Customs service is one of the main attributes of the independence of any state.

Samur çayı üzərindəki yeni avtomobil körpüsü istifadəyə verilib

Samur çayı üzərindəki yeni avtomobil körpüsü istifadəyə verilib

Dekabrın 24-də Azərbaycan Respublikası ilə Rusiya Federasiyası sərhədindən keçən Samur çayının üzərində tikilən yeni avtomobil körpüsü istifadəyə verilib.

Körpünün açılış mərasimində Azərbaycan Respublikası Baş Nazirinin müavini Şahin Mustafayev, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Dövlət Gömrük Komitəsi sədrinin müavini İqbal Babayev, Quba, Qusar və Xaçmaz rayonlarının icra hakimiyyətlərinin rəhbərləri, Rusiya tərəfdən isə bu ölkənin İqtisadi İnkişaf naziri Maksim Oreşkin, Rusiya Federasiyası Dağıstan Respublikasının rəhbəri Vladimir Vasilyev, Rusiyanın ölkəmizdəki səfiri Mixail Boçarnikov və başqaları iştirak edirlər.Açılış mərasimində Azərbaycan və Rusiya arasındakı uzunmüddətli dostluq və əməkdaşlıq münasibətlərindən danışılıb, həyata keçirilən infrastruktur layihələrinin bu əlaqələrin daha da genişləndirilməsi baxımından mühüm rolu qeyd edilib.Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən siyasət nəticəsində ölkədə bütün sahələrdə, o cümlədən nəqliyyat sektorunda davamlı inkişaf müşahidə olunur. Azərbaycan bir sıra beynəlxalq əhəmiyyətli layihələrin həyata keçirilməsində fəal iştirak edir. Rusiya tərəfi ilə birgə Samur çayı üzərində körpünün qurulması da Azərbaycanın reallaşdırdığı infrastruktur layihələrindən biridir.

Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin 2013-cü ildə Azərbaycana rəsmi səfəri zamanı digər sənədlərlə yanaşı, Samur çayı üzərində yeni körpünün tikintisi üzrə hökumətlərarası saziş imzalanıb. İnşaat işlərinin xərclərinin 50 faizi Azərbaycan, 50 faizi isə Rusiya hökuməti tərəfindən ödənilib. Müasir standartlara cavab verən yeni körpü 1957-ci ildə inşa olunmuş köhnə tikilini əvəzləyir. Körpünün uzunluğu 325,3 metr, eni 17,3 metrdir. Körpü üç zolaqdan ibarətdir.

Rusiya qeyri-neft məhsullarının idxalı və ixracı üzrə Azərbaycanın ən böyük tərəfdaşıdır. Ölkələrimiz arasında ticarət dövriyyəsi ilbəil artmaqdadır. Samur çayı üzərindən körpünün açılması nəqliyyat vasitələrinin sərhəd keçidlərindən tez buraxılmasını təmin edəcək ki, bu da iki ölkə arasında daşımaların həcminin artmasına xidmət göstərəcək. Bununla da sahibkarlarımızın Rusiyaya yük daşınmasına sərf etdikləri vaxt kifayət qədər azalacaq. Bu isə həm xərclərin azalmasına, həm də ölkələr arasında ticarət dövriyyəsinin artmasına səbəb olacaq. Bundan başqa, çayın hər iki tərəfində qohumluq əlaqələri olan insanlar yaşadığından körpü həm də böyük sosial əhəmiyyətə malikdir.

Xatırladaq ki, Samur çayı üzərində yeni avtomobil körpüsünün tikintisi barədə hökumətlərarası saziş 2013-cü il sentyabrın 13-də imzalanıb. Körpünün tikintisinə 2017-ci il oktyabrın 18-də başlanılıb və layihəyə uyğun olaraq iki il ərzində inşası başa çatdırılaraq istifadəyə verilib.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

24 December 2019 00:00
195