Şəhid Ülvi Hacıyev doğum günündə anılıb
15-Noyabr-2021 495
Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Dövlət Gömrük Komitəsinin əməkdaşı Ülvi Hacıyev doğum günündə anılıb.

Doğum günündə şəhidin II Fəxri xiyabandakı məzarı ziyarət olunub. Mərasimdə şəhidin ailə üzvləri, Dövlət Gömrük Komitəsinin rəhbərliyi, Ülvinin təhsil aldığı Suraxanı rayonu 141 saylı tam orta məktəbin kollektivi və şəhidin adını daşıyan Səbail rayonu 6 saylı tam orta məktəbin 4 c sinfinin şagirdləri iştirak ediblər.

Sonra şəhidin yaşadığı Sabunçu rayonu ərazində onun xatirəsinə ucaldılan bulağın açılışı olub. Mərasimdə rayon icra hakimiyyəti və digər qurumların nümayəndələri, məktəblilər, gömrük əməkdaşları iştirak ediblər.

Ülvi Hacıyev 1994-cü il noyabrın 13-də Bakı şəhərində doğulub. Orta təhsilini Suraxanı rayonu 141 saylı orta məktəbdə alıb. Azərbaycan İqtisad Universitetində bakalavr və magistr səviyyələrində ali təhsil aldıqdan sonra Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsində xidmətə başlayıb. Vətən müharibəsi başlananda könüllü cəbhəyə yollanıb. 2020-ci il oktyabrın 19-da Xocavənd istiqamətində gedən döyüşlərdə şəhid olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif olunub.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi