"Qlobal Konteyner Daşımalarına Nəzarət Proqramı" çərçivəsində təlim keçirilir
16-Noyabr-2021 336
Ümumdünya Gömrük Təşkilatının Bakı şəhərindəki Potensialın Gücləndirilməsi üzrə Regional ofisində "Qlobal Konteyner Daşımalarına Nəzarət Proqramı" çərçivəsində təlim başlayıb.

Təlim Birləşmiş Millətlər Təşkilatının Narkotiklər və Cinayətkarlığa qarşı Mübarizə İdarəsi və Ümumdünya Gömrük Təşkilatının birgə layihəsi olan "Qlobal Konteyner Daşımalarına Nəzarət Proqramı" çəçivəsində həyata keçirilir.

Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsi rəisinin birinci müavini, gömrük xidməti general-mayoru Güloğlan Muradlı gömrük orqanlarının qarşısında qoyulan əsas hədəflərdən, son illər Azərbaycanda qaçaqmalçılığa qarşı mübarizə sahəsində əldə edilən nailiyyətlərdən, bu vəzifələrin yerinə yetirilməsi üçün Komitə tərəfindən daim qabaqcıl texnologiyaların tətbiq edildiyindən söhbət açıb.

Güloğlan Muradlı təlimin əhəmiyyətindən də danışıb, mövzunun liman nəzarət qruplarının əməkdaşları üçün analiz və düzgün qiymətləndirilməsi baxımından önəmli olduğunu diqqətə çatdırıb. Təşkilatçılığa görə "Qlobal Konteyner Daşımalarına Nəzarət Proqramı"nın Qara Dəniz və Qafqaz zonası üzrə nümayəndələrinə təşəkkür edən Baş İdarə rəisinin birinci müavini tədbiri səmərəli əməkdaşlığın bariz nümunəsi kimi qiymətləndirib.

ÜGT-nin Bakı şəhərindəki Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisinin nümayəndəsi Hacı Hacıyev çıxış edərək təmsil etdiyi təşkilatın ofisində təlimin canlı olaraq keçirilməsinin vacibliyindən söz açıb, cinayət xarakterli məlumatlarla bağlı müzakirələrin aparılmasını faydalı hesab edərək, gömrükçülərə uğurlar arzulayıb.

Daha sonra cinayət xarakterli məlumatlar üzrə mütəxəssis Miroslav Prljevic çıxış edərək müzakirə olunacaq mövzularla bağlı məlumat verib və təlim iştirakçılarına uğurlar diləyib.

Noyabrın 19-dək davam edəcək təlimdə analitik araşdırma metodları, cinayət xarakterli məlumatların araşdırılması, əməliyyat məlumatlarının təhlili, operativ təhlil, müxtəlif texnikalar barədə məlumatlar veriləcək. İnteraktiv keçəcək təlim zamanı iştirakçılara müxətlif materiallar paylanılacaq, onlar qruplara bölünməklə yeni bilik və bacarıqlar əldə edəcəklər.

Xatırladaq ki, 2011-ci ildən Azərbaycanın qoşulduğu "Qlobal Konteyner Daşımalarına Nəzarət Proqramı" çərçivəsində bügünədək çoxsaylı təlimlər təşkil edilib, sözügedən mövzularda təlimlər dünyanın müxtəlif ölkələrində təşkil edilir.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi