənin sədri və əlavə nümayəndələr seçilmiş, eləcə də Agentliyin yeni üç üzvü (Dominikan, Laos, Tonqo) təsdiqlənmişlər. Sonra tədbirdə BMT Baş katibinin Konfrans iştirakçılarına müraciəti oxunmuşdur. Müraciətdə atom enerjisi sahəsində əməkdaşlıq və inkişaf məsələlərində BMT üzv ölkələrinin rolu qeyd edilmiş və bu məsələlərdə  AEBA-nın fəaliyyət istiqamətləri,  həyata keçirilən təşəbbüslərin vacibliyinə toxunulmuşdur. 

Daha sonra  AEBA-nın  Baş direktoru  məruzə ilə çıxış etmişdir.  Məruzədə  agentliyin son ildə fəaliyyətilə bağlı ətraflı məlumat verilmiş və əsas prioritet istiqamətlər iştirakçıların diqqətinə çatdırılmışdır. Bildirilmişdir ki, təşkilatın işinin müvafiq fəaliyyət planı əsasında həyata keçirilməsi üçün təşəbbüs irəli sürülmüş və bunun nəticəsində bütün vacib məsələləri əhatə edən fəaliyyət planı  hazırlanmışdır. Atom enerjisi sahəsini tənzimləyən konvensiyalar, beynəlxalq sənədlər üzərində və onlara üzvolma istiqamətində zəruri işlər aparılmışdır. Nüvə texnologiyalarının tətbiqi məsələləri daim diqqət mərkəzində saxlanılmış, bu sahədə elmi nəticələrin istehsalatda istifadəsi üzrə proqramların icrası əlaqələndirilmiş, xüsusilə, ərzaq təminatı inkişaf etdirilmiş, kənd təsərrüfatı və səhiyyədə müasir diaqnostika imkanları artırılmışdır. Nüvə təhlükəsizliyinin  təmin edilməsi istiqamətində agentliyin bütün imkanları əsasında prosedur fəaliyyət reallaşdırılmışdır. Ölkələrlə həyata keçirilən texniki əməkdaşlıq məsələlərinə nəzər yetirilmiş və müvafiq proqramlar, layihələr əsasında qarşılıqlı əməkdaşlığın həyata keçiriləcəyi bildirilmişdir.

Baş direktorun hesabatından sonra konfransın plenar iclasında  nümayəndə heyətlərinin rəhbərləri məruzələrlə çıxış etmişlər. Məruzələrdə əsasən ölkələrdə nüvə materialları və texnologiyalarının istifadəsi, əldə olunan nailiyyətlər, iqtisadi mənfəət, nüvə materiallarının saxlanılması, onların təhlükəsiz daşınmaları və sərhədlərdən keçirilməsi, radiasiya nəzarətinin təmin edilməsi məsələlərilə yanaşı, nüvə materiallarının qeyri-qanuni istifadəsi və dövriyyəsinə qarşı tədbirlərin həyata keçirilməsi, nüvə texnologiyalarının sülh məqsədləri üçün istifadə edilməsi sahəsində üzv ölkələrin öhdəliklərinin yerinə yetirilməsi, beynəlxalq əməkdaşlıq və AEBA ilə əlaqəli fəaliyyət məsələlərindən bəhs edilmişdir.

Konfransda Azərbaycan nümayəndə heyətinin rəhbəri çıxış etmiş və ölkəmizdə aparılan radiasiya təhlükəsizliyi üzrə imkanların gücləndirilməsi, texniki əməkdaşlıq layihələri və onların əhəmiyyəti, AEBA ilə aparılan bərabər işlərin nəticələri  barədə  məlumat vermişdir. Məruzədə atom enerjisinin istifadəsi məsələlərində möhkəm təhlükəsizlik tədbirlərinin təmin edilməsi ön plana çəkilmişdir. Xüsusilə, bildirilmişdir ki, Ermənistanda yerləşən “Metsamor” Atom Elektrik Stansiyasının fəaliyyəti texniki və təhlükəsizlik standartlarına cavab vermir, regiona və qonşu ölkələrə təhlükə yaradır və bununla əlaqədar onun dayandırılmasına dair qərar qəbul edilməli,  eləcə də AEBA-nın ekspertləri tərəfindən stansiyada aparılan yoxlamaların nəticələri qonşu dövlətlərlə  paylaşılmalıdır.    

Plenar iclasla yanaşı, Baş Komitənin iclasları da aparılmış və Konfrans tərəfindən təsdiqlənməsi üçün müvafiq sənəd layihələri, qətnamələr və AEBA-nın müvafiq strukturlarında fəaliyyət göstərilməsi üçün namizədlər müəyyən olunmuşlar. 

DGK sədrinin müavini Ə.Abdullayevin sözlərinə görə, Baş Konfransın gedişi zamanı Azərbaycan nümayəndə heyətinin müraciəti əsasında AEBA-nın Texniki Əməkdaşlıq Departamentində və sonradan Nüvə Təhlükəsizliyi  Departamentində görüşlər təşkil edilmişdir. Texniki Əməkdaşlıq Departamentində keçirilən görüşdə AEBA və Azərbaycan arasında texniki əməkdaşlıq istiqamətində müəyyən olunmuş layihələrin gedişi və əldə olunmuş  nailiyyətlər üzrə fikir mübadiləsi aparılmışdır. 

AEBA-nın Nüvə Təhlükəsizliyi Departamentində keçirilən görüşdə isə ilk olaraq qarşılıqlı əməkdaşlığın vacibliyi və həyata keçirilən işlərin qənaətbəxş səviyyədə olduğu bildirilmişdir. Departamentin rəhbəri AEBA və Azərbaycan arasında inteqrə edilmiş nüvə təhlükəsizliyi proqramına istinad etmiş və bu proqram vasitəsilə nüvə təhlükəsizliyinin təmin edilməsi səviyyəsinin artırılmasında imkanların mövcudluğundan söhbət açmış və Azərbaycanın müvafiq qurumları, o cümlədən, bu sahadə gömrük orqanlarının rolunu nəzərə alaraq əməkdaşlığın davam etdirilməsi və gücləndirilməsində maraqlı olduqlarını bildirmişdir.