Azərbaycan ilə Avropa Komissiyası arasında əməkdaşlıq əlaqələri inkişaf edir
08-Avqust-2009 927
Azərbaycan ilə Avropa Komissiyası arasında əməkdaşlıq əlaqələri inkişaf edir
Avqustun 6-da Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev Avropa Komissiyasının Azərbaycandakı xüsusi elçisi Allan Vaddamsı qəbul etmişdir.
Qonağı səmimiyyətlə salamlayan Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev əsası xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulan və bu gün möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilən sosial-iqtisadi inkişaf strategiyası nəticəsində respublikamızın regionda lider dövlətə çevrildiyini məmnunluqla xatırlatmış, hər bir sahədə, o cümlədən gömrük sferasında əldə olunan nailiyyətlərdən razılıqla söhbət açmışdır.
İstər fiskal funksiyanın yerinə yetirilməsində, gömrük nəzarətinin təşkilində, istərsə də qaçaqmalçılıq və gömrük hüquqpozmalarına qarşı mübarizədə müstəqil Azərbaycanın gömrük orqanlarının rolundan danışan A.Əliyev Avroatlantik strukturlarına inteqrasiya edən Azərbaycanın Avropa Komissiyası ilə əlaqələrindən də bəhs etmiş, xüsusilə qanunvericilik bazasının möhkəmləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən söhbət açmış və bildirmişdir ki, Avropa İttifaqının və BMT İnkişaf Proqramının dəstəyilə "Azərbaycan Respublikasında Gömrük Xidmətinin Təkmilləşdirilməsi" layihəsi çərçivəsində Azərbaycan Respublikasının yeni Gömrük Məcəlləsinin layihəsi hazırlanmış və hökumətə təqdim olunmuşdur. Komitə sədri, eyni zamanda qeyd etmişdir ki, bu yaxınlarda Norveç Krallığının Bergen şəhərində təşkil olunan ÜGT Avropa Regionu Gömrük Xidməti Rəhbərlərinin Konfransında potensialın gücləndirilməsi üzrə regional ofisin Azərbaycanda açılması ilə bağlı verilən təklif iyun ayında Belçika Krallığının Brüssel şəhərində gerçəkləşən ÜGT Gömrük Əməkdaşlıq Şurasının sessiyasında dəstəklənmiş və Avropa üzrə yeganə regional ofisin Azərbaycanda, Bakı şəhərində təsis edilməsi qərara alınmışdır.
Ümumiyyətlə, Azərbaycan ilə Avropa Komissiyası arasında əməkdaşlığın yüksək səviyyədə olduğunu bildirən Komitə sədri münasibətlərin daha da dərinləşməsi istiqamətində həyata keçirilən tədbirlərin davamlı olacağına əminliyini ifadə etmişdir.
Səmimi qəbula görə DGK sədri Aydın Əliyevə təşəkkür edən Avropa Komissiyasının Azərbaycandakı xüsusi elçisi Allan Vaddams artıq diplomatik fəaliyyətinin başa çatdığını, Azərbaycanda işləməkdən xeyli məmnun olduğunu, ölkəmizdən xoş təəssüratlarla ayrıldığını diqqətə çatdırmışdır. Hərtərəfli inkişaf edən Azərbaycanda bütün sahələrdə, o cümlədən gömrük sferasında da əsl tərəqqinin şahidi olduğunu bildirən qonaq Azərbaycan Gömrük Xidmətinin Avropa Komissiyası ilə mövcud əməkdaşlığından məmnunluğunu ifadə etmiş, əlaqələrin daha da dərinləşməsi üçün potensial imkanlardan yararlanmağın vacibliyinə toxunmuşdur.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran bəzi məsələlər barəsində ətraflı fikir mübadiləsi aparılmışdır.
 
DGK Mətbuat Xidməti