Müstəqil Azərbaycanda dünya standartlarına uyğun gömrük xidməti formalaşmışdır
06-Oktyabr-2011 1315

Aydın ƏLİYEV,

Dövlət Gömrük Komitəsinin sədri,

gömrük xidməti general-leytenantı

     XX əsrin sonlarında sosializm sisteminin dağılması dünyanın siyasi mənzərəsində ciddi dəyişikliklərə səbəb oldu. Artıq yaxın onilliklər ərzində dünyanın siyasi xəritəsində yeni yarana biləcək müstəqil dövlətlərin meydana çıxacağı labüd idi. Baş verən proseslərdən Azərbaycan da kənarda qalmadı və həmin proseslərin fəal iştirakçısına çevrilirdi.

     1991-ci il oktyabrın 18-də Azərbaycan SSR Ali Soveti “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya aktı”nı qəbul etdi. Bununla da Azərbaycan XX əsrdə ikinci dəfə öz müstəqilliyinə qovuşdu və dövlət müstəqilliyi yenidən bərpa olundu. Ancaq təkcə “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya aktı”nı qəbul etməklə iş bitmirdi. Müstəqilliyin qorunub saxlanması daha  çətin və mürəkkəb bir proses idi. Azərbaycan dövlət müstəqilliyi əldə etdikdən sonra dəyişən tarixi şərait yeni xarici siyasət kursu, yeni iqtisadi doktrina və iqtisadi münasibətlərə keçid prinsiplərinin işlənib-hazırlanmasını, daxildə milli birlik və həmrəyliyin yaradılmasını tələb edirdi. Lakin müstəqilliyin ilk illərində ölkəni idarə edənlər bu mürəkkəb vəzifənin öhdəsindən gələ bilmirdi. Əksinə, Azərbaycan bir siyasi sistemdən digər siyasi sistemə keçid dövrünün problemlərini yaşayırdı. Diplomatiya sahəsində atılan xaotik və düşünülməmiş addımlar, dünya dövlətlərinin Azərbaycanda kəsişən və toqquşan maraqlarının nəzərə alınmaması, ölkənin geostrateji əhəmiyyətinin yetərincə dərk olunmaması, düzgün idarəçilik sisteminin qurulmaması, hakimiyyətin ayrı-ayrı pillələrinə təsadüfi və səriştəsiz adamların rəhbərlik etməsi Azərbaycanın beynəlxalq və regional müstəvidə vəziyyətini daha da gərginləşdirir, xalqla dövlət arasında olan uçurumu bir qədər də dərinləşdirirdi. Ölkədə yaranmış qeyri-sabit vəziyyət, vətəndaş qarşıdurmasının qarşısını isə yalnız bir nəfər - Heydər Əliyev ala bilərdi. O zaman bu, ümumilikdə, Azərbaycan cəmiyyətinin istəyi və tələbi idi. Beləcə Heydər Əliyev ölkə rəhbərliyinə ikinci dəfə hakimiyyətə qayıtmaqla ictimai-siyasi sabitliyi bərqərar etməyə nail oldu. Ulu öndər Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsini, xalqın birliyinin təmin olunmasını, ictimai-siyasi sabitlik və iqtisadi dirçəliş üçün zəmin yaradılmasını özünün dövlətçilik strategiyasının prioriteti kimi müəyyənləşdirdi.

    Bu gün fəxrlə deyə bilərik ki, ölkəmizin müstəqilliyinin möhkəmləndirilməsi, onun əbədi, dönməz xarakter alması, respublikamızın dinamik inkişaf yolu ilə inamla irəliləməsi və beynəlxalq nüfuzunun sürətlə artması Heydər Əliyevin səmərəli fəaliyyəti, qətiyyəti və əzmkarlığı sayəsində mümkün olmuşdur. Bu gün isə bu missiyanı Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, Prezident İlham Əliyev uğurla davam etdirir.

    Dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünü qeyd etməyə hazırlaşan Azərbaycan Respublikası ötən müddətdə regionun aparıcı dövlətinə çevrilmiş, beynəlxalq aləmdə iqtisadi və siyasi maraqlarını əzmlə qorumuşdur. Yaxın tarixi keçmişə nəzər saldıqda bütün sahələrdə, o cümlədən, gömrük xidmətində əldə edilən yüksək nailiyyətlərin heç də asan başa gəlmədiyinin şahidi olmaq mümkündür.

     Müstəqil Azərbaycan gömrüyü demək olar ki, dövlət müstəqilliyimizlə həmyaşıddır. Müstəqilliyin bərpasından cəmi üç ay sonra - 1992-ci il yanvarın 30-da Dövlət Gömrük Komitəsi yaradılmışdır.

     Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra dövlət quruculuğu sahəsində təxirəsalınmaz vəzifələrdən biri də ölkənin iqtisadi maraqlarının və mənafelərinin qorunması, səmərəli xarici-iqtisadi fəaliyyət və idxal-ixrac əməliyyatlarına dövlət nəzarət sisteminin yaradılması, sərhədlərin iqtisadi təhlükəsizliyinin təmin edilməsi idi. Qısa zaman kəsiyində ölkənin milli gömrük xidmətinin yaradılması və formalaşdırılması bütün kəskinliyi ilə qarşıda dururdu. Həmin illərdə Dövlət Gömrük Komitəsi yaradılsa da, lakin mürəkkəb ictimai-siyasi vəziyyət gömrük orqanlarının formalaşmasına imkan vermədi. Yalnız xalqımızın ümummilli lideri Heydər Əliyevin qətiyyəti sayəsində bütün sahələrdə olduğu kimi, gömrük sistemində də islahatlar aparılmış, Dövlət Gömrük Komitəsinin fəaliyyətində ciddi dönüş yaranmışdır.

     Məlum olduğu kimi, gömrük xidməti - ölkənin iqtisadi təhlükəsizliyinin keşiyində duran və nəticə etibarilə onun suverenliyinin qorunmasında fəal iştirak edən etibarlı qüvvədir. İqtisadi inkişafın dərinləşməsi, daxili bazarın yad təsirlərdən qorunması, beynəlxalq iqtisadi və ticarət əlaqələrinin genişləndirilməsi, eləcə də dövlət büdcəsinin gəlir hissəsinin formalaşmasında gömrük xidmətinin rolu böyükdür.

    Xalqımızın ümummilli lideri Heydər Əliyev demişdir: “Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir”. Gömrük xidmətinin ölkə iqtisadiyyatının inkişafında rolunu yüksək qiymətləndirən ulu öndər bu orqanın fəaliyyətini daim diqqətdə saxlayırdı. Azərbaycan Respublikasının gömrük sistemi məhz ümummilli liderimiz tərəfindən müəyyən edilən siyasətə uyğun olaraq formalaşmış və inkişaf edərək çoxfunksiyalı kompleksə çevrilmişdir.

    Ümummilli lider Heydər Əliyev Azərbaycan dövlətinin iqtisadi təhlükəsizliyinin qorunmasının və daha da möhkəmləndirilməsinin əsas istiqamətlərindən birini yüksək səviyyəli gömrük xidmətinin yaradılmasında görürdü. Məhz ümummilli liderin uzaqgörən siyasəti, gömrük sisteminin formalaşması üçün verdiyi dəyərli tövsiyələri və bu qurumun daha da modernləşməsinə yönələn iqtisadi siyasəti nəticəsində Azərbaycanda dünya standartlarına uyğun gömrük xidməti formalaşmışdır.

     1995-ci il yanvarın  9-da Azərbaycan Prezidentinin yanında gömrük işinin təşkilinə həsr olunmuş müşavirə respublikada gömrük xidmətinin yenidən qurulması, inkişafının əsas istiqamətləri və prinsiplərini müəyyən etdi. Heydər Əliyev həmin müşavirədə Dövlət Gömrük Komitəsinin fəaliyyətini təhlil edərkən demişdir: “Gömrük orqanları Azərbaycan öz müstəqilliyini əldə edəndən sonra yaranmışdır. Onlar fəaliyyət göstərir, ancaq mən ümumən deyə bilərəm ki, müstəqillik dövründə əldə etdiyimiz nailiyyətlərlə yanaşı, böyük nöqsanlarımız, çatışmazlıqlar da var. Bunların başlıcası iqtisadiyyatın belə vəziyyətə düşməsi, xarici ölkələrlə iqtisadi əlaqələrin sağlam, düzgün əsasda qurulmamasıdır. Bu çatışmazlıqların mövcud olmasının əsas səbəblərindən biri gömrük orqanlarının işindəki nöqsanlardır”.

     Gömrük sisteminin qurulmasında, kadr siyasətində, dövlət büdcəsi qarşısında öhdəliklərin yerinə yetirilməsində ciddi nöqsanlara yol vermiş və strateji əhəmiyyətli malların qaçaqmalçılıq yolu ilə ölkədən çıxarılmasına şərait yaratmış Gömrük Komitəsi rəhbərliyini tutduğu vəzifədən uzaqlaşdırmaqda dövlət başçısı Heydər Əliyevin əsas məqsədi Azərbaycan gömrük orqanlarının işinin kökündən dəyişdirilməsi, sağlam əsaslar üzərində qurulması idi.

       1995-ci ilin əvvəllərindən etibarən, Dövlət Gömrük Komitəsi yeni rəhbərliyinin az müddətdə kadr potensialını yeniləşdirməsi, gömrük nəzarətinin səmərəsinin və xidməti intizamın gücləndirilməsi, struktur dəyişikliklərinin keçirilməsi, gömrük buraxılış məntəqələrinin texniki resurslarının möhkəmləndirilməsi və yeni gömrük postlarının yaradılması, avtomatlaşdırılmış idarəetmə sisteminə keçid, tarif-tənzimləmə sisteminin təkmilləşdirilməsi və s. tədbirlər nəticəsində respublikada gömrük işinin yenidən qurulmasına başlanıldı.

Ümummilli lider Heydər Əliyev iqtisadi məsələlərə həsr edilmiş müşavirə və yığıncaqlarda, xüsusilə, 1997-ci il yanvarın 30-da Dövlət Gömrük Komitəsinin yaradılmasının 5-ci ildönümünə və gömrük əməkdaşlarının peşə bayramı gününə həsr edilmiş təntənəli yığıncaqdakı nitqində gömrük orqanlarının fəaliyyətini son dərəcə dəqiqliklə təhlil edərək, bu sistemdə yaranmış problemlərin həlli yolunun tələbkarlıq və nizam-intizam, peşəkarlıq mühitinin formalaşdırılması, kadrlarla işin yenidən qurulması, hər bir gömrük işçisinin öz dövlətinə sadiqlik prinsipinin əsas meyara çevrilməsi sayəsində mümkünlüyünü göstərmişdi.

