“Pirat və kontrafakt məhsulların müəyyən edilməsi” mövzusunda təlim keçirilib
“Pirat və kontrafakt məhsulların müəyyən edilməsi” mövzusunda təlim keçirilib
Dekabrın 5-də Ümumdünya Gömrük Təşkilatının Bakı şəhərində yerləşən Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində Dövlət Gömrük Komitəsinin əməkdaşları üçün “Pirat və kontrafakt məhsulların müəyyən edilməsi” mövzusunda təlim keçirilib.
“React - The Anti-Counterfeiting Network” şirkətinin mütəxəssislərinin iştirakı ilə keçirilən təlimə Dövlət Gömrük Komitəsinin müxtəlif struktur bölmələrinin əməkdaşları cəlb olunub.
Təlimin açılış mərasimində çıxış edən Dövlət Gömrük Komitəsi sədrinin müavini Fuad Məmmədov əqli mülkiyyət hüquqlarının qorunması, pirat və kontrafakt məhsulların müəyyən edilməsi, bu istiqamətdə səmərəli mübarizə tədbirlərinin həyata keçirilməsinin beynəlxalq miqyasda aktual məsələlərdən biri olduğunu vurğulayıb. Gömrük orqanlarının bu sahədəki fəaliyyətinin qanuni ticarətin dəstəklənməsi ilə yanaşı, ətraf mühitin və insanların sağlamlığının qorunması baxımından da əhəmiyyət daşıdığı diqqətə çatdırılıb, Dövlət Gömrük Komitəsi tərəfindən həyata keçirilən tədbirlərdən bəhs olunub.
“React” şirkətinin regional direktoru Kazimieras Sarjickas, ÜGT-nin Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisinin rəhbəri Antonio Lo Parco, “React” şirkətinin ölkəmizdəki səlahiyyətli nümayəndəsi Nəriman Ramazanov pirat və kontrafakt məhsullara qarşı mübarizənin əhəmiyyətindən bəhs edib, bu istiqamətdə dövlət və özəl sektorun əməkdaşlığının vacibliyini vurğulayıb, Azərbaycan gömrüyünün müsbət təcrübəsindən bəhs ediblər.
Təlim zamanı müxtəlif şirkətlərin nümayəndələri təqdimatlar əsasında öz məhsulları barədə məlumat verib, pirat və kontrafakt məhsulların müəyyənləşdirilməsinə dair üsul və metodlara dair təqdimatlarla çıxış ediblər.
Qeyd edək ki, təlim çərçivəsində ekspertlərin və şirkət nümayəndələrinin Bakı Baş Gömrük İdarəsinə səfəri təşkil olunub. Onlar əqli mülkiyyət hüquqlarının qorunması ilə bağlı gömrük orqanları tərəfindən həyata keçirilən mühafizə tədbirləri ilə yaxından tanış olub, prosesləri əyani şəkildə izləyiblər.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi