Azərbaycan və Türkiyə gömrük xidmətləri arasında əməkdaşlığın gələcək perspektivləri müzakirə edilmişdir
25-Aprel-2008 1245


Azərbaycan və Türkiyə gömrük xidmətləri arasında əməkdaşlığın gələcək perspektivləri müzakirə edilmişdir Dekabrın 3-4 tarixlərində Türkiyənin Ankara şəhərində Azərbaycan və Türkiyə gömrük orqanları arasında qaçaqmalçılıq və gömrük hüquqpozmalarına qarşı mübarizə sahəsində əməkdaşlığa dair görüş keçirilmişdir. Türkiyə Respublikası Başbakanlıq Gömrük Müstəşarlığının müstəşar yardımçısı Arslan Günlerin təşəbbüsü ilə keçirilən görüşdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-leytenantı Əsgər Abdullayevin rəhbərliyi altında nümayəndə heyəti iştirak etmişdir. Qəzetimizin əməkdaşı ilə söhbətində Əsgər Abdullayev bildirmişdir ki, onun Türkiyə Respublikası Başbakanlıq Gömrük Müstəşarlığının müstəşar yardımçısı Arslan Günler ilə ikitərəfli görüşündə ölkələrimizin gömrük xidmətlərinin qaçaqmalçılıq və gömrük hüquqpozmaları ilə mübarizə sahəsində əməkdaşlığı ilə bağlı görülən işlər, perspektivlər və bu sahədə gələcək əlaqələr müzakirə edilmişdir. Görüşdə gömrük hüquqpozmalarına qarşı mübarizədə ikitərəfli əməkdaşlığın inkişafına istiqamətlənmiş aktual məsələlər araşdırılmış, Azərbaycan və Türkiyə gömrük xidmətlərinin hüquq-mühafizə sahəsində əməkdaşlığının inkişafı ilə bağlı təkliflər irəli sürülmüşdür. Həmçinin «2009-2010-cu illər üçün narkotik vasitələrin, psixotrop maddələrin, prekursorların, silah və sursatların qanunsuz dövriyyəsinə qarşı mübarizədə Azərbaycan Respublikası və Türkiyə Respublikası gömrük orqanlarının əməkdaşlığının və qarşılıqlı yardımın səmərəliliyinin yüksəldilməsinə istiqamətlənmiş təşkilati və təcrübi xarakterli tədbirlər Planı» müzakirə edilərək imzalanmışdır. Bu planda gömrük hüquqpozmalarına qarşı mübarizə üzrə Azərbaycan-Türkiyə birgə işçi qrupunun yaradılması, hüquq-mühafizə xarakterli məsələlərin həlli üçün mərkəzi aparatda və aidiyyəti ərazi orqanları səviyyəsində məsul əlaqələndirici şəxslərin siyahısının müəyyən edilməsi, Türkiyə-Azərbaycan sərhədindən avtomobil və hava yolu ilə keçirilən narkotik vasitələrin, psixotrop maddələrin, prekursorların, silah və sursatların qanunsuz dövriyyəsinin aşkar edilməsi, aradan qaldırılması və qarşısının alınmasına yönəlmiş tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Bununla yanaşı, sözügedən plana əsasən, saxta malların qanunsuz dövriyyəsinə qarşı tədbirlərin həyata keçirilməsi, Türkiyə və Azərbaycan gömrük orqanlarının kinoloji xidmətləri arasında qarşılıqlı olaraq təlim itləri və x-Ray aparatları ilə bağlı təcrübə mübadiləsi, gömrük xidmətlərinin əməliyyat idarələrinin əməkdaşları üçün təlimlərin keçirilməsi, illik tədris proqramlarının hazırlanması və qaçaqmalçılıq, narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi, həmçinin sərhədyanı ərazilərdə əməliyyat şəraiti (marşrut, gizlətmə üsulları və s.) haqda birgə təhlillərin aparılması barədə də tərəflər arasında razılıq əldə edilmişdir. Səfər zamanı Azərbaycan nümayəndə heyəti Türkiyə Respublikası Başbakanlıq Gömrük Müstəşarlığının Gömrük Mühafizə Baş Müdürlüyündə də olmuşdur. Burada idarənin fəaliyyəti, həmçinin regionda narkotik vasitələrin, psixotrop maddələrin, silahların və sursatların qanunsuz dövriyyəsinin artma hallarının müşahidə olunması qeyd edilmiş, 2008-ci il ərzində gömrük hüquqpozmalarına qarşı mübarizədə əldə edilmiş nailiyyətlər barədə məlumat verilmişdir. Bununla yanaşı, Gömrük Mühafizə Baş Müdürlüyünün əməkdaşları Türkiyə ərazisində gəmilərə gömrük nəzarətinin təmin olunması üçün tətbiq edilən «Gömrük keçid məntəqələrinin mühafizəsi sistemi» layihəsi barədə də ətraflı bilgi vermiş və bu sistem vasitəsilə dəniz limanına yan alan hər bir gəmiyə 24 saat ərzində gömrük nəzarətini həyata keçirməyin mümkün olduğunu bildirmişlər.