     “Hesab edirəm ki, sizin qarşınızda, Azərbaycan gömrük təşkilatının, Gömrük Komitəsinin qarşısında duran vəzifələr çox böyükdür və siz bu vəzifələri layiqincə yerinə yetirməyə özünüzü səfərbər etməlisiniz. Gömrük xidmətinin vəzifəsi təkcə iqtisadi xarakter daşımır, yəni gömrük xidməti Azərbaycanın dövlət müstəqilliyinin qorunması üçün lazım olan bir təşkilat kimi, eyni zamanda, başqa funksiyalar da daşıyır. Bu funksiyaların hamısını siz layiqincə yerinə yetirməlisiniz” - deyən Heydər Əliyev Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi vəzifəsinin yerinə yetirilməsində, dünya birliyində respublikamızın demokratik, hüquqi bir dövlət olaraq tanınmasında gömrük xidmətini də mühüm dövlət orqanı kimi ön cərgədə görmək istədiyini bildirirdi. 

Azərbaycan Respublikasının dövlət büdcəsinin formalaşmasında Dövlət Gömrük Komitəsinin rolu xeyli artırıldı, gömrük işinin iqtisadi göstəriciləri və maddi-texniki resursları, informasiya təminatı yaxşılaşdırıldı, gömrük qanunvericiliyinin formalaşdırılması, hüquqi-normativ sənədlərin və gömrük işinə dair ilk milli dərsliklərin yaradılması, tədris-metodiki vəsaitlərin hazırlanması həyata keçirildi, Azərbaycan gömrüyünün beynəlxalq təşkilatlarla əlaqəsinin daha da möhkəmləndirilməsi və təcrübə mübadiləsi aparılması sahəsində səylər geniş xarakter aldı.

     Azərbaycan Respublikasında gömrük işinin formalaşmasında onun qanunvericilik və hüquqi-normativ bazasının yaradılması əsas yer tutur. Gömrük işinin hüquqi əsaslarının yaradılması sahəsində mühüm rol oynayan və Azərbaycan Respublikasının 10 iyun 1997-ci il tarixli qanunu ilə təsdiq edilən Gömrük Məcəlləsində dövlətin daxili və xarici siyasətinin tərkib hissəsi olan vahid gömrük siyasətinin məqsədləri ifadə olunmuşdur.

     Azərbaycan Respublikasında xarici ticarətin tənzimlənməsinə dair qəbul edilmiş Prezident fərmanları, Nazirlər Kabinetinin müvafiq qərar və sərəncamları, həmçinin digər hüquqi-normativ sənədlər idxal-ixrac əməliyyatlarına gömrük nəzarətinin təkmilləşdirilməsi sahəsində mühüm rol oynasa da, Gömrük Məcəlləsinin təsdiq olunması, hələ 20 iyun 1995-ci ildə imzalanmış “Gömrük tarifi haqqında” qanunun qüvvəyə minməsi gömrük işinin hüquqi bazasını daha da möhkəmləndirdi. Bu qanuna əsasən, Nazirlər Kabinetinin 12 yanvar 1998-ci il tarixli qərarı ilə “Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən və bu ərazidən çıxarılan malların gömrük qiymətləndirilməsi sisteminin tətbiqi Qaydaları” təsdiq edildi. Gömrük tarifi və valyuta tənzimlənməsi haqqında Azərbaycan Respublikasının qanunları gömrük orqanlarına valyuta nəzarətini həyata keçirmək hüququ verdi və gömrük rüsumlarının dəqiq hesablanaraq vaxtında dövlət büdcəsinə köçürülməsi tələbini qoydu.

     Gömrük qanunvericiliyinin inkişafında Azərbaycan Prezidentinin 27 oktyabr 1998-ci il tarixli fərmanı ilə təsdiq edilmiş Dövlət Gömrük Komitəsi haqqında Əsasnamə də mühüm yer tutur. Bu sənəddə ölkədə gömrük siyasətinin strateji məsələlərinin müəyyənləşdirilməsi və həlli mərhələsində DGK-nın funksiyaları öz əksini tapmışdır.

     Azərbaycan Gömrük Təşkilatının işini dünya standartlarına yaxınlaşdıran mühüm sənədlərdən biri də Azərbaycan Respublikasının 7 dekabr 1999-cu il tarixli qanunu ilə təsdiq olunmuş “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə” oldu. Gömrük orqanlarına hüquq-mühafizə səlahiyyətinin verilməsi ona qaçaqmalçılıq və gömrük işi sahəsində digər cinayətlərin qarşısının alınmasında məqsədyönlü tədbirləri həyata keçirməyə imkan verdi.

