Müstəqilliyimiz ən böyük sərvətimizdir
12-Oktyabr-2011 702

Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü münasibətilə Dövlət Gömrük Komitəsi sistemində növbəti tədbir Hava Nəqliyyatında Baş Gömrük İdarəsində keçirilmişdir.

Tədbirdə çıxış edən DGK Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Sadiq Abduyev bildirmişdir ki, bu gün dövlət müstəqilliyimizin bərpasının 20-ci ildönümü həm ölkədə, həm də onun hüdudlarından kənarda - xaricdə yaşayan həmvətənlərimiz tərəfindən geniş şəkildə qeyd edilir. 1991-ci il oktyabrın 18-də Müstəqillik Aktının qəbul olunmasına baxmayaraq, xalqımız bu sevinci yalnız ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra yaşamağa başladı. Ölkəmizin demokratikləşməsi, beynəlxalq aləmdə nüfuzunun yüksəlməsi, iqtisadi qüdrətinin artırılması, daxili və xarici siyasətdə uğurların əldə edilməsi üçün ilk öncə müharibəni dayandırmaq, atəşkəs sazişinin imzalanması lazım idi və məhz atəşkəs sazişinin imzalanmasında da Heydər Əliyevin rolu böyük oldu. Həmin vaxtdan başlayaraq ölkəmiz mili dövlət quruculuğu, demokratik islahatlar və dövlət müstəqilliyinin daha da möhkəmləndirilməsi mərhələsinə qədəm qoydu. Bütün bunlar dünyanın inkişaf etmiş dövlətlərinin ölkəmizə inam və etimadının yaranmasına ciddi təsir göstərdi. Heydər Əliyevin yorulmaz və gərgin fəaliyyəti sayəsində Azərbaycan həqiqətləri qüdrətli dövlətlərin rəhbərləri, həmçinin nüfuzlu beynəlxalq qurumların nümayəndələrilə keçirilən görüşlərdə, yüksək tribunalardan qətiyyətlə bəyan edildi, dünya ölkələrilə bərabərhüquqlu siyasi-iqtisadi əlaqələr yaradıldı.

Ölkə iqtisadiyyatını dirçəltmək, Azərbaycanın əlaqələrini genişləndirmək və əhalinin həyat səviyyəsinin yüksəldilməsi istiqamətində bir-birinin ardınca həyata keçirilən tədbirlər öz bəhrəsini verirdi. Xarici investisiyaların Azərbaycana cəlb edilməsi sahəsində mühüm əhəmiyyətli müqavilə və sazişlərin imzalanması da müstəqilliyimizin möhkəmləndirilməsində xüsusi rol oynayırdı. 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi” Azərbaycan Respublikasının siyasi, iqtisadi və informasiya blokadası şəraitində olduğu bir vaxtda imzalandı. Dünyanın inkişaf etmiş dövlətlərini təmsil edən neft şirkətlərilə sözügedən müqavilənin imzalanması Azərbaycan üçün böyük əhəmiyyət kəsb edirdi. Bu müqavilə həm respublikanın daxilində sabitliyin bərqərar olunması, həm də xarici siyasətdə uğurların əldə edilməsində müstəsna rol oynadı.

S.Abduyev qeyd etmişdir ki, bu gün Azərbaycan dünyanın qabaqcıl dövlətləri sırasına qoşulmaqdadır. Təməlini ulu öndər Heydər Əliyevin qoyduğu daxili və xarici siyasətin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Azərbaycanın dünya birliyinə inteqrasiyasını daha da sürətləndirib. 20 il ərzində ölkə həyatının bütün sahələrində,  o cümlədən, iqtisadi təhlükəsizliyin təmin olunmasında mühüm rol oynayan gömrük xidmətində böyük uğurlar əldə edilmişdir. Belə ki, müstəqilliyin ilk illəri bütövlükdə ölkəmiz, o cümlədən, gömrük xidmətinin formalaşması üçün çətin bir dövr olmuşdur. Məhz Heydər Əliyevin həyata keçirdiyi siyasi kursa uyğun olaraq görülən işlər və tədbirlər nəticəsində müasir gömrük sistemi formalaşmış və ölkənin iqtisadi dayaqlarından birinə çevrilmişdir. Neft sektorunun inkişafı nəticəsində ölkəyə xarici investisiyaların qoyuluşunun artması da öz növbəsində müvafiq təyinatlı malların idxalının artmasına səbəb olmuş, bu da gömrük vergi və ödənişlərinin artmasına çox müsbət təsir göstərmişdir. Bundan əlavə, qeyri-neft sektorunun inkişafı, sahibkarlığın inkişafına mane olan halların aradan qaldırılması, xarici iqtisadi fəaliyyət iştirakçılarına sağlam rəqabət şəraitinin yaradılması nəticəsində ötən müddət ərzində bu fəaliyyət iştirakçılarının sayı əhəmiyyətli dərəcədə artmış və öz növbəsində, büdcə daxilolmalarının həcmi daha da çoxalmışdır.

DGK Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi deyilənləri ümumiləşdirərək vurğulamışdır ki, Azərbaycan 20 illik müstəqillik tarixi dövründə bir çox inkişaf etmiş dövlətlərin meyarlarına yaxınlaşaraq bu gün Cənubi Qafqazın ən sürətlə inkişaf edən və bütün sahələrdə modernləşən dövləti kimi tanınır. Azərbaycanın müstəqillik tarixinin ən mühüm uğuru isə respublikamızın heç bir dövlət və beynəlxalq təşkilatdan asılı olmayaraq müstəqil siyasət yeritməsi, mili maraq və mənafeyini müdafiə etməsidir. Ulu öndərimiz Heydər Əliyevin sözlərilə desək, müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi və əbədi olması isə daha da çətindir. Biz inanırıq ki, Prezident İlham Əliyevin qətiyyətli, düşünülmüş siyasəti, iradəsi, idarəçilik məharəti və ölkəmizin iqtisadi potensialı qarşıya qoyulmuş digər hədəflərə də nail olunmasını təmin edəcəkdir.

Tədbirin sonunda müstəqil Azərbaycanın 20 il ərzində bütün sahələrdə əldə etdiyi nailiyyətlərdən bəhs edən videomaterial izlənildi.