İnteqrə edilmiş sərhəd idarəçiliyi sahəsində əlaqələr inkişaf edir
30-Sentyabr-2011 613

Sentyabrın 18-24 tarixlərində Dövlət Gömrük Komitəsi və Dövlət Sərhəd Xidməti əməkdaşlarından ibarət nümayəndə heyəti Beynəlxalq Miqrasiya Siyasəti İnkişaf Mərkəzinin təşkilatçılığı ilə  Birləşmiş Millətlər Təşkilatının İnkişaf  Proqramının “Cənubi Qafqaz Ölkələrində İnteqrə Edilmiş Sərhəd İdarəçiliyi Sistemlərinə Dəstək” layihəsi çərçivəsində Fransaya tanışlıq məqsədi daşıyan səfər etmişlər.

Səfər barədə məlumat verən Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-leytenantı Rza Həsənəliyev bildirmişdir ki, qeyd olunan layihə Azərbaycanda sərhədlərin idarə olunması sahəsində qurumlararası, həmçinin Azərbaycan, Gürcüstan, Avropa İttifaqına üzv dövlətlər və digər müvafiq beynəlxalq təşkilatlar arasında ikitərəfli və regional əməkdaşlıq səviyyəsinin artırılması, şəxslərin və malların hərəkətinin asanlaşdırılması və bununla yanaşı sərhədlərin təhlükəsizliyinin təmin edilməsi istiqamətlərinə yönəlmişdir.

Yuxarıda qeyd olunan məqsədlərə 5 əsas sahə (modul) vasitəsi ilə BMTİP və onun partnyorları tərəfindən ardıcıl şəkildə  nail olunması nəzərdə tutulmuşdur.

Səfərin məqsədi Avropa İttifaqı çərçivəsində Sərhədlərin İdarəedilməsi sahəsində qabaqcıl təcrübə, əldə olunmuş nailiyyətlər, inkişaf perspektivləri ilə tanışlıq və müvafiq sahədə təcrübəyə yiyələnmək olmuşdur.

R.Həsənəliyevin sözlərinə görə, Fransanın da iştirak etmiş olduğu Cənubi Qafqazda sərhədlərin inteqrə edilmiş sərhəd idarəçiliyi layihəsinə 2010-cu ilin fevral ayında başlanılmışdır (ümumi müddəti 30 aydır). Bu layihə Litva Dövlət Sərhəd Xidməti, Polşa Sərhəd Mühafizəsi, Latviya Dövlət Sərhəd Mühafizəsi, Estoniya Sərhəd Mühafizə Agentliyi, Çexiya Respublikası Daxili İşlər Nazirliyi və Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəz ilə əməkdaşlıq edilməklə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı tərəfindən icra olunur. Layihənin maliyyələşdirilməsi isə Avropa Qonşuluq və Əməkdaşlıq Aləti çərçivəsində həyata keçirilməkdədir.

Layihə ümumilikdə beş moduldan ibarətdir ki, onun da pilot sərhəd buraxılış məntəqələrinin və gömrük-polis əməkdaşlıq mərkəzlərinin yaradılması məsələlərini əhatə edən dördüncü modulunun icrası Fransaya həvalə olunmuşdur. Dördüncü modulun iki əsas məqsədi vardır:

-  sərhəd buraxılış məntəqələrinin qurulması və təchiz olunması;

- Fransa modelini tətbiq etmək istəyi olduqda, gələcək mümkün - gömrük-polis əməkdaşlıq mərkəzlərinin yaradılması və təchizatı.

Səfər çərçivəsində Fransa və İtaliya sərhədində yerləşən Henday Polis və Gömrük Əməkdaşlıq Mərkəzlərinin funksiyaları və iş prinsipləri ilə tanışlıq məqsədi daşıyan səfərlər təşkil edilmişdir. 

İlk səfər Ventimilya Polis və Gömrük  Əməkdaşlıq Mərkəzinə olmuşdur.

Tanışlıq zamanı mərkəzin nümayəndələri tərəfindən fəaliyyət istiqamətləri və funksiyaları barəsində məlumat verilmişdir. Qeyd olunmuşdur ki, Polis və Gömrük Əməkdaşlıq Mərkəzi (PCCC) Fransa və İtaliya sərhəd polis və gömrük əməkdaşlığının  inkişafı sahəsində xüsusi mövqeyə malikdir. Hazırda Fransanan həmsərhəd ölkələrində buna bənzər 10  mərkəz fəaliyyət göstərir. Bu mərkəzlər qeyd olunan ölkələr arasında informasiya mübadiləsini və sərhədyanı  ərazilərdə birgə nəzarət əməliyyatlarını əlaqələndirir və müvafiq sahələrdə sərhəd polis və gömrük əməliyyatlarına nəzarəti həyata keçirir. Həmin mərkəzlər tərəfdaş ölkələrin polis və gömrük kadrları ilə tam təmin olunmuşdur.

