Müstəqilliyimizin əbədi və dönməz xarakter alması ümummilli lider Heydər Əliyevin səmərəli fəaliyyəti, qətiyyəti və əzmkarlığı sayəsində mümkün olmuşdur
11-Oktyabr-2011 1465

Oktyabrın 11-də Dövlət Gömrük Komitəsində Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü münasibətilə bayram tədbiri keçirilmişdir.

Tədbirdə giriş sözü ilə çıxış edən Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev vurğulamışdır ki, dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünü qeyd etməyə hazırlaşan Azərbaycan Respublikası ötən müddətdə regionun aparıcı dövlətinə çevrilmiş, beynəlxalq aləmdə iqtisadi və siyasi maraqlarını əzmlə qorumuşdur. Lakin yaxın tarixi keçmişə nəzər saldıqda bütün sahələrdə əldə edilən yüksək nailiyyətlərin heç də asan başa gəlmədiyinin şahidi olmaq mümkündür. XX əsrin sonlarında sosializm sisteminin dağılması dünyanın siyasi mənzərəsində ciddi dəyişikliklərə səbəb oldu. Artıq yaxın onilliklər ərzində dünyanın siyasi xəritəsində yeni yarana biləcək müstəqil dövlətlərin meydana çıxacağı labüd idi. Baş verən proseslərdən Azərbaycan da kənarda qalmadı və həmin proseslərin fəal iştirakçısına çevrilirdi. 1991-ci il oktyabrın 18-də Azərbaycan SSR Ali Soveti “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya aktı”nı qəbul etdi. Bununla da Azərbaycan XX əsrdə ikinci dəfə öz müstəqilliyinə qovuşdu və dövlət müstəqilliyi yenidən bərpa olundu.

A.Əliyev qeyd etmişdir ki, “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya aktı”nı qəbul etməklə iş bitmirdi. Müstəqilliyin qorunub saxlanması daha  çətin və mürəkkəb bir proses idi. Azərbaycan dövlət müstəqilliyi əldə etdikdən sonra dəyişən tarixi şərait yeni xarici siyasət kursu, yeni iqtisadi doktrina və iqtisadi münasibətlərə keçid prinsiplərinin işlənib-hazırlanmasını, daxildə milli birlik və həmrəyliyin yaradılmasını tələb edirdi. Lakin müstəqilliyin ilk illərində ölkəni idarə edənlər bu mürəkkəb vəzifənin öhdəsindən gələ bilmirdi. Ölkədə yaranmış qeyri-sabit vəziyyət, vətəndaş qarşıdurmasının qarşısını isə yalnız bir nəfər - Heydər Əliyev ala bilərdi. O zaman bu, ümumilikdə, Azərbaycan cəmiyyətinin istəyi və tələbi idi. Beləcə, Heydər Əliyev ölkə rəhbərliyinə ikinci dəfə hakimiyyətə qayıtmaqla ictimai-siyasi sabitliyi bərqərar etməyə nail oldu. Ulu öndər Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsini, xalqın birliyinin təmin olunmasını, ictimai-siyasi sabitlik və iqtisadi dirçəliş üçün zəmin yaradılmasını özünün dövlətçilik strategiyasının prioriteti kimi müəyyənləşdirdi.

Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra dövlət quruculuğu sahəsində təxirəsalınmaz vəzifələrdən biri də ölkənin iqtisadi maraqlarının və mənafelərinin qorunması, səmərəli xarici-iqtisadi fəaliyyət və idxal-ixrac əməliyyatlarına dövlət nəzarət sisteminin yaradılması, sərhədlərin iqtisadi təhlükəsizliyinin təmin edilməsi idi. Qısa zaman kəsiyində ölkənin milli gömrük xidmətinin yaradılması və formalaşdırılması bütün kəskinliyi ilə qarşıda dururdu. Həmin illərdə Dövlət Gömrük Komitəsi yaradılsa da, lakin mürəkkəb ictimai-siyasi vəziyyət gömrük orqanlarının formalaşmasına imkan vermədi. Yalnız xalqımızın ümummilli lideri Heydər Əliyevin qətiyyəti sayəsində bütün sahələrdə olduğu kimi, gömrük sistemində də islahatlar aparılmış, Dövlət Gömrük Komitəsinin fəaliyyətində ciddi dönüş yaranmışdır.

“Bu gün fəxrlə deyə bilərik ki, ölkəmizin müstəqilliyinin möhkəmləndirilməsi, onun əbədi, dönməz xarakter alması, respublikamızın dinamik inkişaf yolu ilə inamla irəliləməsi və beynəlxalq nüfuzunun sürətlə artması Heydər Əliyevin səmərəli fəaliyyəti, qətiyyəti və əzmkarlığı sayəsində mümkün olmuşdur” - deyən DGK sədri çıxışının sonunda onu da vurğulamışdır ki, bu gün isə bu missiyanı Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, Prezident İlham Əliyev uğurla davam etdirir.  Ötən illərdə dünya siyasətinə əsaslı təsir imkanları olan dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlıq genişləndirilmiş, inkişaf etdirilmiş, beynəlxalq təşkilatlarda Azərbaycanın mövqeləri gücləndirilmişdir. Azərbaycan müstəqil dövlət olaraq xarici siyasət strategiyasını özünün iqtisadi gücündən və resurslarından, dünya siyasətindəki yerindən asılı olaraq milli məqsədlər üzərində qurur. Azərbaycan regionda sülh, sabitlik və iqtisadi tərəqqiyə xidmət edən qlobal layihələrin əsas təşəbbüskarı qismində çıxış edir.

Sonra tədbirdə Azərbaycan Milli Elmlər Akademiyası A.Bakıxanov adına Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, akademiyanın müxbir üzvü Yaqub Mahmudovun Azərbaycanın dövlətçilik tarixinə dair məruzəsi dinlənilmişdir. Xalqımızın beş min illik qədim və zəngin dövlətçilik tarixindən danışan alim bildirmişdir ki, Azərbaycan xalqı XX yüzilliyin əvvəllərində özünün qədim dövlətçilik ənənələrini yenidən dirçəltmiş, 1918-ci il mayın 28-də müsəlman dünyasında ilk demokratik respublikanın təməl daşını qoymuşdur. Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının XX əsrdə xalqımızın həyatında mühüm tarixi hadisə olduğunu vurğulayan Y.Mahmudov bildirmişdir ki, AXC-nin yaranması mürəkkəb siyasi dövrdə cərəyan edən hadisələrin və Azərbaycan xalqının milli oyanışının məntiqi yekunu idi. Müsəlman Şərqində ilk parlament respublikası xalqımızın qədim dövlətçilik ənənələrini yaşadaraq, müasir dövrə xas dovlət təsisatlarının yaradılmasına nail olmuşdur.

Y.Mahmudov demişdir ki, cəmi 23 ay yaşamış AXC tarixinin hər bir səhifəsində ürəyimizi qürur hissi ilə dolduran hadisələr vardır. Onun öz dövlətçilik atributlarını qəbul etməsi, dövlət və hərbi quruculuq, iqtisadiyyat və mədəniyyət, təhsil və səhiyyə sahələrində atdığı addımlar xalqımız üçün böyük əhəmiyyət kəsb etmişdir. Təəssüf ki, ötən əsrin əvvəllərində Rusiyada çar üsul-idarəsinin ləğvi, Birinci Dünya müharibəsinin fəsadları və bir sıra digər amillər Qafqazı ayrı-ayrı siyasi qüvvələrin qarşıdurma meydanına çevirmişdir. Belə bir vəziyyətdə parlamentin son iclasında bolşevik ultimatumunun qəbul edilməsi aprel süqutu ilə nəticələndi.

AXC-nin ölkəmizdə milli dövlətçilik tarixində xüsusi yer tutduğunu vurğulayan natiq bildirmişdir ki, AMEA-nın Tarix İnstitutu ilk Azərbaycan Demokratik Respublikasının tarixinin məhz azərbaycançılıq nöqteyi-nəzərindən öyrənilməsi, təhlil edilməsi, o zaman əldə olunan mütərəqqi təcrübənin yaşadılması, buraxılan səhvlərin təkrarlanmaması üçün fundamental elmi araşdırmalar və tədqiqatlar aparmış, bütün tarixi faktların ictimailəşdirilməsinə nail olunmuşdur. AXC-nin tarixinə dair sanballı əsərlər yazılmış, o cümlədən, Tarix İnstitutu əməkdaşlarının gərgin əməyinin bəhrəsi olan ikicildlik ensiklopediya nəşr edilmişdir.

Y.Mahmudov qeyd etmişdir ki, yalnız AXC-nin layiqli varisi olan Azərbaycan Respublikası müstəqillik ideyasını yaşatmışdır. Müasir Azərbaycan Respublikası 1991-ci ildə öz müstəqilliyini bərpa edərək Xalq Cümhuriyyətinin siyasi varisi kimi onun bayrağını, gerbini, himnini qəbul etmişdir. Müstəqilliyimizin bərpasının 20-ci ildönümünün ölkəmizin həyatında müstəsna əhəmiyyət daşıyan ictimai-siyasi hadisə olduğunu vurğulayan Y.Mahmudov ötən dövrdə Azərbaycan Respublikasının keçdiyi zəngin inkişaf yolunda qazandığı parlaq nailiyyətləri Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasətin nəticəsi kimi qiymətləndirərək demişdir ki, ötən illər ərzində Azərbaycan çox mühüm uğurlara imza atmış, beynəlxalq təşkilatların tamhüquqlu üzvünə çevrilmişdir.  

Ölkəmizdə həyata keçirilən uğurlu inkişaf strategiyasından danışan Y.Mahmudov müstəqilliyimizin qorunub saxlanmasında və möhkəmləndirilməsində, dövlət müstəqilliyimizin əbədi və dönməz xarakter almasında ümummilli lider Heydər Əliyevin misilsiz xidmətlərini yüksək qiymətləndirmişdir. Y.Mahmudov demişdir ki, bu illər ərzində Azərbaycanda bütün istiqamətlərdə quruculuq prosesi uğurla həyata keçirilmiş, dövlətçilik ənənələri zənginləşdirilmişdir. Hazırda dövlət başçısı İlham Əliyev ulu öndərin müəyyənləşdirdiyi siyasi kursu layiqincə davam etdirir, ölkəmizin dünyanın lider dövlətlərindən biri olması üçün yorulmadan çalışır.

Bu gün Azərbaycan dövlətçiliyinin daha da gücləndirilməsində gömrük orqanlarının da xüsusi əməyi olduğunu vurğulayan Y.Mahmudov qeyd etmişdir ki, Dövlət Gömrük Komitəsi nəinki ölkənin iqtisadi təhlükəsizliyinin keşiyində durur, eləcə də öz fəaliyyəti çərçivəsində Azərbaycanın tarixi-mədəni nailiyyətlərini dünya miqyasında təbliğ edir. Komitə bir sıra ölkələrdə sərgilər təşkil edir, bu sərgilərdə Azərbaycan gömrüyünün tarixini özündə əks etdirən müasir rəsm əsərləri, respublikamızın gömrük orqanları tərəfindən müxtəlif vaxtlarda saxlanılan, milli-mənəvi dəyər kəsb edən əşyalar nümayiş olunur. Eləcə də Azərbaycan gömrük tarixinin öyrənilməsi nəticəsində ölkəmizdə bu mühüm sahədə də dövlətçilik ənənələrinin nə qədər qədim və zəngin olduğu təbliğ edilir. Y.Mahmudov rəhbərlik etdiyi Tarix İnstitutunun Dövlət Gömrük Komitəsi ilə bu istiqamətdə çox səmərəli əməkdaşlıq etdiyini, bu əməkdaşlığın ümumi işə böyük fayda verdiyini və sözügedən sahədə birgə fəaliyyətin gələcəkdə də davam etdiriləcəyinə əminliyini söyləmiş, yaradılan imkana görə Komitənin rəhbərliyinə minnətdarlığını bildirmişdir.

Sonda Y.Mahmudov Tarix İnstitutunun Azərbaycan dövlətçiliyinin tarixinə dair son illərdə və yenicə nəşr etdirdiyi bir sıra kitabları DGK rəhbərliyinə təqdim etmişdir.

Öz növbəsində, maraqlı məruzə və nəşrlərə görə minnətdarlığını bildirən DGK sədri A.Əliyev vurğulamışdır ki, Dövlət Gömrük Komitəsinin rəhbərliyi və onun çoxsaylı kollektivi bundan sonra da dövlətçilik ənənələrinin qorunub saxlanılması, müstəqil Azərbaycanın qüdrətinin daha da artırılması və xalqımızın firavan gələcəyinin təmin edilməsi uğrunda aparılan mübarizədə yaxından iştirak edəcək, qarşıya qoyulan təxirəsalınmaz vəzifələrin müvəffəqiyyətlə yerinə yetirilməsi üçün bütün qüvvə və bacarığını əsirgəməyəcəkdir.