Gömrük Təmsilçiliyi
Gömrük təmsilçilərinin nəzərinə!
Gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssislərə ixtisas attestatının verilməsi üçün test imtahanı və qeydiyyat barədə
ELAN!
Dövlət Gömrük Komitəsi tərəfindən 2026-cı ilin dekabr ayında gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssislərə ixtisas attestatının verilməsi üçün “Test imtahanı” keçiriləcək.
Test imtahanında iştirak üçün müraciətlərin və sənədlərin qəbulu 5-15 noyabr tarixlərində onlayn formada aparılacaq.
Namizədlər qeyd olunan müddət ərzində sənədlərini customs.gov.az internet səhifəsinin “Sahibkarlar üçün” bölməsinin “Gömrük təmsilçiliyi” altbölməsində yerləşdirilmiş “İmtahan kodu almaq üçün qeydiyyat” və daha sonra “Sənədlərin elektron qəbulu” bölməsindən elektron qaydada təqdim edə bilərlər.
Namizədlərdən tələb olunan biliklər
Test imtahanında iştirak etmək istəyən namizədlər aşağıdakı sahələr üzrə biliyə malik olmalıdırlar:
- gömrük qanunvericiliyi və gömrük işi sahəsində – gömrük prosedurları, mal və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilmə qaydaları və şərtləri, gömrük ödənişlərinin növləri, gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsi qaydaları, gömrük məqsədləri üçün xarici iqtisadi fəaliyyətin mal nomenklaturasına uyğun malların təsnifatı və bəyan edilməsi, malların gömrük dəyərinin və mənşə ölkəsinin müəyyən edilməsi qaydaları, gömrük orqanları tərəfindən gömrük və valyuta nəzarətinin həyata keçirilməsi qaydaları, gömrük statistikası, gömrük işi sahəsində qanunvericiliyin pozulmasına görə məsuliyyət, gömrük xidmətinin təşkili, gömrük orqanlarının vəzifəli şəxslərinin statusu, hüquq və vəzifələri barədə;
- xarici iqtisadi fəaliyyət və onun dövlət tənzimlənməsi sahəsində – xarici iqtisadi sövdələşmələrin bağlanılması və icra edilməsi, qiymətlər, xarici ticarətdə sığorta və nəqliyyat şərtləri, qadağa və məhdudiyyətlər, o cümlədən lisenziyalaşdırma və sertifikatlaşdırma barədə;
- iqtisadiyyat, vergi, maliyyə-kredit, ödəniş-hesab və valyuta münasibətləri, bank işi barədə;
- gömrük sahəsinə aid hissədə mülki hüquq, maliyyə hüququ, beynəlxalq və dövlət hüququ və cinayət hüququ barədə;
- Komitə tərəfindən verilmiş hüquqlar çərçivəsində mütəxəssisin fəaliyyəti üçün zəruri olan gömrük orqanlarının elektron məlumat sistemlərindən istifadə edilməsi barədə.
Test imtahanının keçirilmə qaydası
Test imtahanı 100 (yüz) sualdan ibarətdir və imtahan müddəti 180 (yüz səksən) dəqiqə təşkil edir. Düzgün cavab 1 (bir) balla, yanlış cavab isə 0 (sıfır) balla qiymətləndirilir. Səhv cavabların sayı doğru cavabların sayına təsir etmir.
70 (yetmiş) və daha çox bal toplamış şəxs imtahandan uğurla keçmiş hesab olunur.
Test imtahanının suallarını əhatə edən “Ədəbiyyat siyahısı” Komitənin rəsmi internet saytının “Sahibkarlar üçün” bölməsinin “Gömrük təmsilçiliyi” alt bölməsində yerləşdirilmişdir.
Test imtahanında iştirak etmək üçün tələb olunan sənədlər
- hüquqi şəxsin vəsatəti;
- gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssis kimi fəaliyyət göstərməsi üçün hüquqi şəxsin ştatında olan əməkdaşın ərizəsi;
- həmin əməkdaşın şəxsiyyət vəsiqəsinin surəti;
- hüquqi şəxs ilə onun ştatında olan əməkdaş arasında bağlanılmış əmək müqaviləsinin və işə qəbulu barədə əmrin surəti;
- əməkdaşın müvafiq təhsili barədə dövlət sənədinin təsdiq edilmiş surəti;
- əməkdaşın hansı fəaliyyət növü ilə məşğul olmasını təsdiq edən sənədin surəti.
Qeyd olunan tarixlərdən kənar göndərilən müraciətlər Komitə tərəfindən nəzərə alınmayacaq.
Qeyd: Test imtahanının keçiriləcəyi tarix, yer və digər əlavə məlumatlar imtahana dəvət bildirişində qeyd olunacaq.