Ümummilli lider Heydər Əliyevin anım gününə həsr edilmiş elmi-praktik konfrans keçirilib
Ümummilli lider Heydər Əliyevin anım gününə həsr edilmiş elmi-praktik konfrans keçirilib
Dekabrın 14-də Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anım gününə həsrolunan "Anadangəlmə ürək-damar xəstəliklərinin müalicəsində müasir yanaşmalar" mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib.
Konfransın təşkilat komitəsinin üzvləri, rəsmi qonaqlar və xarici ekspertlər ilk öncə Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri Heydər Əliyevin əziz xatirəsini dərin ehtiramla yad edib, ulu öndərin məzarı önünə əklil və tər çiçəklər qoyublar.
Daha sonra konfransın açılış mərasimi keçirilib. Dövlət himnimizin səsləndirilməsi ilə başlayan tədbirdə Ulu öndərin xatirəsi 1 dəqiqəlik sükutla yad olunub.
Açılış mərasimində çıxış edən Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov konfrans iştirakçılarını salamlayıb və konfransın işinə uğurlar arzulayıb. Ceyhun Məmmədov bildirib ki, Azərbaycan səhiyyəsinin əsaslı şəkildə yenidən qurulması və inkişafında misilsiz xidmətlər göstərən ümummilli lider Heydər Əliyev ölkə əhalisinin sağlamlığını daim diqqət mərkəzində saxlayıb. Məhz onun həyata keçirdiyi uzaqgörən siyasətin nəticəsi olaraq onlarla tibb müəssisəsi, səhiyyə ocaqları, xəstəxanalar tikilərək istifadəyə verilib, ölkənin ən ucqar bölgələrində belə yaşayan əhali üçün səhiyyə xidmətlərinin əlçatanlığı təmin olunub.
Bu gün Ulu öndərin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayan Tibbi Xidmət İdarəsinin rəisi digər sahələrdə olduğu kimi, səhiyyə sistemində də mühüm nailiyyətlərin əldə edildiyini diqqətə çatdırıb. Bildirilib ki, həyata keçirilən genişmiqyaslı islahatlar əhalinin sağlamlığının qorunmasına, səhiyyəmizin müasir standartlara uyğun şəkildə qurulmasına, orta ömür müddətinin uzanmasına şərait yaradıb.
Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondununda məhz bu ideyalara əsaslanaraq insanlara qayğı və təmənnasız dəstək prinsipi ilə cəmiyyətdə böyük rəğbət qazandığını diqqətə çatdıran Ceyhun Məmmədov Fondun xüsusi diqqət və dəstəyi sayəsində ürək qüsurlu uşaqlar üzərində unikal cərrahi əməliyyatların həyata keçirildiyini, bu uşaqların çox ciddi xəstəliklərdən qurtularaq sağlamlığına qovuşduqlarını vurğulayıb.
Daha sonra Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyevin tədbir iştirakçılarına ünvanladığı salamlama məktubu oxunub. Açılış mərasimində həmçinin, Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi Tədris Mərkəzinin rəisi Rəşad Mahmudov, Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru Nəsib Quliyev və Türkiyə Ürək və Sağlamlıq Fondunun prezidenti Öztekin Oto da çıxış ediblər.
Yerli mütəxəssislərlə yanaşı Türkiyə, Almaniya, İran və İtaliyanın nüfuzlu tibbi ekspertlərinin də iştirak etdiyi beynəlxalq konfransda anadangəlmə ürək-damar xəstəliklərinin diaqnostikası, müasir müalicə üsulları və metodları, bu xəstəliklərin profilaktikasında müasir yanaşmalar müzakirə olunub.
Konfransın gedişində Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi Tədris Mərkəzinin rəisi Rəşad Mahmudov "Minimal invaziv cərrahiyyə", Türkiyənin Florence Nightingale Xəstəxanalar Qrupundan professor Yalım Yalçın "Anadangəlmə ürək qüsurlarının müalicəsində invaziv kardioloji metodların rolu", uşaq kardiocərrahı professor Bülent Polat "Fallo tetradasinın ümumi korreksiyasında 20 illik təcrübə", pediatr-neonatoloq Ozan Uzunhan "Yenidoğulmuşlarda kritik anadangəlmə ürək xəstəliklərinin erkən diaqnozunda pulsoksimetriyanın rolu", İtaliyanın Boloniya Universitetinin kardiologiya kafedrasının dosenti, kardioloq Franko Nakarella "Müasir uşaq kardiologiyasında klinik və genetik konsultasiyalar", Almaniyanın Yunq Ştillinq Klinikasının kardioloqu Cohannes Riks "Mitral və triksupidal qapaq çatışmazlıqlarında intervensiyon yenilikləri", həmin klinikanın professoru Gündüz Dursun "Aorta qapağı dəyişimində və koronar revaskulyarizasiyada olan yeniliklər", İranın Genetik Mühəndislik və Biotexnologiya üzrə Milli İnstitutun həkim-genetiki Saber Siamak "Ürək qüsurları və genetik xəstəliklər arasında əlaqə" mövzularında və digər yüksək ixtisaslı mütəxəssislər müxtəlif məruzələrlə çıxış ediblər.
Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi tərəfindən mütəmadi olaraq təşkil olunan elmi-praktik konfransların əsas məqsədi yerli və beynəlxalq tibb ictimaiyyətinin nümayəndələrini bir araya gətirməklə ölkə səhiyyəsində yüksək texnologiyalar və innovasiyaların tətbiqi ilə bağlı nailiyyətləri təbliğ etmək və təcrübə mübadiləsi aparmaqdır.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi