Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin ərazi gömrük idarələrində və tabeliyində olan qurumda mövcud olan vakant vəzifələr üzrə 2024-cü il 21 noyabr tarixində növbəti müsabiqə elan edilmişdir. Test imtahanından müvəffəqiyyətlə keçən 72 namizəd və Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 12 noyabr tarixli 349 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Gömrük orqanlarına xidmətə qəbul ilə əlaqədar müsabiqənin keçirilməsi Qaydası”nın 1.8-ci bəndinə uyğun olaraq qeydə alınan 146 namizəd (dövlət qulluğunun xüsusi növündə və dövlət qulluğunda hal-hazırda çalışan (qulluq, xidmət keçən) müvafiq olaraq rütbəyə və ixtisas dərəcəsinə malik olan şəxslər) ümumilikdə 218 namizəd müsabiqənin növbəti - müsahibə mərhələsinə buraxılmışdır. Müsahibədə iştirak etmək üçün namizədlər 2025-cü il 10 yanvar saat 18:00-dək hr@customs.gov.az e-poçt ünvanına müraciət edərək qeydiyyatdan keçməlidirlər. Müsabiqənin müsahibə mərhələsi 2025-cü il 5 fevral tarixindən etibarən Dövlət Gömrük Komitəsinin inzibati binasında keçiriləcəkdir.
Müsahibədə iştirakla bağlı qeydiyyat üçün müraciət edən namizədlər Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 12 noyabr tarixli 349 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Gömrük orqanlarına xidmətə qəbul ilə əlaqədar müsabiqənin keçirilməsi Qaydası”nın 1.5-ci bəndinə uyğun olaraq aşağıdakı sənədləri təqdim etməlidirlər:
- şəxsiyyətini təsdiq edən sənəd;
- müvafiq təhsilə malik olmasını təsdiq edən sənəd;
- sağlamlıq vəziyyəti haqqında tibbi arayış (skan edilmiş);
- hərbi bilet və ya digər hərbi uçot sənədi.
- kadrlar uçotunun şəxsi vərəqəsi (elektron qaydada yazılmış və skan edilmiş);
Yuxarıda qeyd olunan sənədlər müəyyən olunmuş tələblərə uyğun olmadıqda, yaxud natamam olduqda qəbul edilmir və aşkar olunmuş çatışmazlıqlar namizədə izah olunur. Namizədin qeydə alınmamasına səbəb olan çatışmazlıqlar 3 (üç) iş günü müddətində aradan qaldırıldıqda, namizəd müsahibədə iştirak etmək üçün qeydə alınır. Çatışmazlıqlar 3 (üç) iş günü müddətində aradan qaldırılmadıqda, namizəd müsahibədə iştirak etmək üçün qeydə alınmır.
Namizədlərin müsahibədə iştirakı ilə bağlı qeydiyyatı üçün yuxarıda qeyd olunan müraciət müddəti bitdikdən sonra daxil olan müraciətlər qeydə alınmır.
Vətəndaşların gömrük orqanlarında xidmətə qəbul olunarkən təqdim etdiyi sənədlər və məlumatlar qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlanılır. Yoxlama nəticəsində vətəndaşın gömrük orqanlarına xidmətə qəbul olunmasına maneçilik törədən hallar müəyyən olunduqda, ona gömrük orqanlarına xidmətə qəbul olunmasından imtinanın səbəbləri barəsində yazılı formada məlumat verilir.
Namizəd qanunvericiliklə müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatların verilməsi aşkar edildikdə, namizədin test imtahanında və (və ya) müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir.
Müsahibənin keçirildiyi vaxt və yer barədə namizədlərə müsahibənin keçirilməsinə ən azı 5 gün qalmış Komitənin internet saytı vasitəsilə məlumat veriləcəkdir.
Müsahibənin məqsədi namizədin gömrük orqanlarında işləmək üçün tələb olunan keyfiyyətlərə malik olmasını və vakant vəzifənin tələblərinə uyğunluğunu müəyyən etməkdən ibarətdir.
Hər bir namizədlə müsahibə aşkarlıq şəraitində fərdi qaydada Azərbaycan Respublikasının dövlət dilində və azı 20 dəqiqə müddətində aparılır. Müsahibə zamanı namizəd aşağıdakı meyarlar üzrə qiymətləndirilir:
- vəzifə borclarının icrası ilə əlaqədar nəzəri və Azərbaycan Respublikasının Konstitusiyasına, Azərbaycan Respublikasının qanunlarına, Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktlarına və digər normativ-hüquqi aktlarına dair biliyi;
- vəzifə borclarının icrası ilə əlaqədar nəzəri və qanunvericilik biliklərinin tətbiqi bacarığı, xarici dilləri bilməsi;
- özünü təqdimetmə bacarığı, təmkinliliyi, fikir və rəyini ifadə etmək qabiliyyəti;
- təşəbbüskarlığı, analitik düşünmə qabiliyyəti, hadisələri obyektiv qiymətləndirmək, problemlərin həlli ilə bağlı qərar çıxarmaq bacarığı.
Müsahibənin nəticəsinə görə ən çox 20 bal toplamaq mümkündür, ən azı 16 bal toplamış namizəd müsahibə mərhələsini müvəffəqiyyətlə keçmiş hesab olunur .
Vakant vəzifələr üzrə hazırlanmış müsahibə proqramları əsasında namizədlərin bilik və bacarıqları yoxlanılacaqdır. Müsahibə proqramları Komitənin rəsmi saytında
“Komitə/Xidmətə qəbul/Namizədlərin müsabiqəyə hazırlığı ilə bağlı proqramla/Müsahibə proqramları alt bölməsindən əldə edə bilərsiniz.
Müsabiqə şərtlərinə əsasən vakant vəzifə üzrə ən yüksək nəticə əldə namizəd müsabiqənin qalibi hesab edilir və həmin namizədin müvafiq vakant vəzifəyə təyinatı nəzərdə tutulur.
Müsahibələr Komitənin Bakı şəhəri, İnşaatçılar prospekti 2 ünvanında yerləşən inzibati binasında keçiriləcəkdir. Müsahibələrin keçirilmə qrafiki barədə əlavə məlumat veriləcəkdir.
Azərbaycan Respublikasının
Dövlət Gömrük Komitəsinin
İnsan Resursları İdarəsi
Telefon: (+994 012) 404-22-00 (daxili: 0121, 0118, 0127)
e-poçt: hr@customs.gov.az