Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazəlilər

Azərbaycan Respublikasının
2003-cü il 23
dekabr tarixli,
565-IIQ №-li Qanunu ilə
təsdiq edilmişdir

Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı

1. Hərbi silah və sursat istehsal etmək üçün avadanlıq.

2. Döyüş təyinatlı hərbi texnikanı istehsal etmək üçün avadanlıq.

3. Xidməti və mülki silah.

4. Kosmik-peyk rabitə vasitələri, xüsusi məxfi rabitə vasitələri və şifrləri, bu vasitələrin və şifrlərin istehsalı üçün nəzərdə tutulan avadanlıq.

5. Qiymətli daşların hasilatı, qızılın və digər qiymətli metalların, neftin, neft məhsullarının və təbii qazın hasilatı və emalı, neft və neft məhsulları tullantılarının emalı vasitələri.

6. İonlaşdırıcı şüa mənbələri, o cümlədən radioaktiv maddələr, belə mənbələrin və maddələrin istehsalı üçün nəzərdə tutulan avadanlıq, təsərrüfat-məişət və tibbi əhəmiyyətli aparatlar istisna olmaqla, şüa verən aparatlar.

7. Qiymətli kağızların çap edilməsi üçün avadanlıq və belə avadanlığın istehsalı üçün avadanlıq.

8. Qanunla Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr, psixotrop maddələr, Azərbaycan Respublikasının ərazisində dövriyyəsinə nəzarət edilən psixotrop maddələr, narkotik vasitə və psixotrop maddələrin istehsalında istifadə edilən və dövriyyəsinə nəzarət edilən avadanlıq.

9. Partlayıcı maddələr və qurğular, tez alışan maddələr və pirotexniki məmulatlar.

10. Ozondağıdıcı maddələr və tərkibində belə maddələr olan məhsullar.

11. Narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələr, həmin maddələri hazırlamaq və ya emal etmək üçün avadanlıq.

12. Gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələr.

13. Radiomüşahidə və radionəzarət aparmaq üçün geniş tezlik diapazonlu radioqəbuledici qurğular.

14. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən güc meyarı həddindən artıq olan radioötürücülər.

15. Əməliyyat-axtarış fəaliyyəti subyektlərinin, hərbi qulluqçuların və prokurorluq işçilərinin fərqlənmə nişanları olan hərbi və xüsusi geyim formaları.

16. Elmi tədqiqat, sınaq və sərgilərdə nümayiş məqsədləri üçün nəzərdə tutulan genetik modifikasiya olunmuş bitkilər, həmçinin müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materialları.

17. Elmi tədqiqat, sınaq və sərgilərdə nümayiş məqsədləri üçün nəzərdə tutulan, genetik modifikasiya olunmuş bitkilərin genetik materiallarından istifadə edilərək istehsal olunan yeyinti məhsulları.

18. Məsafədən idarə edilən pilotsuz uçan aparatlar.

19. Gözün buynuz qişası.