Gömrükçülərimiz Praqa və Tallində səfərdə olmuşlar
07-Oktyabr-2011 857

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin nümayəndə heyəti ötən ay Çex Respublikasının paytaxtı Praqa və Estoniya Respublikasının paytaxtı Tallində səfərdə olmuşdur. Azərbaycan gömrükçüləri Praqada Gömrük Muzeyləri Beynəlxalq Assosiasiyasının 19-cu konfransında iştirak etmiş, Tallində isə gömrük brokerlərinin fəaliyyəti sahəsində təcrübə mübadiləsi aparmışlar.

Nümayəndə heyətimizin rəhbəri, DGK “Azərterminalkompleks” Təsərrüfat Hesablı Xarici İqtisadi Birliyin direktoru, gömrük xidməti general-mayoru Qambay Əliyev bildirmişdir ki, sentyabrın 18-23 tarixlərində Praqada keçirilən Gömrük Muzeyləri Beynəlxalq Assosiasiyasının (GMBA) 19-cu konfransı “Muzeylərimizdə təhlükəsizlik” mövzusuna həsr edilmişdir. Konfrans işə başlamazdan öncə GMBA-nın prezidenti Henri  Nimaks və Çex Gömrüyü Beynəlxalq Şöbəsinin müdiri Jan Skalicky tədbir iştirakçıları ilə görüşmüşlər. Görüş zamanı Azərbaycan nümayəndə heyətinin rəhbəri ölkənin gömrük sahəsində görülən işlərin qısa məzmununu əks etdirən “Bir ilin hekayəsi” filminin konfransın gündəliyinə salınmasını təklif etmiş, eləcə də Luksemburq konfransında GMBA-nın illik bülleteninin Azərbaycanda çap olunması barədə təklifini xatırlatmışdır. Öz növbəsində, H.Nimaks “Bir ilin hekayəsi” filminin məmnuniyyətlə konfransın gündəliyinə daxil ediləcəyini bildirmiş, eyni zamanda, GMBA-nın illik bülleteninin bu qurumun 2013-cü ildə 21-ci konfransının Azərbaycanda keçiriləcəyi ərəfədə çap olunmasının mümkünlüyünü vurğulamışdır.

Konfrans işə 2008-2009, 2009-2010 və 2010-2011-ci illərin maliyyə hesabatları haqqında məlumatın və yeni üzv - İsveçrənin təqdim edilməsilə başlamışdır. Sonra ümumi iclasın yeni mövzusu seçkilərə həsr edilmiş, seçkilərdən sonra isə GMBA üzvləri nizamnamə və qaydaları müzakirə etmişlər. Ümumi iclasın növbəti mövzusu GMBA-nın veb-saytının təqdimatı olmuşdur. Saytda dünyanın gömrük və vergi muzeyləri barədə məlumatın verilməsi nəzərdə tutulub. Bununla bağlı, Azərbaycan tərəfi gömrük və vergi muzeyləri haqqında saytda yalnız onların ünvanları deyil, həmçinin yaranma tarixləri barədə də məlumatların yerləşdirilməsini təklif etmişdir. Daha sonrakı mövzu isə Açıqca İşçi Qrupuna həsr edilmiş və müvafiq kartın nümunəsi göstərilərək onların ölçüsü və istifadə forması müzakirə edilmişdir. Nəzərə çatdırılmışdır ki, açıqcalardan istifadədə məqsəd GMBA-nın, eləcə də muzeylərin fəaliyyətini təbliğ və təşviq etməkdir. Belə ki, açıqcanın üzərində - “Gömrük və Vergi Muzeyləri Beynəlxalq Assosiasiyasının məqsədi sürətlə dəyişən dünyada gömrük irsinin qorunmasından ibarətdir” sözləri yazılmışdır.

Q.Əliyevin sözlərinə görə, bu məsələ ilə əlaqədar, Azərbaycan tərəfi digər reklam növlərindən (maqnetik lövhə, poçt markaları üzərində gömrük rəsmləri, loqo və etiketlər) istifadə edilməsini də məsləhət görmüş və bu işdə, ilk növbədə markalardan istifadə məsələsində öz dəstəyini təklif etmişdir. Nümayəndə heyətimiz onu da diqqətə çatdırmışdır ki, sözügedən reklam növləri arasında Azərbaycanda ən çox yayılmış forma “Azərpoçt” tərəfindən hazırlanan markalar və miniatür kitablardır.

Daha sonra iclasda GMBA araşdırma nəticələri müzakirə edilmişdir. İndiyədək bu araşdırmada iştirak etmiş 10 ölkənin əldə etdiyi nəticələr təqdim olunmuş və müzakirələr aparılmışdır. Araşdırmaya muzeyin adı və işi, ünvanı, tutumu, heyəti, kolleksiyaların növü, ziyarətçi statistikası, marketinq kimi məsələlər daxil edilmişdir. Sonda gömrük muzeylərinin idarə edilməsilə bağlı imkanlar, üstünlüklər, zəif cəhətlər və təhlükəni müəyyən edən təhlil aparılmışdır.

Növbəti gün GMBA üzvləri Pilsendə Gömrük Muzeyinə səfər etmiş və burada Pilsen Gömrüyü Direktoratlığının rəhbəri Hynek Berka ilə görüşmüşlər. Konfrans iştirakçıları çex gömrük əməkdaşlarının məxsusi geyim formaları və istifadə olunan sursatlarla tanış olmuşlar.

Növbəti yığıncaqda muzeylərdə bərpa işində istifadə edilən metodlar, təhlükəsizlik metodları və s. məsələlər haqqında danışılmışdır. Eyni zamanda, San-Fransisko Gömrük Evinin ildönümü haqqında məlumat verilmiş və tədbir iştirakçılarına “Amerika Birləşmiş Ştatları Gömrük Evi San-Fransiskoda” adlı kitab təqdim olunmuşdur.

Azərbaycan nümayəndə heyəti ilə keçirilən növbəti iclasda isə “Bir ilin hekayəsi” filmi təqdim edilmiş və konfrans iştirakçılarına Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Gömrük Tarixi Muzeyinin filialı haqqında məlumat verilmişdir. Həmçinin “Gömrük muzeyinin xəzinəsi poçt markalarında” adlı marka toplusunun artıq hazır olduğu, DGK-nın Gömrük Tarixi Muzeyinin kolleksiyasına məxsus ən nadir sənət incilərinin bu markalarda əks olunduğu nəzərə çatdırılmışdır. Bundan başqa, DGK Gömrük Tarixi Muzeyinin filialının 2011-ci ildəki fəaliyyəti haqqında məlumatın GMBA-nın rəsmi internet saytında yerləşdirilməsi üçün material təqdim edilmişdir.

Nümayəndə heyətimizin Tallin səfəri barədə də qəzetimizə məlumat verən Q.Əliyev bildirmişdir ki, burada sentyabrın 24-dən 30-dək keçən səfər zamanı gömrükçülərimiz Estoniya Respublikası Vergi və Gömrük İdarəsinin şöbə müdiri Urmas Yarq və digər məsul şəxslərlə görüşmüşlər. Görüşdə nümayəndə heyətimiz Estoniyada gömrük brokerlərinin fəaliyyəti, eləcə də gömrük agentlikləri, elektron gömrük xidmətləri və informasiya sistemləri barədə ətraflı məlumatlandırılmış və yerli təcrübəni öyrənmişlər.

Qeyd olunmuşdur ki, Estoniyada elektron vergi və gömrük xidmətləri 2000-ci ildən tətbiq edilir; burada fiziki şəxslərə 40, hüquqi şəxslərə isə 76 növ elektron xidmətlər göstərilir. Estoniya Gömrük Xidməti bütün şəxslərlə məlumat mübadiləsində tam təhlükəsizliyə təminat verir və elektron xidmətlərdən istifadə etmək istəyənlərlə müvafiq qaydada müqavilə imzalanır. Fiziki şəxslər elektron xidmətlərdən müqavilə imzalandığı andan, hüquqi şəxslər isə onların adından çıxış edən səlahiyyətli şəxs vasitəsilə istifadə edə bilirlər.

Hazırda Estoniya Respublikası Vergi və Gömrük İdarəsinin müştərilərinin 95 faizi elektron xidmətlərdən yararlanır. Məsələn, fiziki şəxslərin gəlirləri barədə bəyannamələrin 92,4 faizi, əlavə dəyər vergisi üzrə bəyannamələrin 97,6 faizi, gömrük bəyannamələrinin isə 99,8 faizi elektron xidmət vasitəsilə təqdim olunur.

Estoniyada gömrük agentliklərinin fəaliyyətinə gəlincə, bildirilmişdir ki, ölkə Avropa İttifaqının üzvü olmadığı zamanlarda, daha doğrusu, 2004-cü ilin mayınadək burada “gömrük maklerləri” fəaliyyət göstərir və bu anlayış sözügedən fəaliyyət sahəsində yanlış təsəvvürlərə səbəb olurdu. Lakin 1 may 2004-cü il tarixindən sonra Estoniyada gömrük agentlikləri yaradılmış və bu fəaliyyət sahəsi Avropa İttifaqının standartları səviyyəsinə yüksəlmişdir. İndi Estoniyada gömrük agentlikləri istər fiziki, istərsə də hüquqi şəxslərlə müvafiq qaydada müqavilə imzalayaraq onlara gömrük rəsmiləşdirilməsi üzrə müxtəlif xidmətlər göstərirlər. Gömrük agentliklərinin fəaliyyəti həm Avropa, həm də yerli qanunvericiliklə tənzimlənir. Gömrük agenti statusunu almaq istəyən fiziki şəxslər bu məqsədlə imtahan verir, imtahanda onların nəzəri biliyi və praktiki vərdişləri öyrənilir. Hazırda Estoniyada 127 gömrük agentliyi fəaliyyətdədir. Eyni zamanda, Estoniya Ticarət-Sənaye Palatasının 3221 üzvündən 65-i gömrük agenti, 260-ı isə gömrük ekspertidir.