Ağaəli İbrahimov: "Gömrük mövzusunda rəsm əsərlərinin meydana çıxması Azərbaycanın dövlət müstəqilliyinin mədəni həyatımıza bir töhfəsidir"
12-Aprel-2013 408

Görkəmli rəssam Ağaəli İbrahimovla görüşümüz maraqlı bir vaxta təsadüf etdi. Bu günlərdə o, üzərində xeyli əmək sərf etdiyi möhtəşəm bir əsərini başa vurub. Azərbaycanlıların soyqırımından bəhs edən bu tablonun Quba kütləvi soyqırımı məzarlığındakı muzeydə yerləşdirilməsi və ictimaiyyətə təqdim edilməsi nəzərdə tutulub.

A.İbrahimovla görüşümüz isə təsadüfi deyildi; onun ölkəmizdə mədəni-tarixi sərvətlərin qorunması sahəsində Azərbaycan Gömrük Xidmətinin fəaliyyəti barədə fikirlərini bizimlə bölüşməsini istəyirdik. Öncədən bildirək ki, ustad sənətkarımız milli-mənəvi dəyərlərin təbliği sahəsində Dövlət Gömrük Komitəsinin həyata keçirdiyi tədbirlərin ən fəal təşkilatçısı və iştirakçılarından, eləcə də təsviri sənətdə gömrük mövzusunda işlənən çox dəyərli əsərlərin müəlliflərindən biridir.

Onu da əlavə edək ki, Ağaəli müəllim öz şəxsi kolleksiyasından bir neçə qədim incəsənət əsərini də Dövlət Gömrük Komitəsinin Gömrük Tarixi Muzeyinə bağışlayıb.

Beləliklə, müsahibimiz - xalq rəssamı, Azərbaycan Rəssamlar İttifaqının katibi, professor Ağaəli İbrahimovdur.

-Ağaəli müəllim, siz Azərbaycan təsviri sənətinin tarixində ilk dəfə gömrük mövzusuna müraciət etmiş rəssamlardansınız. Gömrük işi və təsviri sənət... Ümumiyyətlə, bədii yaradıcılıqda gömrük mövzusu nə dərəcədə maraqlıdır və şəxsən sizin üçün bu mövzuya müraciət təsadüf idimi?

- Məni dünyada baş verən müharibələr həm vətəndaş, həm də sənətçi kimi həmişə narahat edir. Müharibələrin xalqlara vurduğu ən böyük zərbələrdən biri də onların tarixi-mədəni sərvətlərinin məhv edilməsi, ya da xaos, qarışıqlıq nəticəsində bu sərvətlərin talan edilməsi, oğurlanmasıdır. Məsələn, İraq hadisələri zamanı bu qədim ölkənin Milli Muzeyindən dünya əhəmiyyətli maddi mədəniyyət nümunələrinin oğurlanması adamı çox sarsıtdı. Bu, həm də ölkənin tarixinə, mədəniyyətinə qarşı müharibədir. Bu ağrıları biz də öz ölkəmizdə, Qarabağ müharibəsində yaşamışıq. Bundan başqa, Azərbaycan dünyanın həssas bir bölgəsində yerləşdiyi üçün, mühüm tranzit ölkə olduğu üçün buradan qaçaqmalçılıq yolu ilə tarixi əhəmiyyətli maddi mədəniyyət nümunələrinin başqa ölkələrə daşınmasına cəhdlər edilir. Amma bu cür halların qarşısının Azərbaycan gömrükçüləri tərəfindən alınması, üstəlik, müsadirə olunan həmin mədəniyyət nümunələrinin sonradan muzeylərə və digər aidiyyəti təşkilatlara əvəzsiz olaraq verilməsi məni çox duyğulandırır. Ümumiyyətlə, unutmamalıyıq ki, hər hansı ölkədən qaçaqmalçılıq yolu ilə xaricə çıxarılan mədəni-tarixi sərvətlərin sonradan geri qaytarılması çox mürəkkəb bir prosesdir. Təəssüf ki, bu gün bizim xalqımıza məxsus maddi mədəniyyət nümunələrini də qaçaqmalçılıq yolu ilə xaricə çıxarıb, onları satıb qazanc əldə etmək istəyənlər var. Hansı ki, sonra bu sərvətləri geri almaq üçün dəfələrlə artıq məbləğdə pul ödəmək lazım gəlir... Baxın, bütün bunlar məndə tədricən gömrük işinə, Azərbaycanın sərvəti olan maddi mədəniyyət nümunələrini qoruyub, onları xalqa qaytaran gömrükçülərin fədakar fəaliyyətinə maraq oyatdı.

Gömrük işi adi bir fəaliyyət deyil, bu sahə Azərbaycan tarixinin bir bölümüdür. Burada həm iqtisadi, həm də siyasi əhəmiyyətli hadisələr yaşanır. Bu baxımdan, gömrükçülərin fəaliyyəti rəssam üçün mövzu verir. Bu mövzuda işləyən rəssam həmin tarixi anları kətan üzərinə köçürür, onları təsviri sənət vasitəsilə yaddaşlara həkk etdirir. Mən Dövlət Gömrük Komitəsinin rəhbərliyinə minnətdaram ki, mənə və həmkarlarıma gömrük mövzusunda işləməyi təklif etmiş və buna şərait yaratmışdır. Eyni zamanda, Komitənin əməkdaşları Qambay Əliyev və Ramiz Ağayevə təşəkkür edirəm ki, onlar rəssamlarımıza lazımi materiallarla, gömrük xidmətinin xüsusiyyətlərilə tanışlıqda və süjetlərin hazırlanmasında yaxından kömək göstərmişlər. Biz gömrük işi ilə təkcə fotolar, arxiv sənədləri vasitəsilə yox, həm də bilavasitə yerlərdə vəziyyətlə əyani şəkildə tanış olaraq rəsmlərimizi işləmişik... 2007-ci ildə Dövlət Gömrük Komitəsinin 15 illik yubileyi münasibətilə bu rəsmlərdən ibarət möhtəşəm bir sərgi keçirildi. “Azərbaycan gömrüyünün tarixi təsviri sənətdə” adlı bu sərgi Gömrük Komitəsi və Rəssamlar İttifaqınin birgə təşkilatçılığı ilə baş tutdu. Bu, nəinki Azərbaycanda, hətta dünyada ilk belə sərgi oldu. Burada tanınmış rəssamlarımızın rəngkarlıq janrında muzey əhəmiyyətli əsərləri nümayiş etdirildi, sərgi əlamətdar hadisəyə çevrildi. Çünki belə bir sərgiyə ehtiyac var idi. Gömrüyün tarixi rəngkarlıq əsərlərində yaşamalı idi. Rəngkarlıq əsərlərinin ömrü sonsuzdur, deməli, Azərbaycan gömrüyünün tarixi də onlarla birlikdə əbədi yaşayacaqdır.

Onu da deyim ki, bu iş təkcə bir mədəniyyət hadisəsi deyil, onun siyasi əhəmiyyəti də var. Gömrük Komitəsi vaxtaşırı olaraq xarici ölkələrdə həmin rəsmlərdən, eləcə də müsadirə olunan tarixi əhəmiyyətli maddi mədəniyyət nümunələrindən ibarət sərgilər keçirir. Burada həm Azərbaycan gömrüyünün tarixi, həm də Azərbaycan həqiqətləri beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılır. Məsələn, müəllifi olduğum “Xidməti vəzifənin layiqincə yerinə yetirilməsi. Horadiz, 1993-cü il” əsərində həm gömrükçülərin xidməti vəzifələrini necə yerinə yetirmələri, həm də Qarabağ müharibəsinin qanlı-qadalı izləri öz ifadəsini tapıb. 1993-cü ildə Füzuli rayonunun Horadiz qəsəbəsinin ermənilər tərəfindən işğalı ərəfəsini göstərən tabloda od-alov bürümüş ərazidə gömrük işçisinin təmkin və soyuqqanlılıqla məxfi gömrük sənədlərini torpağa basdırması təsvir edilib. Bu rəsm mənim fantaziyam deyil, olmuş hadisə əsasında işlənib. Deməli, bu rəsm xaricdə nümayiş etdiriləndə, həm də diplomatik yolla tamaşaçıya Qarabağ mövzusunda məlumat verilir. Yaxud, belə sərgilərə Azərbaycan gömrükçülərinin müsadirə etdiyi Qarabağ xalçaları çıxarılırsa, onda da Qarabağ torpağının məhz bu möhtəşəm mədəniyyət abidələrini yaratmış xalqa məxsus olduğu dolayı yolla əcnəbilərin diqqətinə çatdırılır. Bundan başqa, Gömrük Komitəsi qaçaqmalçılardan müsadirə etdiyi maddi mədəniyyət nümunələri, eləcə də Azərbaycanın zəngin tarixi-mədəni irsinə dair kitablar, kataloqlar nəşr etdirir ki, bunlar da xaricdə keçirilən gömrük sərgilərində tamaşaçıların ixtiyarına verilir. 