     Lakin ölkənin ildən-ilə iqtisadi-ticarət əlaqələrinin coğrafiyasının genişlənməsi, idxal-ixrac əməliyyatlarının həcminin artması və Azərbaycanın beynəlxalq iqtisadi sistemə inteqrasiyasının güclənməsi gömrük əməliyyatlarını tənzimləyən normativ-hüquqi aktların təkmilləşdirilməsini, inkişaf etmiş ölkələrin gömrük işi sahəsində qabaqcıl təcrübəsi və bu sahədə qəbul olunmuş beynəlxalq konvensiyaların müddəaları nəzərə alınmaqla, bütövlükdə Azərbaycan Respublikasının gömrük qanunvericiliyinin təkmilləşdirilməsini, o cümlədən, bu sırada mühüm yer tutan yeni Gömrük Məcəlləsinin qəbul edilməsini zəruri etmişdir.

     Bu baxımdan, Azərbaycan Prezidenti İlham Əliyevin 1 fevral 2007-ci il tarixli sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikası gömrük sisteminin 2007-2011-ci illərdə inkişafına dair Dövlət Proqramı”nın, eləcə də Azərbaycan Prezidentinin 11 noyabr 2008-ci il tarixli fərmanına əsasən Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrindən keçirilən malların və nəqliyyat vasitələrinin yoxlanılmasında “bir pəncərə” prinsipinin tətbiq edilməsində də məqsəd ölkədə gömrük sisteminin inkişafını sürətləndirmək, onun normativ-hüquqi və maddi-texniki təminatını yaxşılaşdırmaq və gömrük orqanlarının fəaliyyətini daha da təkmilləşdirmək olmuşdur.

     Ölkənin iqtisadi təhlükəsizliyinin və daxili bazarının qorunmasında, beynəlxalq iqtisadi və ticarət əlaqələrinin genişləndirilməsində gömrük sisteminin müstəsna rol oynadığı qeyd olunan “Azərbaycan Respublikası gömrük sisteminin 2007-2011-ci illərdə inkişafına dair Dövlət Proqramı” dövlətin gömrük siyasətinin həyata keçirilməsində mühüm mərhələ olmaqla, 2007-2011-ci illərdə bu sahənin daha sürətlə inkişafı ilə bağlı əsas vəzifələri, istiqamətləri və yerinə yetirilməli olan tədbirləri müəyyənləşdirmişdir.

     Dövlət Proqramı qanunvericilik bazasının və gömrük tənzimlənməsinin təkmilləşdirilməsini, gömrük nəzarəti metodlarının beynəlxalq standartlara uyğunlaşdırılması və gömrük prosedurlarının avtomatlaşdırılmasını, qaçaqmalçılığa və gömrük işi sahəsində digər hüquqpozmalara qarşı mübarizənin gücləndirilməsini, gömrük infrastrukturunun inkişaf etdirilməsini, kadrların hazırlanması və beynəlxalq əməkdaşlığın genişləndirilməsini nəzərdə tutmuşdur.

Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planına əsasən, qanunvericilik bazasının və gömrük tənzimlənməsinin təkmilləşdirilməsi sahəsində “Gömrük prosedurlarının sadələşdirilməsi və harmonizə edilməsinə dair Kioto Konvensiyası”nın müddəaları nəzərə alınmaqla, Azərbaycan Respublikasının yeni Gömrük Məcəlləsinin layihəsinin hazırlanması, gömrük işi və ticarət sahəsində beynəlxalq konvensiyalara qoşulma üzrə təkliflərin hazırlanması, Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətinin mal nomenklaturunun (XİF MN) şərhinin hazırlanması, gömrük ödənişlərinin alınmasında kart sistemindən istifadəyə keçidin təmin edilməsi və s. tədbirlər planlaşdırılmışdır.

     Beləliklə,  Dövlət Gömrük Komitəsində Avropa İttifaqı və BMT-nin İnkişaf Proqramı tərəfindən “Azərbaycan Gömrük Xidmətinin təkmilləşdirilməsi” layihəsi çərçivəsində Azərbaycan Respublikasının yeni Gömrük Məcəlləsinin layihəsi hazırlanmış və dövlətdaxili prosedurlardan keçirilərək Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim olunmuşdur. Daha sonra layihə 2011-ci ilin fevralında Milli Məclisin müzakirəsinə təqdim olunmuş və ardıcıl müzakirələrdən sonra, iyunun 24-də Milli Məclisin növbədənkənar iclasında üçüncü oxunuşda qəbul edilmiş, Azərbaycan Respublikası Prezidentinin müvafiq əmri ilə təsdiq edilmişdir.

Bu gün Azərbaycan Gömrük Xidməti mükəmməl hüquqi bazaya, inkişaf etmiş infrastruktura malik olmaqla, ölkədə fiskal siyasəti həyata keçirir, onun quru, hava və dəniz yollarında respublikanın iqtisadi mənafeyini və təhlükəsizliyini qoruyur, qaçaqmalçılığa qarşı uğurla mübarizə aparır.

     “Azərbaycan Respublikası gömrük sisteminin 2007-2011-ci illərdə inkişafına dair Dövlət Proqramı”na əsasən, gömrük infrastrukturunun inkişaf etdirilməsi sahəsində bir sıra tədbirlər həyata keçirilmişdir. Astara Gömrük İdarəsinin, Biləsuvar Gömrük İdarəsinin “Biləsuvar” sərhəd-keçid məntəqəsinin və Tovuz Gömrük İdarəsinin “Sınıq körpü”, Balakən Gömrük İdarəsinin “Mazımçay”, Xaçmaz Gömrük İdarəsinin “Samur” gömrük postlarının beynəlxalq standartlara uyğun yeni inzibati binaları tikilmiş, onlar müasir tipli inventar və avadanlıqlarla təchiz edilmişdir. Onu da qeyd edək ki, sözügedən obyektlərin hamısı Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə istifadəyə verilmişdir. Hazırda bu istiqamətdə işlər davam etdirilir, eyni zamanda, Azərbaycan Prezidentinin “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 14 aprel 2009-cu il tarixli fərmanına uyğun olaraq, Xudat sərhəd-keçid məntəqəsinin əsaslı tikintisi, Biləsuvar, Tovuz və Balakən rayonlarında gömrük terminalı və anbarların inşası sahəsində müvafiq işlər görülür.

     Gömrük ödənişlərinin ödəniş kartları vasitəsilə alınması üçün Azərbaycan Respublikasının idxal-ixrac əməliyyatları üzrə mal dövriyyəsinin əsas hissəsinin gömrük rəsmiləşdirilməsini həyata keçirən Komitənin Bakı Baş Gömrük İdarəsində, Hava Nəqliyyatında Baş Gömrük İdarəsində, Sumqayıt Baş Gömrük İdarəsində və Avtonəqliyyat Gömrük İdarəsində ödəniş POS-terminalları açılmış və hər biri ayrıca olaraq - gömrük vergi və rüsumları, habelə gömrük qaydalarının pozulmasına görə tətbiq olunan cərimələr və yığımlar üzrə ödənişlər ödəniş kartları vasitəsilə həyata keçirilir. Digər gömrük orqanlarında da ödəniş POS-terminallarının quraşdırılması məqsədilə işlər davam etdirilir.

     Azərbaycan Gömrük Xidməti öz fəaliyyətində informasiya-kommunikasiya texnologiyalarının tətbiqinə də xüsusi önəm verərək bu sahədə köklü islahatlar aparmışdır.

     Əvvəla, xatırladım ki, Azərbaycan gömrüyündə informasiya-kommunikasiya texnologiyalarının tətbiqinə hələ 1995-ci ildə başlanmış və 1999-cu ildə gömrüyün İKT strategiyası artıq beynəlxalq standartlar səviyyəsində qurulmağa başlanmışdır. Belə ki, BMT-nin İnkişaf Proqramı və Azərbaycan Hökuməti arasında həyata keçirilən “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Potensialının Gücləndirilməsi və Məlumatların Ötürülməsi Şəbəkəsinin Yaradılması” layihəsi avtomatlaşdırılmış idarəetmə sisteminin yaradılması sahəsində gömrük xidmətinin inkişafına olduqca müsbət təsir göstərmişdir. İnformasiya-kommunikasiya texnologiyalarının inkişafı biznes proseslərinin də stimullaşdırılmasına təsir göstərir ki, bu səbəbdən Dövlət Gömrük Komitəsi sözügedən sahəyə xüsusi həssaslıqla yanaşır və bu işdə üzərinə düşən vəzifələri yüksək səviyyədə, həm də ardıcıllıqla yerinə yetirməyə çalışır.

     Hazırda Komitədə Azərbaycan Prezidentinin 16 fevral 2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Dövlət və yerli özünüidarə orqanlarının aktlarının elektron informasiya sistemləri vasitəsilə açıqlanması Qaydası”ndan və Azərbaycan Prezidentinin 23 may 2011-ci il tarixli “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” fərmanından irəli gələn vəzifələr yerinə yetirilir. Bununla əlaqədar, Komitə sədrinin 25 may 2011-ci il tarixli əmrinə əsasən, Dövlət Gömrük Komitəsi sistemində gömrük prosedurları və xidmətlərinin təkmilləşdirilməsi, kağız sənədlərdən istifadənin məhdudlaşdırılaraq elektron formada həyata keçirilməsi və biznes proseslərin kağızsız texnologiya əsasında qurulması, hazırlanmış hüquqi aktların layihələrinin müvafiq dövlət orqanlarına razılaşdırmaya göndərilməzdən əvvəl DGK-nın internet saytında yerləşdirilməsi, eləcə də elektron gömrük xidmətləri sahəsinin daha da genişləndirilməsi və s. tədbirlər həyata keçirilir.  

