Lənkəranda media nümayəndələri üçün gömrük islahatları mövzusunda təlim başlayıb
Lənkəranda media nümayəndələri üçün gömrük islahatları mövzusunda təlim başlayıb
Noyabrın 28-də Lənkəran şəhərində kütləvi informasiya vasitələrinin nümayəndələri üçün "Gömrük sistemində aparılan islahatlar: nəticələr, perspektivlər" mövzusunda üçgünlük təlim başlayıb.
Təlimin açılış mərasimində Dövlət Gömrük Komitəsi Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Natiq Axundov gömrük sahəsində həyata keçirilən islahatların, tətbiq edilən yeniliklərin ictimaiyyətə çatdırılmasında medianın mühüm rol oynadığını vurğulayıb, son illər gömrük-media münasibətlərinin daha da inkişafının gömrük işinin səmərəli təşkilinə münbit şərait yaratdığını bildirib.
Gömrük-media əməkdaşlığının gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində jurnalistlər üçün artıq 4-cü təlimin təşkil edildiyini bildirən idarə rəisi son illər gömrüklə bağlı məlumatların ölkənin aparıcı kütləvi informasiya vasitələrində daha düzgün və peşəkarlıqla hazırlandığını qeyd edib.
Sonra Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük xidməti general-mayoru İsmayıl Hüseynov çıxış edərək ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi davamlı iqtisadi inkişaf strategiyasının Azərbaycanı qısa müddət ərzində nüfuzlu dövlətə çevirdiyini, ulu öndərin ideyalarının sadiq daşıyıcısı Prezident İlham Əliyev tərəfindən aparılan məqsədyönlü siyasətin, bütün sahələrdə, o cümlədən gömrük sistemində reallaşdırılan elmi əsaslara söykənən innovativ islahatlar sayəsində ölkəmizin iqtisadi qüdrətini daha da artırdığını bildirib.
Komitə sədrinin birinci müavini qeyd edib ki, bütün dövrlərdə dövlətimizin qüdrətlənməsinə, xalqımızın rifah halının yaxşılaşdırılmasına hesablanan bu siyasətin uğurla reallaşdırılmasında Azərbaycan mediasının da əvəzsiz rolu var. Jurnalistikamızın səmərəli, dövlətçilik ənənələrinin qorunmasına söykənən bu fəaliyyətinin hər zaman ulu öndər Heydər Əliyev və Prezident İlham Əliyev tərəfindən yüksək qiymətləndirildiyini deyən İsmayıl Hüseynov son illər gömrük orqanlarında aparılan islahatların, tətbiq edilən yeniliklərin geniş ictimaiyyətə çatdırılmasında medianın müstəsna xidmətindən bəhs edib.
İsmayıl Hüseynov vurğulayıb ki, gömrük orqanları hər zaman gömrük-media münasibətlərinin inkişafına, qarşılıqlı əməkdaşlığın daha da gücləndirilməsinə səy göstərir. "Gömrük işinin səmərəli təşkili məqsədilə həyata keçirilən fəaliyyətin düzgün, peşəkarlıqla cəmiyyətə, sıravi insanlara çatdırılmasında mediamızın rolu danılmazdır", - deyə İsmayıl Hüseynov əlavə edib.
Komitə sədrinin birinci müavini islahatlar prosesində Azərbaycan gömrüyünün medianın dəstəyinə arxalandığını, milli mətbuatımızın da bu dəstəyi əsirgəmədiyini, peşəkar reportajların, dolğun məlumatların hesabına gömrük xidməti ilə xalq arasında körpü rolu oynadığını xüsusi olaraq vurğulayıb.
İsmayıl Hüseynov çıxışının sonunda gömrük-media münasibətlərinin daha da inkişaf etdirilməsi, gömrük sistemində tətbiq edilən yeniliklərin ictimaiyyətə çatdırılması baxımından hazırkı təlimin də faydalı olacağına, qarşılıqlı əməkdaşlığın daha da gücləndiriləcəyinə əminliyini ifadə edərək kütləvi informasiya vasitələrinin nümayəndələrinə uğurlar arzulayıb.
Daha sonra Mərkəzi Gömrük Ekspertizası İdarəsinin Ekspress diaqnostik tədqiqatlar bölməsinin rəisi Əli Abbasov "Mərkəzi Gömrük Laboratoriyası: təyinatı, fəaliyyəti", Texnoloji İnnovasiyalar və Statistika Baş İdarəsi rəisinin müavini Azər Abasov "İslahatlar çərçivəsində informasiya texnologiyalarının gömrük sistemində tətbiqinin vəziyyəti" və "Elektron növbə" layihəsi, Gömrük Tariflərinin Tənzimlənməsi və Ödənişlər Baş İdarəsinin Gömrük ödənişlərindən azadolmalara nəzarət şöbəsinin rəisi Faiq Orucov və həmin idarənin Gömrük tarifləri və tarif təsnifatının tətbiqi şöbəsinin böyük inspektoru Fuad Məmmədov "Fiskal siyasətin həyata keçirilməsində gömrük orqanlarının rolu və əldə olunan nailiyyətlər" mövzusunda təqdimatlarla çıxış ediblər.
Təlim noyabrın 30-dək davam edəcək.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi