Gömrük təmsilçiliyi institutunun təkmilləşdirilməsi ilə bağlı hüquqi şəxslərin nəzərinə!




Gömrük təmsilçiliyi institutunun təkmilləşdirilməsi ilə bağlı hüquqi şəxslərin nəzərinə!

Gömrük təmsilçiliyi institutunun formalaşdırılması və təkmilləşdirilməsi, bu sahədə fəaliyyət göstərən şəxslərin bilik və bacarıqlarının artırılması, fəaliyyətin mövcud qanunvericiliyə və beynəlxalq standartlara uyğunlaşdırılması məqsədilə Dövlət Gömrük Komitəsi tərəfindən islahatlar həyata keçirəcəkdir.

Gömrük təmsilçiliyi sahəsində mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq, dolayı təmsilçiliklə məşğul olmaq istəyən şəxslər aşağıdakı şərtlərə cavab verməlidir:

1.    Hüquqi şəxs olmalı;

2.    İxtisas attestatı olan mütəxəssislərə malik olmalı.

Yalnız göstərilən şərtlərə cavab verən şəxslər gömrük brokerlərinin dövlət reyestrinə daxil ediləcəkdir.

 

Bunun üçün dolayı gömrük təmsilçiliyi fəaliyyətini həyata keçirmək istəyən hüquqi şəxslər onların ştatında olan əməkdaşlara ixtisas attestatının verilməsi üçün Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə yazılı və ya elektron formada müraciət edir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 19 sentyabr tarixli 207 nömrəli Qərarı ilə təsdiq edilmiş "Gömrükrəsmiləşdirilməsi üzrə mütəxəssislərə ixtisas attestatının verilməsi, fəaliyyətinin dayandırılması və ləğv edilməsi qaydaları"nın 3.2-ci yarımbəndində göstərilən sənədləri təqdim edirlər:

1. hüquqi şəxsin vəsatəti;

2. gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssis kimi fəaliyyət göstərməsi üçün hüquqi şəxsin ştatında olan əməkdaşın ərizəsi;

3. həmin əməkdaşın şəxsiyyət vəsiqəsinin surəti;

4. hüquqi şəxs ilə onun ştatında olan əməkdaş arasında bağlanılmış əmək müqaviləsinin və işə qəbulu barədə əmrin surəti;

5. əməkdaşın müvafiq təhsili barədə dövlət sənədinin təsdiq edilmiş surəti;

6. əməkdaşın hansı fəaliyyət növü ilə məşğul olmasını təsdiq edən sənədin surəti.

 

Qeyd edək ki, gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssislər ali təhsilli olmalı və aşağıda qeyd olunan sahələr üzrə biliklərə malik olmalıdır:

1. gömrük qanunvericiliyi və gömrük işi sahəsində;

2. xarici iqtisadi fəaliyyət və onun dövlət tənzimlənməsi sahəsində;

3. iqtisadiyyat, vergi, maliyyə-kredit, ödəniş-hesab və valyuta münasibətləri, bank işi sahəsində;

4. gömrük sahəsinə aid hissədə mülki hüquq, maliyyə hüququ, beynəlxalq və dövlət hüququ, həmçinin cinayət hüququ haqqında;

5. Komitə tərəfindən verilmiş hüquqlar çərçivəsində mütəxəssisin fəaliyyəti üçün zəruri olan gömrük orqanlarının elektron məlumat sistemlərindən istifadə edilməsi haqqında.

Gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssis kimi fəaliyyət göstərmək istəyən şəxslərin biliklərinin ycooxlanılması məqsədi ilə Dövlət Gömrük Komitəsi tərəfindən test imtahanlarının keçirilməsi nəzərdə tutulub. Bu barədə ətraflı məlumat Dövlət Gömrük Komitəsinin rəsmi internet səhifəsində yerləşdiriləcəkdir.

 Test imtahanlarından keçən namizədlərə 5 illik ixtisas attestatı veriləcəkdir. Dövlət Gömrük Komitəsi tərəfindən ixtisas attestatı almış mütəxəssislər gömrük brokeri adından gömrük rəsmiləşdirilməsi ilə əlaqədar hərəkətləri yerinə yetirmək hüququna malikdirlər.

Qeyd edək ki, gələcəkdə yuxarıda göstərilən tələblərə cavab verməyən gömrük təmsilçiliyi ilə məşğul olan hüquqi şəxslərin gömrük rəsmiləşdirilməsi sahəsindəki fəaliyyəti Dövlət Gömrük Komitəsi tərəfindən məhdudlaşdırılacaqdır.