Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“İntellektual gömrük” informasiya sisteminin yaradılması və bununla əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “İntellektual gömrük” informasiya sistemi (bundan sonra – İGİS) yaradılsın.

2. “İntellektual gömrük” informasiya sistemi haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).

3. Müəyyən edilsin ki, İGİS-in sahibi və operatoru funksiyalarını Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi həyata keçirir.

4. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi:

4.1. İGİS-in formalaşdırılması, aparılması, fəaliyyətinin təşkili və inkişaf etdirilməsi üçün zəruri tədbirlər görsün;

4.2. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birlikdə, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 3 iyun tarixli 718 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Hökumət buludu” (G-cloud) Konsepsiyası”na uyğun olaraq, İGİS-in “Hökumət buludu”nda yerləşdirilməsini, aparılmasını və təkmilləşdirilməsini təmin etsin.

5. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, bu Fərmanın 2-ci hissəsi nəzərə alınmaqla, “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanının tələblərindən irəli gələn tədbirlərin həyata keçirilməsini təmin etsinlər.

6. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi bu Fərmanın 2-ci hissəsi ilə təsdiq edilən Əsasnamənin 4-cü hissəsində qeyd olunan məlumatların ilkin mənbəyini formalaşdıran dövlət orqanları (qurumları) ilə birlikdə həmin məlumatların altı ay müddətində Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə olunmasını təmin etmək məqsədilə zəruri tədbirlər görsün.

7. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

 

İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 25 iyun 2026-cı il

25 İyun 2026 17:17
195