Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

ÜGT-nin Avropa Regionu üzrə Regional Tədris Mərkəzlərinin iclası keçirilib

ÜGT-nin Avropa Regionu üzrə Regional Tədris Mərkəzlərinin iclası keçirilib

İyunun 11-də Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Bakı şəhərində yerləşən Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisinin və  ÜGT-nin Avropa Regionu üzrə Regional Tədris Mərkəzlərinin 13-cü iclası keçirilib.

İclasda ÜGT Katibliyinin nümayəndələri, Azərbaycan, Qazaxıstan, Qırğız Respublikası, Macarıstan, Şimali Makedoniya, Rusiya Federasiyası, Ukrayna və Türkmənistanda yerləşən Regional Təlim Mərkəzlərinin nümayəndələri iştirak ediblər.

Tədbirin açılış mərasimində çıxış edən Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov ÜGT ilə uzunmüddətli və məhsuldar əməkdaşlıqdan məmnunluqla bəhs edib, inkişaf etməkdə olan ölkələrin gömrük xidmətlərinə təlim, texniki yardım və ekspert dəstəyi göstərmək məqsədilə Azərbaycanın təşəbbüsü ilə Gömrük Əməkdaşlıq Fondunun yaradıldığını bildirib. O da qeyd olunub ki, ÜGT-nin strateji inkişaf planında yer alan rəqəmsal transformasiya, əməkdaşların potensialının gücləndirilməsi, texniki əməkdaşlıq, institusional inkişaf məsələləri gömrük sahəsində inzibatçılığın təkmilləşdirilməsinə mühüm töhfə verir.

ÜGT-nin Potensialın Gücləndirilməsi üzrə direktor müavini cənab Ebenezer Gebding Tafili "Potensialın gücləndirilməsi sahəsində yeni paradigma" mövzusunda təqdimatla çıxış edib. Təqdimatda ÜGT-nin yeni strategiyası çərçivəsində nəticəyönümlü fəaliyyət, performansa əsaslanan qiymətləndirmə və regional özünüidarəetmənin təşviqinin əsas prioritetlər olduğu vurğulanıb.

Tədbirdə Regional Təlim Mərkəzlərinin, həmçinin Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisinin fəaliyyət istiqamətləri və təlim strategiyaları ilə bağlı təqdimatlar nümayiş etdirilib.

İclas çərçivəsində təşkil olunan dəyirmi masada təlim mərkəzlərinin fəaliyyətinin qiymətləndirilməsi, mövcud çətinliklər, inkişaf perspektivləri, eləcə də regional strukturlar arasında koordinasiyanın və qarşılıqlı əməkdaşlığın gücləndirilməsi yolları ətrafında geniş fikir mübadiləsi aparılıb.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

11 İyun 2025 18:36
195