Müstəqil ölkəmiz iqtisadi inkişaf tempinə görə regionda lider dövlətə çevrilmişdir
11-Oktyabr-2011 1042

    Oktyabrın 11-də Sumqayıt Baş Gömrük İdarəsində Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir. Öncə Sumqayıt Baş Gömrük İdarəsinin əməkdaşları xalqımızın ümummilli lideri Heydər Əliyevin Sumqayıt şəhərinin mərkəzində ucaldılmış  abidəsini ziyarət edərək önünə tər çiçəklər düzmüşlər.

     Sonra Sumqayıt Baş Gömrük İdarəsinin akt zalında keçirilən tədbiri idarənin rəisi, gömrük xidməti general-mayoru Ehtiram Xəlilov açaraq bildirdi ki, 1991-ci il oktyabrın 18-də Azərbaycan SSR Ali Soveti “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya aktı”nı qəbul etdi. Bununla da Azərbaycan XX əsrdə ikinci dəfə öz müstəqilliyinə qovuşdu və dövlət müstəqilliyi yenidən bərpa olundu. E. Xəlilov müstəqilliyimizin bərpasının ilk illərində ölkəmizin bir çox problemlərlə üzləşdiyini qeyd etmiş, yalnız ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra respublikada sabitliyin yarandığını, siyasi və iqtisadi islahatlara başlandığını vurğulamışdır.

     XX əsrdə ikinci dəfə müstəqilliyini bərpa edən Azərbaycanda müstəqilliyin ilk illərində ölkənin ərazi bütövlüyünün qorunması, ictimai təhlükəsizliyin və sosial-iqtisadi rifahın təmin edilməsi ilə yanaşı, bazar iqtisadiyyatı sisteminin əsaslarının qurulması kimi mühüm vəzifələrin qarşıda dayandığını diqqətə çatdıran idarə rəisi bildirmişdir ki, ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra uzaqgörən siyasəti və gərgin fəaliyyəti nəticəsində bütün çətinliklərə baxmayaraq, ölkəmizin sosial-iqtisadi inkişafı və dünya təsərrüfat sisteminə inteqrasiyası sahəsində böyük quruculuq işləri həyata keçirilmişdir. Ulu öndərin müəyyənləşdirdiyi strategiyanın layiqli davamçısı Prezident İlham Əliyevin uğurlu siyasəti sayəsində dövlət quruculuğunun yeni mərhələsi başlamış, iqtisadiyyatın müasirləşməsinə, qeyri-neft sektorunun inkişafına nail olunmuş, makroiqtisadi sabitlik qorunub saxlanılmış, regionların inkişafı sürətləndirilmişdir. Həyata keçirilən sosialyönümlü siyasət və layihələr nəticəsində əhalinin sosial rifahı xeyli yaxşılaşmışdır.

      E. Xəlilov daha sonra qeyd etmişdir ki, xalqımızın ümummilli lideri Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra dövlətin bütün strukturlarında geniş islahatlar aparıldı. O cümlədən respublikanın iqtisadi təhlükəsizliyinin keşiyində dayanan gömrük sistemində... Ümummilli lider Heydər Əliyevin gündəlik diqqət və qayğısı nəticəsində 1995-ci ildən başlayaraq gömrük sistemi özünün hərtərəfli inkişafına başladı. Bu gün fəxrlə deyə bilərik ki, qısa zaman kəsiyində Azərbaycanda dünya standartlarına uyğun gömrük xidməti formalaşmışdır.

    Sonra tədbirdə Milli Məclisin deputatı, tarix elmləri doktoru, professor Musa Qasımlı  ölkəmizin son 20 ildə keçdiyi inkişaf yolundan danışmışdır. M. Qasımlı Müasir Azərbaycan dövlətçiliyinin qurulmasında və möhkəmləndirilməsində ulu öndər Heydər Əliyevin əvəzsiz xidmətlərinin olduğunu vurğulayaraq bildirmişdir ki, bu dahi şəxsiyyətin yenidən siyasi hakimiyyətə qayıdışından sonra həyata keçirdiyi məqsədyönlü tədbirlər nəticəsində ölkəmizdə vətəndaş müharibəsinin qarşısı alınmış, iqtisadiyyat ağır böhran vəziyyətindən çıxarılaraq inkişaf yoluna qədəm qoymuş, nizami ordu quruculuğunda, eləcə də respublika həyatının bütün sahələrində dinamik tərəqqi təmin edilmişdir.

      Millət vəkili qeyd etmişdir ki, ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi quruculuq siyasətini bu gün ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyev uğurla həyata keçirir. Dövlətimizin başçısının rəhbərliyi altında Azərbaycan siyasi, iqtisadi, sosial və hərbi sahələrdə sanballı nailiyyətlər əldə etmişdir. Hazırda dövlətimiz dünya birliyində özünə layiqli yer tutmuş, bölgədə geosiyasi mövqelərini möhkəmləndirərək beynəlxalq nüfuz qazanmış, ölkəmiz iqtisadi inkişaf tempinə görə regionda lider dövlətə çevrilmişdir.

     Sonda tədbirə yekun vuran Sumqayıt Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Ehtiram Xəlilov ən böyük nailiyyətimiz olan müstəqilliyin əbədi olaraq qorunub saxlanılması, müstəqil Azərbaycanın firavan gələcəyinin təmin edilməsi, qarşıya qoyulan təxirəsalınmaz vəzifələrin müvəffəqiyyətlə yerinə yetirilməsi üçün bundan sonra da bütün qüvvə və bacarıqlarını əsirgəməyəcəklərini bildirmişdir.