Hava limanlarında gömrük nəzarəti
Hava limanlarında gömrük nəzarəti
Sərnişinlər tərəfindən keçirilən mallar üzərində gömrük nəzarətinin xüsusiyyətləri
Gömrük nəzarətinin səmərəli şəkildə təşkili, vətəndaşların rahatlığının təmin edilməsi, o cümlədən bəyan edilməli olan malların rəsmiləşdirilməsi məqsədilə hava limanlarında müvafiq olaraq “Yaşıl kanal” və “Qırmızı kanal” buraxılış sistemlərindən istifadə olunur.
Ölkə ərazisinə gələn sərnişinlərin gömrük orqanlarına bəyan edilməli və rəsmiləşdirməyə təqdim edilməli malları olmadıqda “Yaşıl kanal”, bəyan edilməli malları olduqda isə “Qırmızı kanal” buraxılış sistemlərindən istifadə edirlər.
Qaydalara uyğun olaraq fiziki şəxslər xarici ölkələrdən şəxsi istifadə məqsədilə gətirdikləri malları sadələşdirilmiş formada və güzəştli qaydada gömrük sərhədindən keçirə bilərlər və bu məqsədlə müvafiq normalar müəyyən edilib.
Şəxsi istifadə miqdarından artıq, eləcə də istehsal və kommersiya məqsədli mallar isə “Qırmızı kanal” buraxılış sistemindən istifadə edilməklə bəyan olunur və rəsmiləşdirmə həyata keçirilir.
Gömrük qaydalarına riayət etmə
Qanunvericiliklə tənzimlənən hədlərə riayət edilməsinin müəyyənləşdirilməsi üçün gömrük baxışı və yoxlaması zəruri olur. Aparılan təhlillər göstərir ki, bir sıra hallarda sərnişinlər tərəfindən ölkə ərazisinə normadan artıq məbləğdə və miqdarda mallar gətirilir.
Bəzən qanunvericilik aktlarının tələblərindən kifayət qədər məlumatlı olmayan şəxslər gömrük orqanına bəyan edilməli və rəsmiləşdirilmə aparılması vacib mallarının olmasına baxmayaraq “Yaşıl kanal” buraxılış sistemindən istifadə edirlər. Bir sıra hallarda isə şəxslər gömrük ödənişlərindən yayınmaq məqsədilə bilərəkdən buna yol verirlər.
Malların paylanılması halları
Son dövrlərdə rast gəlinən hallardan biri kommersiya fəaliyyəti üçün nəzərdə tutulan malların gömrük ödənişlərindən yayındırılması məqsədilə xarici ölkələrin hava limanlarında sərnişinlərə paylanılaraq şəxsi istifadə təyinatlı mallar kimi gömrük sərhədindən keçirilməsi cəhdləridir.
https://customs.gov.az/az/faydali/xeberler/1840
https://customs.gov.az/az/faydali/xeberler/1762
https://customs.gov.az/az/faydali/xeberler/1571
https://customs.gov.az/az/faydali/xeberler/1549
Paylanılma hallarının aşkarlanması və qanunvericiliyin tələblərinin təmin olunması üçün həyata keçirilən tədbirlər bəzi sərnişinlərin narazılığına səbəb olur. Belə hallar yarandıqda mövcud normalar barədə şəxslərə məlumat və müvafiq izahatlar verilir.
Gömrük nəzarəti müddəti
Gömrük nəzarətinin qısa müddət ərzində həyata keçirilməsi, sərhədkeçmə proseslərinin sürətləndirilməsi baxımından vətəndaşların gömrük qaydalarına riayət etməsi də mühüm əhəmiyyət daşıyır. Gömrük orqanları tərəfindən gömrük baxışının və yoxlamasının keçirilməsi üçün müvafiq qərar qəbul olunduqda malların tez bir zamanda gömrük orqanına təqdim edilməsi gömrük nəzarətinin çevik və sürətli şəkildə tamamlanmasına şərait yaradır.
Etik davranış qaydaları
Vətəndaş məmnunluğu, xidmət səviyyəsinin yüksəldilməsi məqsədilə gömrük əməkdaşlarına ünsiyyət bacarıqları, stresin idarə edilməsi, davranış qaydaları mövzularında təlimlər keçirilir.
Etik davranışa riayət etməyə ciddi nəzarət olunur, vətəndaşlardan daxil olan müraciətlər ətraflı araşdırılır, nöqsanlara yol vermə halları aşkarlandıqda daxili intizam qaydalarına uyğun məsuliyyət növləri müəyyən olunur.
Vətəndaş məmnunluğu
Vətəndaşların məmnunluğunun təmin edilməsi gömrük strategiyasının əsas istiqamətlərindən biridir və bu sahə davamlı olaraq diqqətdə saxlanılır, müvafiq sorğular və təhlillər aparılır.
Sosial Tədqiqatlar Mərkəzi tərəfindən hava limanında ötən ilin sonlarında keçirilmiş sorğunun nəticələrinə əsasən respondentlərin 96.5 %-i gömrük əməkdaşlarının rəftarından məmnundurlar.
Diqqət edilməli hallar...
Başqalarına məxsus kommersiya təyinatlı malların şəxsi əşya adı altında gömrük sərhədindən keçirilməsi yolverilməzdir və müəyyən məsuliyyətin yaranmasına səbəb ola bilər. Bu kimi halların hamılıqla qarşısının alınması vacibdir.
Ölkə ərazisinə gələrkən şəxsi istifadə miqdarından artıq, eləcə də istehsal və kommersiya məqsədli mallar olduqda onların bəyan edilməsinin davamlı olaraq diqqət mərkəzində saxlanılması əhəmiyyət kəsb edir.
Bəzən saatlarla davam edən səyahətin yaratdığı yorğunluqdan sonra aparılan gömrük nəzarəti insanlarda narahatlıq, diskomfort yarada bilər.
Unutmayaq ki, gömrük əməkdaşları qanunla müəyyən olunan vəzifələri yerinə yetirirlər və bütün səylər cəmiyyətimizin qorunmasına xidmət edir.