Azərbaycan və Ukrayna gömrük xidmətləri arasında tədbirlər planı imzalanmışdır
14-Oktyabr-2011 606

Oktyabrın 12-14 tarixlərində Ukrayna Dövlət Gömrük Xidmətinin sədri İqor Kaletnikin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdə olmuşdur.

Oktyabrın 13-də Ukrayna Dövlət Gömrük Xidmətinin sədri İqor Kaletnikin rəhbərlik etdiyi nümayəndə heyəti Fəxri xiyabana gələrək Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin məzarı önünə əklil qoymuş, eləcə də görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsini anmış, məzarı üzərinə gül dəstələri düzmüşlər. Sonra qonaqlar Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən övladlarının məzarlarını ziyarət etmiş, “Əbədi məşəl” abidə kompleksi önünə əklil qoymuşlar.  

Həmin gün Ukrayna Dövlət Gömrük Xidmətinin sədri İqor Kaletnikin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin rəhbərliyi ilə görüşü keçirilmişdir.

Qonaqları səmimiyyətlə salamlayan Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev iki ölkə arasında mövcud əlaqələrdən söhbət açmış və qeyd etmişdir ki, Azərbaycan-Ukrayna əlaqələrinin perspektivi böyükdür. DGK sədri Azərbaycanla Ukrayna arasında əlaqələrin müxtəlif sahələrdə, o cümlədən, gömrük işi sahəsində genişləndirilməsi üçün böyük potensialın olduğunu və bu imkandan maksimum yararlanmağın vacibliyini vurğulamışdır. A.Əliyev iki ölkənin gömrük xidmətləri arasında əlaqələrə toxunaraq, bu ilin sentyabrında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi nümayəndə heyətinin Ukrayna Respublikasına səfərini xatırlatmış, bu səfərin sözügedən ölkənin Gömrük Xidmətinin fəaliyyətilə yaxından tanışlıq və əməkdaşlıq imkanlarını nəzərdən keçirmək üçün çox faydalı olduğunu bildirmişdir. DGK sədri öz növbəsində Ukrayna nümayəndə heyətinin səfəri ilə iki ölkənin gömrük xidmətləri arasında əlaqələrin yeni mərhələyə daxil olduğunu vurğulamış və buna görə Ukrayna tərəfinə minnətdarlığını bildirmişdir.

 Azərbaycan Gömrük Xidmətinin Ukrayna Dövlət Gömrük Xidməti ilə qarşılıqlı əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu nəzərə çatdıran DGK sədri A.Əliyev bu baxımdan tərəflər arasında imzalanacaq tədbirlər planının iki ölkənin gömrük xidmətləri arasında əlaqələrin inkişafına stimul verəcəyinə və tərəflərin inteqrasiyasını sürətləndirəcəyinə əmin olduğunu söyləmişdir.

Səmimi qəbula və qonaqpərvərliyə görə Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevə təşəkkür edən Ukrayna Dövlət Gömrük Xidmətinin sədri İqor Kaletnik Azərbaycana səfər etməkdən məmnunluğunu və burada az müddətdə böyük təəssüratlar əldə etdiyini söyləyərək, həqiqətən ölkədə iqtisadi tərəqqinin şahidi olduğunu bildirmişdir. Ukrayna və Azərbaycanı ümumi maraqların birləşdirdiyini diqqətə çatdıran qonaq iki dost ölkə arasında bütün sahələrdə, o cümlədən, gömrük sahəsində əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulamışdır. Bu əməkdaşlığa çox böyük önəm verdiyini bildirən İ.Kaletnik iki ölkə arasındakı münasibətlərin hazırkı durumundan, bu sahədə perspektivlərdən söhbət açmış, eləcə də Azərbaycan və Ukrayna gömrük xidmətləri arasında əməkdaşlığın dərinləşdirilməsi üçün qarşılıqlı fəaliyyətin, təcrübə mübadiləsinin əhəmiyyətini önə çəkmişdir. Qonaq qeyd etmişdir ki, ölkələr arasında əməkdaşlığın, o cümlədən, iqtisadi-ticari münasibətlərin inkişaf etdirilməsində gömrük xidmətlərinin xüsusi yeri var və gömrük sistemi bu sahədə körpü rolunu oynayır.

Qarşılıqlı səfərlərin mövcud əlaqələrə yeni impuls verdiyini vurğulayan İ.Kaletnik Azərbaycan Gömrük Xidmətilə əməkdaşlıqdan razılığını və qarşılıqlı əlaqələrin bundan sonra da davam etdiriləcəyinə əminliyini ifadə etmişdir.

Görüşdə, eyni zamanda, qarşılıqlı maraq doğuran bəzi məsələlər ətrafında fikir mübadiləsi aparılmış, eləcə də qaçaqmalçılığa qarşı mübarizə, kadr potensialının gücləndirilməsi, informasiya texnologiyalarının tətbiqi, əməliyyat-axtarış fəaliyyəti, “bir pəncərə” prinsipinin tətbiqi sahəsində birgə əməkdaşlığın gələcək perspektivləri müzakirə olunmuşdur.

Görüşdən sonra “Azərbaycan Respublikası və Ukrayna gömrük orqanları arasında 2012-2013-cü illərdə əməkdaşlığın səmərəliliyinin yüksəldilməsinə yönəlmiş Tədbirlər Planı” imzalanmışdır. Sənədi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev və Ukrayna Dövlət Gömrük Xidmətinin sədri İqor Kaletnik imzalamışlar.

Daha sonra qonaqlar Dövlət Gömrük Komitəsində DGK Əməliyyat Mərkəzinə baxış keçirmişlər. Bildirilmişdir ki, BMT İnkişaf Proqramının Azərbaycan Gömrük Xidmətinin təkmilləşdirilməsi layihəsi üzrə yaradılan Əməliyyat Mərkəzinin məqsədi ölkənin gömrük-buraxılış məntəqələrində, eləcə də daxili gömrük orqanlarında, hava limanında və dəmir yolunda həyata keçirilən gömrük prosedurlarını vahid mərkəzdən müşahidə etməkdir. Bu görüntülər yerlərdə quraşdırılan 600-dək kamera vasitəsilə birbaşa Əməliyyat Mərkəzinə ötürülür və buradakı 20 monitorla izlənilir.

    Ukrayna Dövlət Gömrük Xidmətinin sədri İqor Kaletnik Əməliyyat Mərkəzinin işə ilə tanışlıqdan məmnunluğunu bildirərək, onun üstün imkanlarını yüksək dəyərləndirmişdir.

        Ukrayna Dövlət Gömrük Xidmətinin sədri İqor Kaletnikin rəhbərlik etdiyi nümayəndə heyəti Dövlət Gömrük Komitəsinin Mərkəzi Hospitalında da olmuş,  qonaqlara Mərkəzi Hospitalın üstün imkanları barədə ətraflı məlumat verilmiş, ən müasir tibbi ləvazimatlarla təchiz olunan bu səhiyyə ocağında xəstələrin müayinə və müalicəsi üçün hər cür şəraitin yaradıldığı vurğulanmışdır.

   Qonaqlar, həmçinin görkəmli Ukrayna şairi Taras Şevçenkonun Bakının Azadlıq prospektində ucaldılmış abidəsini də ziyarət etmiş, önünə əklil qoymuşlar.

    Ukraynalı qonaqlar Bakı şəhərində inşa edilmiş ÜGT-nin potensialın gücləndirilməsi üzrə regional ofisinə də baş çəkmiş, yüksək zövqlə tikilmiş bina ilə yaxından tanış olmuş, bu günlərdə rəsmi açılışı gerçəkləşdiriləcək ofisin üstün imkanlarından, texniki təchizatından razılıqlarını bildirmişlər.

Oktyabrın 14-də isə Ukrayna Dövlət Gömrük Xidmətinin sədri İqor Kaletnikin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Əyyubovla, həmçinin Milli Məclisin aqrar siyasət komitəsinin sədri, Azərbaycan-Ukrayna parlamentlərarası komissiyasının həmsədri Eldar İbrahimovla görüş keçirmişlər.