Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib
Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib
Dövlət Gömrük Komitəsində 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib.
Tədbirdə Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən qadın siyasətindən, ölkəmizdə qadınların hüquqlarının qorunması, onların cəmiyyətin müxtəlif sahələrində təmsil olunması istiqamətində görülən işlərdən, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın qadınların ictimai fəallığının artırılmasındakı rolundan bəhs edən videoçarx nümayiş etdirilib.
Daha sonra COP29 Azərbaycan Əməliyyat Şirkətinin İdarə Heyətinin sədri Nərmin Carçalova, Paşa Sığorta Şirkətinin İdarə Heyətinin sədri Ülviyyə Cabbarova ictimai-siyasi, iqtisadi sferada uğurlu fəaliyyətlərindən bəhs edərək xanımlara öz səmimi təbriklərini çatdırıblar.
Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov bildirib ki, ölkəmizdə bütün qadınlar hərtərəfli dövlət qayğısı ilə əhatə olunur, onların cəmiyyətin bütün sahələrində təmsil olunması üçün zəruri addımlar atılır. Gömrük sistemində çalışan qadınların da mühüm vəzifənin öhdəsindən uğurla gəldiyi vurğulanıb və bunun Azərbaycan qadınının əzminin, ali keyfiyyətlərinin bariz nümunəsi olduğu diqqətə çatdırılıb.
Tədbirdə gömrük sistemində çalışan xanımlar üçün təbrik videoçarxı da nümayiş etdirilib.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi