Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Gömrük əməkdaşlarının karyera yüksəliş müsabiqəsinin qalibləri üçün təlim keçirilib

Gömrük əməkdaşlarının karyera yüksəliş müsabiqəsinin qalibləri üçün təlim keçirilib

İyulun 17-də Mərkəzi Gömrük Hospitalında  “Zəka” - gömrük əməkdaşlarının karyera yüksəliş müsabiqəsinin qalibləri üçün təlim keçirilib.

Təlimdə “İlk yardım kursu”,  “İlan və digər zəhərli heyvanların dişləmələri zamanı diaqnostika və ilk yardım” mövzularında təqdimatlar nümayiş etdirilib.

Təlim çərçivəsində gömrük əməkdaşlarına zəhərli heyvanların dişləmələri zamanı klinik əlamətlərin tanınması, zəhərlənmə hallarının erkən mərhələdə müəyyən olunması, zərərçəkmişə yerində ilkin yardım göstərilməsi, eləcə də tibbi yardım göstərilənədək  görüləcək tədbirlər barədə ətraflı məlumat verilib. Həmçinin qıcolma, tənəffüs dayanması kimi hallarda göstərilməli olan ilkin tibbi yardım prinsiplərindən bəhs olunub, bu hallarda tətbiq edilən əsas texnikalar  nümayiş etdirilib,  praktiki məşğələlər keçirilib.

Eyni zamanda Hospitalda “Zəka” gömrük əməkdaşlarının karyera yüksəliş müsabiqəsinin qalibləri ilə görüş keçirilib.

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi, tibb xidməti general mayoru Ceyhun Məmmədov gömrük sistemində müasir bilik və bacarıqlara malik əməkdaşların karyera yüksəlişinin təmin olunması, ixtisaslı kadr ehtiyatının formalaşdırlması baxımından müsabiqənin mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

Həmçinin xidməti vəzifələrin yerinə yetirilməsi zamanı daim öz üzərində işləmək, bilikləri dərinləşdirmək, vətənə və xalqa sədaqətlə xidmət prinsiplərini üstün tutmağın vacibliyi diqqətə çatdırılıb.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

17 İyul 2025 17:28
195