- 20 il öncə gömrük mövzusunda əsərlər yaradacağınızı təsəvvür edirdinizmi?

- Xeyr. Gömrük mövzusunda rəsm əsərlərinin meydana çıxması, ilk növbədə Azərbaycanın dövlət müstəqilliyinin, dövlətçiliyinin mədəni həyatımıza bir töhfəsidir. Müstəqillik hər bir insan, o cümlədən, yaradıcı adam üçün çox vacib olan azadlığı gətirdi. Mən sovet dövründə də rəssam kimi fəaliyyət göstərmişəm. O zaman rəsmin həcmindən tutmuş mövzusunadək qadağalar var idi. İndi isə sənət adamı azaddır. İndi öz dövlətimiz var. Hər bir vətəndaş çalışdığı sahədə müstəqil dövlətimizin möhkəmləndirilməsinə xidmət göstərdiyi kimi, biz rəssamlar da öz fəaliyyətimizdə milli dövlətçiliyimizin təbliğ və təşviq edilməsi işində köməyimizi əsirgəmirik. Bu gün Heydər Əliyev Fondu dünyanın ən məşhur mərkəzlərində Azərbaycanı tanıdan sərgilər və digər mədəni tədbirlər keçirir. Biz rəssamlar da bu işə fəal qoşulur, xalqımızın zəngin mədəniyyətini, tarixini, dövlətçiliyini rəsmlər vasitəsilə beynəlxalq ictimaiyyətə təqdim edirik. Əlamətdar haldır ki, Dövlət Gömrük Komitəsi də ölkənin iqtisadi təhlükəsizliyinin keşiyində durmaqla yanaşı, bu ümumi işdə - milli-mənəvi dəyərləri qorumaq və onları təbliğ etmək sahəsində də uğurla fəaliyyət göstərir.

- Ümumiyyətlə, Azərbaycan gömrüyünün mədəni dəyərlərin qorunması və təbliğində rolunu necə qiymətləndirirsiniz?

- Təkcə, Gömrük Komitəsinin Gömrük Tarixi Muzeyinə baş çəkmək kifayətdir ki, Azərbaycan gömrüyünün mədəni dəyərlərin qorunması və təbliğindəki rolunun əhəmiyyətinin nə qədər böyük olduğunu görəsən. Hətta Bakıda gömrüklə bağlı keçirilən beynəlxalq toplantılarda Avropa və dünyanın başqa ölkələrindən gələn yüksək səviyyəli qonaqlar bu muzeyə heyranlıqla tamaşa edirlər. Burada qonaqlar özlərini gömrük təşkilatında yox, sanki mədəni bir ocaqda hiss edirlər. Hətta xarici ölkələrdən bəziləri Azərbaycan gömrüyünün bu sahədəki təcrübəsini öyrənir, götürürlər... Biz Azərbaycan gömrüyü ilə bağlı Vatikanda təşkil olunan bir tədbirdə Azərbaycanın tarixi, eləcə də gömrük xidməti haqqında film təqdim etmək istəyərkən, ev sahibləri vaxt məhdudiyyəti baxımından bu filmin 25 dəqiqəlik olmasını xahiş etmişdilər. Lakin sonda kardinallar və digər yüksək vəzifəli şəxslər tədbirdə 2 saat yarım ərzində qalaraq, getməyə tələsmədilər. Bütün bunlar Azərbaycan mədəniyyətinin ecazkarlığının, eyni zamanda, bu mədəniyyətin qorunması və təbliği işinin ustalıqla, peşəkarlıqla aparılmasının nəticəsidir.

- Bəs, mədəni dəyərlərin qorunması və təbliğində Dövlət Gömrük Komitəsilə Azərbaycan Rəssamlar İttifaqının əlaqələrinin əhəmiyyətini nədə görürsünüz?

- Gömrük Komitəsi ilə Rəssamlar İttifaqının birgə mədəni tədbirlər keçirməsi artıq ənənədir. Bunun əsası 2006-cı ildə “Narkomaniya və narkotik vasitələrin yayılmasına qarşı mübarizədə ümumdünya gömrük sisteminin rolu” mövzusunda plakat müsabiqə-sərgisi ilə qoyulub. Baxın, elə bu sərginin əhəmiyyəti ikiqat oldu: həm narkomaniyaya qarşı mübarizədə maarifləndirmə işi, həm də yaradıcı insanların fikir və duyğularının cəmiyyətə çatdırılması üçün imkan yaradıldı. Bundan başqa, o vaxtadək durğunluq içində olan plakat janrı elə bil canlandı, ona təkan verildi. Çünki, plakat janrı sifariş istəyir. Sərgi rəssamlara, xüsusilə, gənc istedadlara həm mənəvi, həm də maddi dəstək oldu. Bu iş sonra 2011-ci ildə “Narkomaniyaya yox deyək!” plakat və foto müsabiqəsinin sərgisilə davam etdirildi. Həmin il “Narkotiklərə yox!” devizi altında “Molla Nəsrəddin” məcmuəsinin 105 illiyinə həsr olunmuş “Molla Nəsrəddin-Azərbaycan” Beynəlxalq Karikatura Müsabiqəsinin sərgisi də keçirildi. Təsəvvür edin ki, bu sərgidə 60-dan çox ölkədən 307 rəssamın 670 əsəri nümayiş olundu. Bütün bunlar Gömrük Komitəsi və Rəssamlar İttifaqının, o cümlədən, aidiyyəti qurumların qarşılıqlı əməkdaşlığının bəhrəsidir. Bu əlaqələrin əhəmiyyətini sözlə ifadə etməyə çətinlik çəkirəm; indiyədək gömrük mövzusunda keçirilən sərgilərdə nümayiş olunan əsərlərə baxın, bunlar nəinki rəngkarlıq, plakat, foto, karikatura, həm də qrafika, heykəltəraşlıq və dekorativ-tətbiqi sənət nümunələri olub... Görün, bu iş nə qədər sahəni əhatə edir, mədəniyyətimizə töhfə verir. Şəxsən mənim üçün gömrük xidməti ilə işləmək, əməkdaşlıq etmək maraqlıdır. İnanın ki, hətta bəzi ideyalarım məhz Gömrük Komitəsinin keçirdiyi sərgilərdə meydana çıxır və belə sərgilərə enerjimi, vaxtımı sərf etdiyimə heyfslənmirəm.

Bir məsələni də xüsusi qeyd edim. İndiyədək Gömrük Komitəsinin Vatikan, Argentina, Belçika, Avstriya və başqa ölkələrdə keçirdiyi sərgilərdə iştirak etmişəm. Bəzən bu iş kənardan asan görünə bilər, ancaq Komitənin hansı problemlərlə üzləşdiyinə şahid olduğum üçün deyirəm ki, belə deyil... Bəzən həmin sərgilərdən Azərbaycan həqiqətlərini əks etdirən materialları çıxarmaq tələb olunur. Əlbəttə ki, erməni lobbisinin təzyiqləri nəticəsində; ancaq Azərbaycan tərəfi sonadək prinsipiallıq göstərir. Məsələn, 2011-ci ildə Argentinada maraqlı bir hadisə ilə üzləşdik. Bu ölkədə “Azərbaycan gömrüyü bəşəri dəyərlər prizmasından” adlı sərgi təşkil edilmişdi. Sərgidə Azərbaycan gömrüyünün tarixini əks etdirən rəsmlər, gömrükçülərimizin qaçaqmalçılardan tutduqları milli-mənəvi dəyərə malik əşyalar, eləcə də Şirvan, Qazax və xüsusilə də Qarabağın qədim xalçaları nümayiş etdirilirdi. Bundan başqa, Azərbaycanın qədim tarixi və bu günü, eləcə də gömrük xidməti haqqında filmlər təqdim olundu. Bilirsinizmi, nələr oldu? Argentinadakı erməni lobbisi Azərbaycanın səfirliyi qarşısında dağıdıcı bir tərzdə etiraz aksiyası keçirdi. Səbəb, sərgi zamanı Azərbaycan nümayəndə heyətinin ölkəmizlə bağlı həqiqətləri Argentinanın hökumət dairələrində, ictimai təşkilatlarında və həmin ölkənin mediasında səsləndirməsi idi... Görürsünüzmü, kənardan baxanda, gömrük mövzusunda keçirilən sərgi adi bir tədbir kimi qarşılana bilər, ancaq onun məzmunu tədbiri nəinki mədəni, hətta siyasi hadisəyə çevirir.

Xaricdə sərgi iştirakçıları bizdəkindən fərqli olaraq, sərgi ilə tanışlığa ilk öncə təşkilatçı tərəf haqqında ilkin məlumatı öyrənməklə başlayır. Bu, mütləqdir, yalnız bundan sonra sərgidə nümayiş olunan əsərlərə tamaşa edilir. Gömrük Komitəsilə birgə keçirdiyimiz sərgilərdə də belədir. Bu sərgilərdə Azərbaycan haqqında rəsmi materiallar, həmçinin ölkəmizdə həyata keçirilən dövlət proqramları haqqında məlumat lövhələri yerləşdirilir. Sərgiyə gələnlər də birinci bu materiallarla tanış olur, sonra mövzuya keçid alırlar. Gömrük sərgilərinə maraq o qədərdir ki, hətta xaricilər Azərbaycan gömrüyü mövzusunda işlənmiş əsərləri almaq istəyirlər. Bu rəsmlər təkcə müasir Azərbaycan gömrüyünü yox, ümumiyyətlə, 200 illik gömrük tariximizdən bəhs edir. Bayaq dediyim kimi, bu rəsmlər muzey əhəmiyyətlidir axı, onlar tarixi əsərlərdir. Bu işdə mühüm olan bir də budur ki, Azərbaycan gömrüyünün keçmişi ilk dəfədir rəsmlərdə əksini tapır. Vaxtilə ölkəmizə gələn əcnəbi rəssamların çəkdikləri rəsmlərdə ayrı-ayrı şəhərlərimizn ümumi görünüşü təsvir olunsa da, ancaq gömrük xidməti öz əksini tapmayıb. Odur ki, məsələn, XIX əsr Bakı gömrükxanası - dəniz limanında neftin özünəməxsus tərzdə daşınması, yüklərə baxış, yüklərin rəsmiləşdirilməsi, gömrük rüsumunun mallarla ödənilməsi və s. prosesin bədii əksini tapdığı tablolar xaricilər üçün görünüşcə nə qədər cazibədardırsa, mövzu baxımından da bir o qədər yenilikdir.

- Siz, gömrük mövzusunda 10-dək rəsm işləmisiniz. Bu rəsmlərin sərgiləndiyi Gömrük Tarixi Muzeyinə öz şəxsi kolleksiyanızdan bir neçə qədim incəsənət əsərini də hədiyyə etmisiniz...

 - Gömrük mövzusunda olan rəsmlərimin Gömrük Tarixi Muzeyinin ekspozisiyasını bəzəməsindən çox məmnunam. Bu əsərlər Azərbaycan gömrüyünün keçmişi və bu günündən bəhs edir, XIX əsr Bakısında gömrükçülərin dəniz limanındakı reydindən tutmuş hazırda Gömrük Komitəsinin Kinoloji Mərkəzindəki təlim prosesinədək gömrük işinin müxtəlif sahələrini əhatə edir. Lakin bununla yanaşı, həm də bir vətəndaş kimi Gömrük Komitəsinin milli-mənəvi dəyərləri təbliğ etməsi işinə dəstək vermək istədim. Odur ki, Gömrük Tarixi Muzeyinin ekspozisiyasının daha da zənginləşdirilməsinə töhfəm olaraq, öz şəxsi kolleksiyamdakı qədim incəsənət əsərlərindən bir neçəsini muzeyə hədiyyə etdim.

Mən bir daha Azərbaycan Gömrük Xidmətinə milli-mənəvi dəyərlərimizin qorunmasında, eyni zamanda, mədəniyyətimizə, incəsənətimizə göstərdiyi xidmətlərinə görə minnətdaram. Gömrük mövzusunda keçirilən hər sərgi Azərbaycanı fərqli bir rakursdan tanıtmaq istiqamətində bir addımdır. Bu sərgilərin davamlı olacağına, həm gömrükçülərə, həm də rəssamlarımıza daha böyük uğurlar gətirəcəyinə inanıram.

 

Müsahibəni qələmə aldı:

Elçin Məmmədov