Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Sərnişinlərə paylanılaraq gömrük sərhədindən qanunsuz keçirilməsinə cəhd göstərilən mallar aşkar edilib

Sərnişinlərə paylanılaraq gömrük sərhədindən qanunsuz keçirilməsinə cəhd göstərilən mallar aşkar edilib

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsi əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində kommersiya fəaliyyəti üçün nəzərdə tutulmuş malların gömrük qaydaları pozulmaqla müxtəlif sərnişinlərə paylanılaraq şəxsi istifadə məqsədli mallar qismində gömrük sərhədindən qanunsuz keçirilməsi cəhdinin qarşısı alınıb.

Nəzarət tədbirləri çərçivəsində sözügedən malları xarici ölkədə sərnişinlərə paylayan Azərbaycan Respublikası vətəndaşının gömrük nəzarəti zonasını tərk etdikdən sonra həmin şəxslərdən topladığı və hava limanının dayanacağındakı avtomobilinə yerləşdirdiyi müəyyənləşdirilib.

Avtomobilə keçirilən baxış zamanı ölkə ərazisinə şəxsi əşya adı altında gətirilən kommersiya təyinatlı mallar - 10 ədəd müxtəlif markalı mobil telefon, 25 ədəd elektron siqaret, 1810 ədəd siqaret və tütün məmulatı, xeyli miqdarda kosmetik vasitələr və ətirlər hüquqpozma predmeti kimi götürülüb.

İlkin araşdırma zamanı sərnişinlər gətirdikləri malların bir şəxsə aid olduğunu bildiriblər.

Dövlət Gömrük Komitəsi tərəfindən bildirilir ki, başqalarına məxsus kommersiya təyinatlı malları şəxsi əşya adı altında gömrük sərhədindən keçirən, habelə belə malları bilərək əldə edən, daşıyan, saxlayan, onlardan istifadə edən və onlar üzərində sərəncam verən şəxslər qanunvericiliklə müəyyən edilmiş məsuliyyət daşıyırlar.

Faktla bağlı araşdırma aparılır.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

7 May 2025 16:57
195