Ümumdünya Gömrük Təşkilatı Risklərin İdarəedilməsi üzrə Diaqnostik Missiyanı həyata keçirir
Ümumdünya Gömrük Təşkilatı Risklərin İdarəedilməsi üzrə Diaqnostik Missiyanı həyata keçirir
Ümumdünya Gömrük Təşkilatı martın 3-dən etibarən Dövlət Gömrük Komitəsində və Komitənin strukturuna daxil olan müvafiq qurumlarda Risklərin İdarəedilməsi üzrə Diaqnostik Missiyanı həyata keçirir. Bu məqsədlə Ümumdünya Gömrük Təşkilatının ekspertləri Oğuz Onal, Sertac Yapıcı və Ömər Koç respublikamızda səfərdədir.
Ümumdünya Gömrük Təşkilatının (ÜGT) prosesi həyata keçirəcək mütəxəssisləri ilə görüşən Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük xidməti general-leytenantı İsmayıl Hüseynov iki qurum arasındakı səmərəli əməkdaşlıqdan məmnunluqla bəhs edib, qarşılıqlı münasibətlərin daha da inkişaf edəcəyinə əminliyini bildirib.
Son illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə gömrük sistemində aparılan islahatların uğurla reallaşdırılmasında ÜGT-nin tövsiyələrinin əhəmiyyətinə toxunan İsmayıl Hüseynov bu çərçivədə tətbiq edilən Risklərin İdarəedilməsi Sisteminin də gömrük işinin səmərəli təşkilinə, gömrük əməliyyatlarının, sərhədkeçmə proseslərinin sürətləndirilməsinə şərait yaratdığını bildirib.
Qeyd edək ki, martın 3-də başlayan diaqnostik qiymətləndirmə prosesi 7 gün davam edəcək. ÜGT-nin ekspertləri Oğuz Onal, Sertac Yapıcı və Ömər Koç tərəfindən idarə edilən proses çərçivəsində Komitənin aidiyyəti qurumları təqdimatlarla çıxış edəcək və müxtəlif mövzularda müzakirələr aparılacaq.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi