Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Kağızsız ticarətin təşviqi və sadələşdirilməsi məsələləri müzakirə olunur

Kağızsız ticarətin təşviqi və sadələşdirilməsi məsələləri müzakirə olunur

Birləşmiş Millətlər Təşkilatının Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyasının (ESCAP) təşkilatçılığı ilə Asiya və Sakit okean regionunda Transsərhəd Kağızsız Ticarətin sadələşdirilməsi üzrə Çərçivə Sazişinin Daimi Komitəsinin beşinci sessiyası öz işinə başlayıb.

Tailand Krallığının Banqkok şəhərində keçirilən tədbirdə iştirak edən Dövlət Gömrük Komitəsinin Rəqəmsal İdarəetmə Baş İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Fuad Aslanov sessiyanın sədri seçilib.

Sessiya çərçivəsində Çərçivə Sazişinin icrası, seçilmiş ticarət sənədlərinin elektron mübadiləsinin genişləndirilməsi, elektron yük qaiməsinin tətbiqi üzrə işçi qrupunun fəaliyyəti və digər məsələlər müzakirə olunacaq.

Eyni zamanda tərəf dövlətlərin fərdi fəaliyyət planları, eləcə də Çərçivə Sazişinin 8-ci maddəsinin icrası üzrə işçi qrupunun fəaliyyəti nəzərdən keçiriləcək. Həmçinin dövlət, özəl və akademik dairələrin nümayəndələrinin iştirakı ilə elektron yük qaiməsinin tətbiqi üzrə işçi qrupunun görüşü keçiriləcək.

Yan tədbirlər çərçivəsində kağızsız ticarət üçün rəqəmsal ödəniş, elektron ticarət standartları və BMT-nin Danışıqlar yolu ilə daşınan yük sənədləri haqqında Konvensiyası (Akkra Konvensiyası), eləcə də Kağızsız Ticarət Şurası tərəfindən qəbul edilmiş standartlar üzrə potensialın artırılması mövzularında müzakirələr aparılacaq.

Bununla yanaşı, sessiya çərçivəsində kağızsız ticarətin təşviqi istiqamətində tərəfdaşlıqların gücləndirilməsi, birgə tədqiqatlar, potensialın artırılması təşəbbüsləri və pilot layihələr üzrə gələcək əməkdaşlıq imkanları da müzakirə olunacaq.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

1 Aprel 2026 16:37
195