Azərbaycan nümayəndə heyəti ilə ÜGT Baş katibi arasında ikitərəfli görüş keçirilib
Azərbaycan nümayəndə heyəti ilə ÜGT Baş katibi arasında ikitərəfli görüş keçirilib
Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Gömrük Əməkdaşlıq Şurasının 145/146-cı sessiyaları çərçivəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov ilə ÜGT-nin Baş katibi İan Saunders arasında ikitərəfli görüş baş tutub.
Görüş zamanı Ümumdünya Gömrük Təşkilatının modernizasiya planına dair dəstək bir daha vurğulanıb. Tərəflər arasında aparılan müzakirələrdə Dövlət Gömrük Komitəsi ilə ÜGT Katibliyi arasında mövcud əməkdaşlıq mexanizmlərinin genişləndirilməsi və bu əlaqələrin daha dayanıqlı və institusional əsasda inkişaf etdirilməsi məsələləri diqqət mərkəzində olub.
Görüş çərçivəsində eyni zamanda, Azərbaycan Gömrük Xidmətində tətbiq edilən məlumat əsaslı idarəetmə və nəzarət sistemləri, eləcə də rəqəmsallaşma sahəsində əldə olunmuş mühüm nailiyyətlər barədə məlumat təqdim olunub. Tərəflər gələcəkdə gömrük məsələləri ilə bağlı Azərbaycanda təşkil olunması nəzərdə tutulan beynəlxalq səviyyəli konfranslarda ÜGT rəhbərliyinin iştirakı və bu çərçivədə ikitərəfli görüşlərin keçirilməsi imkanlarını da müzakirə ediblər. ÜGT Baş katibi İan Saunders Azərbaycana rəsmi səfərə dəvət olunub.
Sonda görüş Dövlət Gömrük Komitəsi ilə ÜGT Katibliyi arasında strateji tərəfdaşlığın gücləndirilməsi, qarşılıqlı əməkdaşlığın daha hədəfli və strukturlaşdırılmış şəkildə inkişaf etdirilməsi baxımından mühüm addım kimi dəyərləndirilib. Bildirilib ki, aparılan müzakirələr gələcək birgə təşəbbüslər üçün yeni imkanlar yaradacaq və tərəflər arasında əməkdaşlığın daha yüksək səviyyəyə yüksəldilməsinə töhfə verəcəkdir.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi