Gömrük orqanlarının qanunsuz dövriyyədən götürdüyü narkotiklər məhv edilib (FOTO, VİDEO)
Gömrük orqanlarının qanunsuz dövriyyədən götürdüyü narkotiklər məhv edilib (FOTO, VİDEO)
Mayın 29-da Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun təşkilatçılığı və dövlət orqanlarının əməkdaşlarından ibarət komissiya üzvlərinin iştirakı ilə gömrük orqanları tərəfindən həyata keçirilən gömrük nəzarəti və əməliyyat-axtarış tədbirləri nəticəsində müxtəlif vaxtlarda qanunsuz dövriyyədən götürülmüş və barəsində məhkəmənin məhvetmə qərarı qəbul edilmiş daha 26 cinayət işi üzrə ümumilikdə 105 kq 391 qram və 9759 həb narkotik vasitə, 8 kq 641,4 qram və 144 həb psixotrop maddə, 46 854 həb güclü təsir edən maddələr yandırılaraq məhv edilib.
Məhv edilən narkotik vasitələr 89 kq 511,714 qram qurudulmuş marixuana, 12 kq 627,492 qram heroin, 1 kq 947,032 qram tiryək, 1 kq 303 qram kokain, 2,722 qram həşiş qətranı və 9759 həb metadondan, psixotrop maddələr 8 kq 571,902 qram metamfetamin, 69,542 qram MDMA, 73 həb alprozolam, 71 həb buprenorfindən, güclü təsir edən maddələr 34028 həb preqabalin və 12826 həb müxtəlif növ digər güclü təsiredici maddələrdən ibarət olub.
Xatırladaq ki, cari ilin yanvar, fevral aylarında daha 105 cinayət işi üzrə gömrük orqanları tərəfindən müxtəlif vaxtlarda qanunsuz dövriyyədən götürülmüş ümumilikdə 6 ton 600 kiloqramdan çox narkotik vasitə və psixotrop maddənin məhv edilməsi həyata keçirilib.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi