İşçi qrupun 7-ci iclası keçirilmişdir
15-Avqust-2009 801
 
 İşçi qrupun 7-ci iclası keçirilmişdir
 
19-24 iyul tarixlərində İsveçrənin Cenevrə şəhərində Azərbaycan Respublikasının Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzv olması üzrə İşçi Qrupun 7-ci iclası keçirilmişdir.
İşçi Qrupunun iclasında iştirak etmək, ikitərəfli və kənd təsərrüfatı üzrə çoxtərəfli danışıqların aparılması üçün Azərbaycanın ÜTT-yə üzv olmasına hazırlıq işləri üzrə Komissiyanın tərkibində İqtisadi İnkişaf, Xarici İşlər, Maliyyə, Vergilər, Kənd Təsərrüfatı Nazirliklərinin, Dövlət Gömrük Komitəsinin, Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin və Müəllif Hüquqları Agentliyinin rəsmiləri iştirak etmişlər.
Azərbaycan nümayəndə heyətinin üzvü, Dövlət Gömrük Komitəsi Maliyyə-Tarif və Valyuta Nəzarəti Baş İdarəsi Gömrük Ödənişləri İdarəsinin rəisi Mirmahmud Miratayevin verdiyi məlumata görə, qeyd olunan iclasın gündəliyinə mallar və xidmətlər üzrə ikitərəfli və çoxtərəfli danışıqların mövcud vəziyyəti, xarici ticarət rejiminə dair sualların cavablandırılması, Faktlar İcmalı ilə bağlı ÜTT-yə üzv olan ölkələr tərəfindən şərhlərin verilməsi və Azərbaycanda ÜTT sahəsində qanunvericiliyin həyata keçirilməsi ilə bağlı cari vəziyyət barədə məsələlər daxil edilmişdir.
Ölkəmizin nümayəndə heyətinin rəhbəri öz çıxışında Azərbaycan Hökumətinin davamlı sosial-iqtisadi inkişaf, ölkə iqtisadiyyatının diversifikasiya edilməsi və qeyri-neft sektorunun inkişafı məsələsinə mühüm əhəmiyyət verdiyini və bu istiqamətdə son dövrlər ərzində görülən işlər barədə məlumatı, həmçinin 2009-cu ilin 6 ayı ərzində qanunvericilik və ticarətin sadələşdirilməsi sahələrində görülən işlər barədə məlumatı iclas iştirakçılarının diqqətinə çatdırmışdır.
Qeyd edilmişdir ki, qısa müddət ərzində mallar və xidmətlər üzrə təkmilləşdirilmiş təkliflər və digər sənədlər hazırlanaraq ÜTT Katibliyinə və aidiyyəti ölkələrə təqdim olunmuş və onların əsasında növbəti ikitərəfli və çoxtərəfli danışıqlar keçirilmişdir. Bununla yanaşı, Azərbaycanın milli qanunvericiliyinin ÜTT-nin Sazişlərinə uyğunlaşdırılması sahəsində ölkədə görülən və gələcəkdə görüləcək işlərlə bağlı üzv ölkələrə məlumat verilmişdir.
İclasda iştirak edən bir sıra ölkələrin nümayəndələri çıxış edərək Azərbaycanın ÜTT-yə üzvlüyünü dəstəkləmiş, ölkəmiz tərəfindən bu istiqamətdə həyata keçirilmiş tədbirləri və onların nəticələrini müsbət qiymətləndirmişlər. Bu xüsusda, Afrika Qrupu adından Misir, Çin, Braziliya, Pakistan, İordaniya və Paraqvay Azərbaycanın ÜTT-yə açıq dənizə çıxışı olmayan, inkişaf etməkdə olan ölkə kimi üzv olmasını dəstəklədiklərini vurğulamışlar.
Bundan sonra, ABŞ, Avropa Komissiyası, Kanada, Avstraliya, Cənubi Koreya və digər ölkələrin nümayəndələri Azərbaycanın ÜTT-yə üzvlüyünü prinsip etibarı ilə dəstəkləmişlər.
İşçi Qrupun iclası ilə yanaşı, Azərbaycan bazarında marağı olan, mallar və xidmətlər üzrə müvafiq sorğu təqdim etmiş ABŞ və Avropa Komissiyası ilə mallar və xidmətlər üzrə ikitərəfli, kənd təsərrüfatı üzrə isə çoxtərəfli danışıqlar keçirilmişdir.
Həmin ölkələr, yenə də kənd təsərrüfatı və sənaye sahələri üzrə Azərbaycanın təqdim etdiyi gömrük "baund" tariflərinin və keçid dövrünün aşağı salınmasını, həmçinin bəzi xidmət sektorlarının liberallaşdırılmasını tələb edirdilər.
Bəzi ölkələr isə xüsusən də ABŞ gömrük tarifinin hal-hazırda tətbiq olunan maksimum həddən də (15%-dən) aşağı salınmasını təklif edirdilər.
Bundan əlavə, üzv ölkələr milli qanunvericiliyin ÜTT-nin Sazişlərinə uyğunlaşdırılması sahəsində Azərbaycanın hazırladığı qanun və hüquqi normativ sənədlər layihələrinin, həmçinin qüvvəyə minən sənədlərin təqdim olunması bildirildi.
Danışıqlar zamanı qrupun rəhbəri ölkələrin təqdim etdikləri malların Azərbaycan üçün həssas və xüsusi əhəmiyyət kəsb etdiyini bir daha vurğuladı və Azərbaycanın təqdim etdiyi gömrük "baund" tarifləri üzrə təkliflərinin münasib olduğunu bildirdi.
İclas zamanı üzv ölkələr tərəfindən verilən suallar cavablandırılmış və tədbirin yekununda Azərbaycanın xarici ticarət rejiminə dair yeni sualların üzv ölkələr tərəfindən 2009-cu ilin 14 sentyabr tarxinə qədər təqdim olunmasını və İşçi Qrupunun növbəti iclasının cari ilin sonunda və yaxud 2010-cu ilin ilk birinci rübündə keçirilməsinə dair qərar qəbul edilmişdir.