     Ötən il Dövlət Gömrük Komitəsinin yeni internet səhifəsinin istifadəyə verilməsi də sözügedən istiqamətdə həyata keçirilən addımlardan biridir. Bu addım yeni texnologiyalar əsasında gömrük xidmətində şəffaflığın, eləcə də gömrük-biznes əməkdaşlığının gücləndirilməsi işinə bir dəstək kimi də qiymətləndirilir.   Yeni internet səhifəsində gömrük işi və gömrük qanunvericiliyilə bağlı cəmiyyətdə ümumi biliklərin dərinləşdirilməsi, DGK-nın informasiya resurslarından daha səmərəli istifadə olunması, gömrük orqanları və biznes strukturları arasında qarşılıqlı əlaqələrin genişlənməsi, əhalinin və sahibkarların maraqlarının daha asan və operativ təmin olunması kimi vəzifələri reallaşdırmaq məqsədi daşıyan bir çox yeniliklər öz əksini tapır. Yeni internet səhifəsində gömrük-biznes əməkdaşlığının genişləndirilməsinə dair bir sıra bölmələr yaradılmışdır. Burada gömrük qanunvericiliyi, “sual-cavab”, “qaynar xətt”, gömrük statistikası kimi bölmələr də fəaliyyət göstərir; həmçinin DGK strukturu və rəhbərliyi, Komitənin bütün strukturları, eləcə də Tədris Mərkəzi, Kinoloji Mərkəz, Mərkəzi Laboratoriya, Gömrük Muzeyi və s. haqqında ətraflı bilgilər verilir. Saytda Dövlət Gömrük Komitəsinin sədri ilə birbaşa “virtual əlaqə” bölməsi də yaradılmışdır. Bir sözlə, yeni internet səhifəsi hazırlanarkən “e-hökumət” prinsipləri nəzərə alınmış, biznes qurumları və respublika vətəndaşları üçün müxtəlif elektron xidmətlər daxil edilmişdir.

      Təsadüfi deyil ki, Dövlət Gömrük Komitəsinin internet səhifəsi Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin ötən ilin sonunda keçirdiyi müsabiqədə “Ən yaxşı elektron xidmət” nominasiyası üzrə qalib olmuş, həmçinin Azərbaycan İnternet Forumunun “Milli NETTY-2010” müsabiqəsində dövlət və bələdiyyə saytları arasında II yerə layiq görülmüşdür. 2011-ci ildə isə Dövlət Gömrük Komitəsinin əməkdaşı “İnformasiya texnologiyalarının zənginləşdirilməsinə görə” nominasiyası üzrə “Milli NETTY-2011” müsabiqəsinin qalibi olmuşdur.

     Azərbaycan gömrük xidmətinin bu sahədə əldə etdiyi uğurlar müxtəlif beynəlxalq tədbirlərin müzakirə mövzusuna çevrilmiş, bir çox ölkələrin ciddi marağına səbəb olmuşdur. Bunun nəticəsidir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində elektron gömrük xidmətləri üzrə həyata keçirilən layihələrlə və DGK-nın İKT strategiyası ilə tanış olmaq məqsədi ilə Özbəkistan, Rusiya Federasiyası, Makedoniya və Argentina gömrük xidmətlərinin nümayəndələri Azərbaycana gəlmişlər. Azərbaycan gömrük xidmətinin təcrübəsinin öyrənilməsinə artan marağı nəzərə alaraq yaxın zamanlarda belə səfərlərin artacağını proqnozlaşdırmaq olar.

     Azərbaycan Gömrük Xidməti gömrük işində informasiya sistemləri və informasiya texnologiyalarının tətbiqi təcrübəsinin öyrənilməsi və gömrük xidmətində informasiya texnologiyalarının gələcək inkişaf istiqamətlərinin müəyyən edilməsi məsələlərinə də xüsusi diqqət ayırır. Bu il sentyabrın 12-13 tarixlərində Bakı şəhərində keçirilmiş - “Elektron gömrük xidmətləri: gələcəyə baxış” mövzusunda III beynəlxalq elmi-praktiki konfrans da bu baxımdan əlamətdar hadisə olmuşdur. Konfransda gömrük xidmətində informasiya-kommunikasiya texnologiyaları və “e-gömrük” xidmətləri, gömrük-biznes əməkdaşlığında İKT-nin rolu və dövlət orqanlarında elektron xidmətlər göstərilməsinin təşkili məsələlərinə toxunulmuşdur.

      “Azərbaycan Respublikası gömrük sisteminin 2007-2011-ci illərdə inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq kadr hazırlığı sahəsində də bir sıra məqsədyönlü işlər görülmüşdür. Ötən dövr ərzində onlarla xarici ölkədə müxtəlif mövzularda təşkil olunmuş təlim kurslarında, treninqlərdə və seminarlarda Komitənin əməkdaşları iştirak edərək oz ixtisaslarını, peşə və biliklərini artırmışlar.

      Azərbaycan Prezidentinin 11 noyabr 2008-ci il tarixli “Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrindən keçirilən malların və nəqliyyat vasitələrinin yoxlanılmasında “bir pəncərə” prinsipinin tətbiqi haqqında” fərmanına əsasən, 2009-cu il yanvarın 1-dən dövlət sərhədinin buraxılış məntəqələrində “bir pəncərə” prinsipi tətbiq edilərək, sərhəd-keçid məntəqələrində nəzarət növlərini inteqrə edilmiş qaydada həyata keçirməklə sərhəd-keçid prosedurlarının daha da sadələşdirilməsi, nəqliyyat və mal axınına əlverişli şərait yaradılması, vaxt itkisinin minimuma endirilməsi və bu sahədə qabaqcıl dövlətlərdə olduğu kimi, minimum vaxt limitlərinə riayət edilməsinə nail olunmuşdur. Fərmana uyğun olaraq, Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrindən keçirilən malların və nəqliyyat vasitələrinin yoxlanılmasında “bir pəncərə” prinsipi üzrə vahid dövlət orqanının səlahiyyətləri Dövlət Gömrük Komitəsinə həvalə olunmuşdur.

     “Bir pəncərə” prinsipinin tətbiqi nəticəsində resursların səmərəli və rasional formada bölgüsü və istifadəsinə, nəzarət növlərinin əlaqələndirmə səviyyəsinin yüksəldilməsinə və qurumlararası əməkdaşlığın gücləndirilməsinə, eləcə də sərhəd idarəçiliyi mexanizminin təkmilləşdirilməsinə nail olunmuşdur. Bundan başqa, iqtisadi operatorlar və sahibkarlıq subyektləri tərəfindən tələblərə daha ciddi riayət edilir, sərhəd nəzarəti prosedurlarında şəffaflıq artırılır, həmçinin ölkənin iqtisadi potensialının gücləndirilməsinə xidmət göstərən müasir metodların tətbiqi təmin edilir. Yük daşımaları imkanlarının artırılması və nəqliyyat sektorunun inkişafı, tranzit potensialının gücləndirilməsi də bu üstünlüklər sırasındadır.

      “Bir pəncərə” prinsipinin tətbiqi iqtisadi operator və sahibkarlıq subyektləri üçün resurslardan daha səmərəli istifadəyə, rəsmiləşdirmə müddətinin azaldılması nəticəsində yüklərin göndəriş və idxalına icazələrin alınması prosedurunun sürətlənməsinə, sərhəd keçid prosedurları ilə bağlı tələblər haqqında məlumatlılığın və şəffaflığın artırılmasına, eləcə də ticarət əlaqələrinin genişlənməsinə və mal dövriyyəsi üçün daha əlverişli şəraitin yaradılmasına da imkan verir.

      Dövlət Gömrük Komitəsi eyni zamanda hüquq-mühafizə orqanı olaraq, qaçaqmalçılıq və digər hüquqpozma hallarına qarşı mübarizənin gücləndirilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirir. Bu tədbirlər nəticəsində son üç ildə 12500-dən çox hüquqpozma faktı, o cümlədən, yüzlərlə kiloqram narkotik maddə aşkar edilmişdir. Təkcə 2009-cu ildə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 13, 2010-cu ilin 9 ayı ərzində isə 11 mütəşəkkil cinayətkar narkoqrup aşkar olunaraq zərərsizləşdirilmişdir.

     Azərbaycan Gömrük Xidməti öz fəaliyyətində narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə sahəsində təkcə hüquq-mühafizə müstəvisində deyil, eyni zamanda, maarifləndirici tədbirlər də həyata keçirir. Elə bu ilin yanvarında Bakı şəhərindəki Muzey Mərkəzində “Narkomaniyaya yox deyək!” plakat və foto müsabiqəsinin yekun sərgisi də növbəti belə tədbirlərdən olmuşdur. Tədbirin təşkilində Dövlət Gömrük Komitəsi və Mədəniyyət və Turizm Nazirliyi ilə yanaşı, Rəssamlar İttifaqı da yaxından iştirak etmişdir. Belə ki, DGK-nın məqsədi narkomaniya və narkotik vasitələrin yayılmasına qarşı mübarizədə fəal iştirak etmək və bu istiqamətdə birgə fəaliyyətin gücləndirilməsinə yardım etməkdir.

     Dövlət Gömrük Komitəsi “Narkotiklərə yox deyək!” adlı daha bir sərgini bu ilin martında Vyana şəhərində BMT-nin İqtisadi və Sosial Şurasının Narkotik Vasitələr üzrə Komissiyasının 54-cü sessiyası çərçivəsində keçirmişdir. Sərgidə Azərbaycanda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı aparılan tədbirlər, profilaktik işlər, eləcə də narkotiklərdən istifadənin ağır nəticələri haqqında cəmiyyətin maarifləndirilməsi məsələləri barədə məlumat verilmişdir.  

     Dövlət Gömrük Komitəsi öz fəaliyyətində mədəni tədbirlərə də geniş yer ayırır. Hələ 2006-ci ilin mart ayında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Gömrük Tarixi Muzeyi yaradılmış, 2007-ci ilin yanvarında isə “Azərterminalkompleks” Təsərrüfat Hesablı Xarici İqtisadi Birliyin inzibati binasında Heydər Əliyev Xatirə Muzeyi və DGK Gömrük Tarixi Muzeyinin bölməsi fəaliyyətə başlamışdır. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən dünyanın bir sıra ölkələrində - Belçika Krallığında, İsveçrədə, Vatikanda, Rusiya Federasiyasında, Avstriyada, Fransada sərgilər təşkil edilmiş, bu sərgilərdə Azərbaycan gömrüyünün  tarixini özündə əks etdirən müasir rəsm əsərləri, respublikamızın gömrük orqanları tərəfindən müxtəlif vaxtlarda saxlanılan, milli-mənəvi dəyər kəsb edən əşyalar nümayiş olunmuşdur.

