Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

"Saxta xalça məhsullarının müəyyən edilməsi" mövzusunda təlimlər keçirilib

"Saxta xalça məhsullarının müəyyən edilməsi" mövzusunda təlimlər keçirilib

Sentyabrın 6-da "Azərxalça" Açıq Səhmdar Cəmiyyətinin Qobu emalatxanasında Dövlət Gömrük Komitəsinin əməkdaşları üçün "Saxta xalça məhsullarının müəyyən edilməsi" mövzusunda təlim başlayıb.

Təlimin məqsədi gömrükçülərin xalça və digər toxuma məmulatları haqqında bilgilərini artırmaq və bu qəbildən olan malların sərhədkeçmə prosesində gömrük işinin daha səmərəli və sürətli şəkildə reallaşdırılmasına nail olmaqdır.

Təlimdə Dövlət Gömrük Komitəsinin Gömrük Sərhəd Buraxılış Məntəqələrinin İşinin Təşkili Baş İdarəsinin Sərnişin dəhlizlərinin idarə olunması şöbəsinin rəisi Vasif Qurbanov çıxış edərək bu sahədəki Dövlət Proqramı, eləcə də onun icra vəziyyəti barədə əməkdaşları məlumatlandırıb.

Daha sonra "Azərxalça" ASC-nin istehsalat direktoru Əlisəfa Nuriyev təlim iştirakçılarına təmsil etdiyi qurumun iş prinsipi, eyni zamanda Azərbaycan xalçaçılıq məktəbinin tarixi, xalçaçılıq qrupları, bu qrupların özünəməxsus xüsusiyyətləri barədə məlumat verib.

Təlim zamanı emalatxanada xalçaların toxunma prosesi, onların növü, müxtəlif bölgələrə və mədəniyyətlərə aid xalçaların oxşar və fərqli cəhətləri ətraflı şəkildə izah edilib.

Əldə edilən bu biliklər iştirakçılara gömrük nəzarəti zamanı tarixi dəyəri olan məmulatları vaxtında və düzgün şəkildə aşkarlamaq, eləcə də sertifikatlaşdırma prosesində yol verilə biləcək xətaları aradan qaldırmaq baxımından faydalı olacaq.

Təlim sentyabrın 7-də başa çatacaq.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

6 Sentyabr 2021 00:00
195