Ümumiyyətlə, Fransa Respublikasında regionlar üzrə transsərhəd əməkdaşlığa xüsusi diqqət ayrılır və son illər belə mərkəzlərin yaradılmasına böyük önəm verilir. Belə mərkəzlərin yaradılmasının başlıca səbəbi beynəlxalq hüquq-mühafizə qurumlarının (Evropol, İnterpol və Şengen cərcivəsində) əksəriyyətinin mütəşəkkil və transsərhəd cinayətkarlıqla mübarizəyə önəminin artırılması kimi səciyyələndirilir. Eyni zamanda belə mərkəzlər təkcə mütəşəkkil cinayətkarlıq deyil, həmçinin oğurluq və soyğunçuluq hallarına qarşı fəaliyyət göstərirlər.

Belə mərkəzlər məlumat mübadiləsi və onların emalı, transmilli əməkdaşlığın möhkəmləndirilməsi, cinayət işlərinin təhqiqatına dəstək, qarşlıqlı hüquqi yardım üzrə əməkdaşlıq, sərhədyanı əməkdaşlıq, əməliyyatların koordinasiyası üzrə əməkdaşlıq,  birgə patrul əməliyyatlarının koordinasiyası, transmilli əməkdaşlıq sahəsində tədris məsələləri üzrə əməkdaşlıq məsələlərinin həlli istiqamətində fəaliyyət göstərirlər.

Növbəti tanışlıq səfəri Henday sərhəd-gömrük əməkdaşlığı mərkəzinə olmuşdur. Bu mərkəz 7 iyul 1998-ci ildə Blua şəhərində Fransa və İspaniya arasında qəbul edilmiş razılaşmaya əsasən fəaliyyət göstərir. Şəxsi heyət sayı 61 nəfərdir (Fransa 27, İspaniya 34) və üç pilləli idarətmə iyerarxiyasına malikdir (idarəedici heyət, komandaçılıq və təhlil heyəti, operativ sahələr).

Mərkəz Fransa- İspaniya sərhədində yerləşir və 24 saatlıq iş rejimində fəaliyyət göstərir. Mərkəz Ventimilya gömrük-polis əməkdaşlıq mərkəzi ilə eyni funksiya və məqsədlərə malikdir. Mərkəzin fəaliyyəti iki ölkə arasında bağlanmış sazişlər və Avropa İttifaqında mövcud olan qanunvericilik əsasında həyata keçirilir. Səfər çərçivəsində mərkəzin iş fəaliyyəti, rabitə-kommunikasiya sistemi, avadanlıq və proqram təminatı, məlumat bazası, həmçinin müraciətlərin qəbulu, onların qeydə alınması, məlumatların təhlili və ötürülməsi əyani surətdə nümayiş etdirilmişdir və qəbul olunan müraciətlərin dörd saat ərzində cavablandırılmasının həyata keçirildiyi bildirilmişdir. Müraciətlər mərkəzə daxil olduqda avtomatik operatorlar tərəfindən real vaxt axarında qeydiyyata alınır və hər bir müraciətin cavablandırılması vaxtı hesablanır. Quraşdırılmış proqram təminatı həmçinin, mərkəzin rəhbərliyi tərəfindən şəxsi heyət üzərində nəzarət etmək imkanlarına da malikdir. Bu proqram təminatı həmçinin statistik alət kimi istifadə olunur və daxil olan müraciətlərin coğrafi yerləşməsi, sorğu yollayan xidmətlərin, təşkilatların mənşəyi, sorğunun səbəblərinin təhlili, səmərəlilik göstəriciləri və s. üzrə məlumatları özündə əks etdirir.

Qeyd olunmuşdur ki, mərkəzdə çalışan əməkdaşların işə qəbul edilməsi onların peşəkarlıq səviyyəsi və ünsiyyət bacarıqlarından asılıdır.

Daha sonra Paris şəhərində Beynəlxalq Əməkdaşlıq İdarəsi və sərhəd polisinin rəhbərləri ilə görüş keçirilmişdir. Görüşdə Fransa Respublikası tərəfindən inteqrə edilmiş sərhədlərin idarə edilməsinin ümumi prinsipləri, bu sahədə qurumlar arasında məlumat mübadiləsi və əməkdaşlıq istiqamətləri barəsində məlumat verilmişdir. Qeyd olunmuşdur ki, bu sahədə əməkdaşlığın daha da səmərəli həyata keçirilməsi məqsədi ilə Fransa Respublikasının digər ölkələrdə fəaliyyət göstərən səfirliklərində Daxili İşlər Nazirliyinin nümayəndələri də çalışır.  Ümumilikdə, Avropa İttifaqı üzrə 25 gömrük-polis əməkdaşlıq mərkəzləri fəaliyyət göstərir. Görüşdə bu mərkəzlərin Avropa İttifaqında müvafiq qurumlar arasında əlaqələrin genişləndirilməsində böyük rol oynadığı bildirilmişdir.

Öz növbəsində, Azərbaycan Respublikasının nümayəndəsi, Dövlət Gömrük Komitəsi sədrinin müavini Rza Həsənəliyev tərəfindən Azərbaycan Respublikasında gömrük orqanları, sərhəd xidməti, o cümlədən, inteqrə edilmiş sərhəd idarəçiliyi sahəsində əldə edilmiş nailiyyətlər haqqında görüş iştirakçılarına geniş məlumat verilmişdir.