      Bundan başqa, ötən il Dövlət Gömrük Komitəsi BMT-nin Vyana bölməsində cinayətkarlığın qarşısının alınması və cinayət ədliyyəsi komissiyasının 19-cu sessiyası çərçivəsində “Azərbaycan gömrüyü mədəni irsin keşiyində” adlı sərgi təşkil etmişdir. Eyni zamanda, Fransanın Strasburq şəhərində Avropa Şurası Parlament Assambleyasının növbəti sessiyası ərəfəsində Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin təşəbbüsü, eləcə də Mədəniyyət Nazirliyinin və AŞPA rəhbərliyinin dəstəyilə “Azərbaycan gömrüyü mədəni və dini irsin keşiyində” adlı sərgi, həmçinin “Azərbaycan gömrüyü mədəni irsin keşiyində” adlı kitabın təqdimat mərasimi keçirilmişdir.

     Ümumiyyətlə, Azərbaycan Gömrük Xidməti dünya gömrük ailəsində özünəməxsus layiqli bir yer tutmuş və aidiyyəti beynəlxalq qurumlarla əməkdaşlıq əlaqələrini daim inkişaf etdirir. Bu baxımdan 2003-cü ildə Ümumdünya Gömrük Təşkilatı Regional Tədris Mərkəzinin Bakı şəhərində fəaliyyətə başlaması, eləcə də açılışı bu günlərdə nəzərdə tutulan Ümumdünya Gömrük Təşkilatı Potensialın Gücləndirilməsi üzrə Regional Ofisinin də Bakı şəhərində yaradılması təsadüfi deyil. Onu da qeyd edim ki, Ümumdünya Gömrük Təşkilatının bir sıra beynəlxalq tədbirlərinə Azərbaycan ev sahibliyi etmiş, bu cür mühüm tədbirlərin yüksək səviyyədə təşkili istər ÜGT rəhbərliyi, istərsə də iştirakçılar tərəfindən yüksək qiymətləndirilmişdir. Təsadüfi deyil ki ÜGT-nin Potensialın Gücləndirilməsi üzrə Regional Ofisinin açılış mərasimi ərəfəsində Azərbaycan Gömrük Xidməti Ümumdünya Gömrük Təşkilatı və BMT ilə birgə Bakı şəhərində daha belə bir tədbirin - Narkotiklərin qeyri-qanuni dövriyyəsinə qarşı beynəlxalq konfransın keçirilməsini nəzərdə tutmuşdur. Bu mötəbər tədbirdə BMT və  ÜGT rəhbərliyi ilə yanaşı, bir sıra ölkələrin gömrük xidməti rəhbərləri, eləcə də digər yüksək səviyyəli rəsmi şəxslərin iştirakı gözlənilir.

      Bu gün Heydər Əliyev yolunun layiqli davamçısı Azərbaycan Prezidenti İlham   Əliyev Azərbaycan gömrüyünün öz ənənələrini qoruyub saxlaması və daha da təkmilləşdirilməsi işini daim diqqət mərkəzində saxlayır. Gömrük orqanlarının fəaliyyəti ölkə rəhbərliyi tərəfindən qiymətləndirilir və gömrükçülər daim diqqət və qayğı ilə əhatə olunur. Azərbaycan Prezidentinin sərəncamları ilə təkcə son illər ərzində gömrük işçilərinin əmək haqları bir neçə dəfə artırılmışdır. Eləcə də, 2008-ci ilin sonunda Bakı şəhərində dünya standartlarına cavab verən Mərkəzi Gömrük Hospitalının açılışı da gömrük əməkdaşlarının sosial müdafiəsinə yönələn tədbirlərdən biri olmuşdur.

     Böyük öndərin siyasi kursunun layiqli davamçısı cənab İlham Əliyevin səkkiz illik prezidentliyi dövründə Azərbaycan Respublikası davamlı inkişaf etmişdir. Prezident İlham Əliyevin yürütdüyü uğurlu daxili və xarici siyasət nəticəsində respublikamızın Avropanın enerji təhlükəsizliyində rolu güclənmişdir, Azərbaycan regionda sülh, sabitlik və iqtisadi tərəqqiyə xidmət edən qlobal layihələrin əsas təşəbbüskarı qismində çıxış etməkdədir.

      Prezident İlham Əliyev Azərbaycan Respublikasının dövlət müstəqilliyinin 20-ci ildönümünə həsr olunmuş beynəlxalq bayram tədbirində bildirmişdir: “Bu gün qeyd etmək istəyirik ki, bizim ən böyük nailiyyətimiz - bizim müstəqilliyimizdir, azadlığımızdır. Bu, Azərbaycan xalqı üçün ən böyük sərvətdir. Çünki əsrlər boyu Azərbaycan xalqı müstəqilliyindən məhrum olmuşdur. Ona görə bu gün mən qeyd etmək istəyirəm ki, müstəqilliymiz ən böyük nailiyyətimizdir”.

      Dövlət Gömrük Komitəsinin rəhbərliyi və onun çoxsaylı kollektivi də ən böyük nailiyyətimiz olan müstəqilliyin əbədi olaraq qorunub saxlanılması, müstəqil Azərbaycanın beynəlxalq nüfuzunun daha da artırılması və xalqımızın firavan gələcəyinin təmin edilməsi uğrunda aparılan mübarizədə yaxından iştirak edir, qarşıya qoyulan təxirəsalınmaz vəzifələrin müvəffəqiyyətlə yerinə yetirilməsi üçün bundan sonra da bütün qüvvə və bacarığını əsirgəməyəcəkdir.