Valyuta nəzarəti
Valyuta nəzarəti
Xarici valyutanın Azərbaycan Respublikasına gətirilməsi və Azərbaycan Respublikasından çıxarılması qaydaları:
Rezident və qeyri-rezident fiziki və hüquqi şəxslər xarici valyutanı gömrük prosedurlarına əməl etməklə məhdudiyyət olmadan Azərbaycan Respublikasına gətirə bilərlər.
Rezident və qeyri-rezident fiziki və hüquqi şəxslər məbləği 10000 (on min) ABŞ dolları ekvivalentinədək olan xarici valyutanı gömrük orqanında şifahi formada bəyan etməklə Azərbaycan Respublikasından nağd şəkildə çıxara bilərlər.
Rezident və qeyri-rezident fiziki və hüquqi şəxslər 10000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən 50000 (əlli min) ABŞ dolları ekvivalenti məbləğinədək olan xarici valyutanı onun əvvəllər Azərbaycan Respublikasına nağd şəkildə gətirilməsini təsdiq edən gömrük sənədlərini və yazılı formada bəyannaməni gömrük orqanına təqdim etməklə Azərbaycan Respublikasından nağd şəkildə çıxara bilərlər.
Yuxarıda qeyd olunan hallar istisna olmaqla, bütün digər hallarda xarici valyutanın rezident və qeyri-rezident fiziki və hüquqi şəxslər tərəfindən Azərbaycan Respublikasından çıxarılması yalnız müvəkkil banklar və poçt rabitəsinin milli operatoru vasitəsilə köçürmə yolu ilə həyata keçirilə bilər.
Milli valyutanın Azərbaycan Respublikasına gətirilməsi və Azərbaycan Respublikasından çıxarılması qaydaları:
Rezident və qeyri-rezident hüquqi şəxslər nağd milli valyutanı (kağız və metal pul nişanları), milli valyutada ifadə olunmuş qiymətli kağızları və milli valyutada ifadə olunmuş yubiley və xatirə pul nişanlarını nominal məbləğindən asılı olmayaraq gömrük orqanlarına bəyan etməklə, Azərbaycan Respublikasından çıxara və Azərbaycan Respublikasına gətirə bilərlər.
Rezident və qeyri-rezident fiziki şəxslər 20000 (iyirmi min) manat məbləğinədək olan nağd milli valyutanı (kağız və metal pul nişanları) və milli valyutada ifadə olunmuş qiymətli kağızları gömrük orqanlarına şifahi formada bəyan etməklə, 20000 (iyirmi min) manat və ondan yuxarı məbləğdə olan nağd milli valyutanı (kağız və metal pul nişanları) və milli valyutada ifadə olunmuş qiymətli kağızları gömrük orqanlarına yazılı formada tam məbləğdə bəyan etməklə, Azərbaycan Respublikasından çıxara və Azərbaycan Respublikasına gətirə bilərlər.
Rezident və qeyri-rezident fiziki şəxslər milli valyutada ifadə olunmuş yubiley və xatirə pul nişanlarını nominal məbləğindən asılı olmayaraq gömrük orqanlarına yazılı formada bəyan etməklə Azərbaycan Respublikasından çıxara və Azərbaycan Respublikasına gətirə bilərlər.
Rezident və qeyri-rezident fiziki və hüquqi şəxslər milli valyutanı məhdudiyyət olmadan müvəkkil banklar və ya poçt rabitəsinin milli operatoru vasitəsilə köçürmə yolu ilə Azərbaycan Respublikasından çıxara və Azərbaycan Respublikasına gətirə bilərlər.