Gömrük əməkdaşları üçün təlim keçirilib
Gömrük əməkdaşları üçün təlim keçirilib
Oktyabrın 17-də Dövlət Gömrük Komitəsinin əməkdaşları üçün “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların-ərzaq məhsullarının, dərman vasitələrinin, mədəniyyət məhsullarının, canlı heyvanların və bitkilərin, dini təyinatlı məlumat materiallarının, eləcə də xidməti və mülki silahların gömrük sərhədindən keçirilməsi qaydaları” mövzusunda təlim keçirilib.
Ümumdünya Gömrük Təşkilatının Bakı şəhərindəki Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində reallaşan təlimdə Daxili İşlər, Səhiyyə, Ekologiya və Təbii Sərvətlər, Mədəniyyət nazirlikləri, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mütəxəssisləri də iştirak ediblər.
Dövlət Gömrük Komitəsi sədrinin müavini Fuad Məmmədov gömrük orqanlarının həyata keçirdikləri tədbirlərin əhəmiyyətindən, eləcə də dövlət qurumları ilə birgə əməkdaşlıq imkanlarından danışıb. Həmçinin fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsi ilə bağlı təlimdə əldə olunan biliklərin gömrükçülərin peşə bacarıqlarının inkişaf etdirilməsi baxımından əhəmiyyətli olduğunu vurğulayıb.
Daha sonra aidiyyəti qurumların əməkdaşları tərəfindən “Dərman vasitələrinin fiziki şəxslər tərəfindən qeyri-kommersiya məqsədilə gömrük sərhəd buraxılış məntəqələrindən keçirilməsi zamanı diqqət yetirilməli olan məsələlər”, “Xidməti və mülki silahların ölkə ərazisinə gətirilməsi və ölkə ərazisindən aparılması”, “CİTES Konvensiyası və CİTES icazə/sertifikatının verilməsi”, “Muzey işi və daşınar mədəni sərvətlərin müvəqqəti və ya daimi ixracı prosesi”, “Fiziki şəxslər tərəfindən ərzaq məhsullarının, canlı heyvan və bitkilərin gömrük sərhədindən keçirilməsi”, “Dini təyinatlı məlumat materiallarının gömrük sərhədindən keçirilməsi” mövzularında məlumatlar verilib.
Təlimin sonunda mövzular ətrafında geniş müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi