Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Bakı Bəyannaməsi (COP29)

Bakı Bəyannaməsi (COP29)

COP29 çərçivəsində keçirilmiş “Yaşıl Gömrük - Yüksək Gömrük Rəsmilərinin Dialoqu” adlı yüksək səviyyəli tədbirin Bakı Bəyannaməsi müzakirəyə çıxarılıb

 

Xəbər verdiyimiz kimi, Belçika Krallığının paytaxtı Brüssel şəhərində Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Avropa Regionu Gömrük Xidməti Rəhbərlərinin Konfransı keçirilir.

Konfransda 2024-cü ilin noyabr ayında Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı - COP29 çərçivəsində keçirilmiş “Yaşıl Gömrük - Yüksək Gömrük Rəsmilərinin Dialoqu” adlı yüksək səviyyəli tədbirin Bakı Bəyannaməsi müzakirəyə çıxarılıb.

İclasda çıxış edən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov “Yaşıl Gömrük” təşəbbüslərinin qlobal gömrük sisteminin strateji inkişafı baxımından xüsusi əhəmiyyət daşıdığını vurğulayaraq Bakı Bəyannaməsinin bu sahədə qəbul olunmuş ilk institusional və çoxtərəfli sənəd kimi tarixə düşdüyünü vurğulayıb. O, gömrük xidmətlərinin ətraf mühitin qorunması və iqlim dəyişikliyi ilə mübarizədə artan roluna diqqət çəkərək Bakı Bəyannaməsinin bu istiqamətdə gələcək təşəbbüs və layihələrin formalaşdırılması və beynəlxalq əməkdaşlığın genişləndirilməsi üçün strateji əsas və istiqamətverici sənəd ola biləcəyini qeyd edib.

İclasda çıxış edən ÜGT-nin Avropa regionu üzrə sədr müavini, Norveç Gömrük Xidmətinin rəhbəri Oystein Bormer Bakıda keçirilən tədbiri yüksək qiymətləndirərək bu təşəbbüsün ekoloji dəyərlərin gömrük sistemləri vasitəsi ilə qorunması baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

Bəyannaməyə dair müzakirələr zamanı Avropa İttifaqının təmsilçisi bütün üzv dövlətləri adından, ayrıca olaraq Türkiyə, Qazaxıstan, Gürcüstan, Avstriya, Almaniya, Rusiya, Tacikistan, Ukrayna, Belçika və Türkmənistan nümayəndələri öz rəsmi bəyanatlarında Bakı Bəyannaməsini dəstəklədiklərini bildiriblər.

Qeyd edək ki, Bakı Bəyannaməsi gömrük fəaliyyətinin iqlim dəyişmələrinə qarşı rolunu, ətraf mühitə zərərli məhsulların dövriyyəsinin qarşısının alınması, yaşıl texnologiyaların tətbiqi və ekoloji cəhətdən dayanıqlı ticarətin təşviqi kimi prioritet istiqamətləri özündə ehtiva edir.

Sənədin ÜGT-nin Siyasi Komissiyası və Gömrük Əməkdaşlıq Şurasının gündəliyinə daxil edilməsi və daha geniş müzakirə olunması nəzərdə tutulur.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

30 Aprel 2025 13:33
195