Ömrünü vətəninə, xalqına həsr edən ƏBƏDİYAŞAR LİDER
Ömrünü vətəninə, xalqına həsr edən ƏBƏDİYAŞAR LİDER
Azərbaycan xalqının ümummilli lideri, müasir müstəqil Azərbaycanın memarı və qurucusu Heydər Əliyev Azərbaycan tarixinin yetirdiyi ən böyük şəxsiyyətlərdən biridir. Azərbaycanın son yarım əsrinin bütün çalarları ilə zəngin olan möhtəşəm tarixi ulu öndərin adı ilə bilavasitə bağlıdır.Mayın 10-u xalqımızın dahi oğlu Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü günüdür. Yaşarı dünyasından sonra xalqın yaddaşında qalmaq hər kəsə nəsib olmur. Xalq yalnız sevdiklərini yadda saxlayır və yaşadır. Heydər Əliyev misilsiz xidmətlərinə görə hər zaman Vətəni, xalqı üçün əziz olaraq qalacaq. Çünki bu dahi insan xalqımız qarşısındakı xidmətləri ilə hələ sağlığında ikən tarixin yaddaşında əbədiləşmiş böyük azərbaycanlıdır."Mənim həyat amalım yalnız bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mədəni inkişafına xidmət olub", - deyən Heydər Əliyev istər sovet dönəmində, istərsə də müstəqillik illərində qüdrəti və zəkası, böyük müdrikliyi və uzaqgörənliyi ilə Azərbaycanı dünya ölkələri sırasında layiqli yerə çıxarıb. O, keçmiş SSRİ-nin ən nüfuzlu siyasətçilərindən biri idi. Bu səbəbdən də "Azərbaycan sənin üçün kiçikdir, sən ittifaqa lazımsan", - deyə onu Moskvaya dəvət etdilər. Amma burada o, həm də onu gözü götürməyən məkrli qorbaçovların xəyanətinə tuş gəldi, Vətəninə döndü. Bu qayıdış isə daha möhtəşəm oldu. Ümidlə, inamla yolunu gözləyən xalqının arzusu ilə yenidən hakimiyyətə gəldi. Milyonları öz ətrafında, bir bayraq altında birləşdirə bildi. Sözünün qüdrəti ilə hər kəsi inandırdı. Əməlləri ilə sözünü gerçəyə çevirdi.Azərbaycan dövlət quruculuğu prosesini sürətlə keçdi. Çünki ulu öndər Heydər Əliyevin yaratdığı təməl prinsiplər düzgün yerinə yetirilmişdi. Dahi siyasi xadimin xidmətləri sayəsində dövlətçilik, azərbaycançılıq, dünyəvilik, müasirlik kimi ideyalar cəmiyyətin dünyagörüşü sisteminin ayrılmaz hissəsinə çevrildi, müasir Azərbaycanın mövcudluğunun və inkişafının ideya əsasını təşkil etdi. Heydər Əliyev öz fəaliyyəti ilə Azərbaycanda demokratik cəmiyyətə keçid mexanizmini yaratdı, müstəqil və demokratik cəmiyyət formalaşdırmaq kimi tarixi missiyanın öhdəsindən uğurla gəldi. Ulu öndər güclü dövlət, səmərəli iqtisadiyyat və azad insan amillərinə əsaslanan konsepsiyası ilə müstəqil Azərbaycanın tarixində qızıl səhifələr yazdı. Heydər Əliyevin quruculuq salnaməsi azərbaycanlıların həyatına birdəfəlik daxil oldu. Onun Azərbaycana rəhbərlik illəri milli intibah dövrü kimi əbədiləşdi.XX əsrin 70-ci illərindən etibarən Azərbaycanın siyasi həyatı və bütünlüklə cəmiyyətimiz Heydər Əliyevin böyük səyləri sayəsində inkişafın yeni mərhələsinə qədəm qoymuşdur. Onun respublikaya rəhbərliyə gəlməsindən sonrakı dövr milli özünüdərkin, milli özünəqayıdışın başlanğıcı olmuşdur. Heydər Əliyevin yaratdığı siyasi və dövlətçilik məfkurəsi Azərbaycanın dünyada özünəməxsus yerini müəyyənləşdirmiş, dövlətçiliyimizin əsasını təşkil etmiş və dünya azərbaycanlılarının həmrəyliyinin ideya əsasını yaratmışdır.1993-cü ildə Heydər Əliyevin hakimiyyətə qayıdışı bir əsrdə ikinci dəfə milli dövlətçiliyi dağılmaq təhlükəsinə məruz qalan Azərbaycan xalqını siyasi uçurumdan, deqradasiyadan və sosial-iqtisadi təlatümlərdən xilas etdi. Ötən əsrin sonunda ulu öndərin siyasi uzaqgörənliyi, yorulmaz fədakarlığı və əzmkarlığı Azərbaycanda hökm sürən hərc-mərcliyə, tənəzzülə, vətəndaş qarşıdurmasına son qoydu.Heydər Əliyevin siyasi liderlik keyfiyyətləri, fenomenal şəxsiyyəti, dünyada güclü nüfuzu və strateq məharəti ilə Azərbaycan uğrunda gedən ən kəskin geosiyasi mübarizə və ziddiyyətləri, onların ölkəmizə mənfi təsirlərini tam neytrallaşdırmağa və mübarizədən qalib çıxmağa müvəffəq oldu. Bununla da dövlətçiliyimizin xilaskarının - Heydər Əliyevin dühası sayəsində Azərbaycan uğurlu dövlət modelini formalaşdırdı, gələcək mövcudluğunu və yüksəlişini təmin etdi.Ulu öndərin hakimiyyətə qayıdışı ilə tərəqqi yoluna qədəm qoyan Azərbaycanın suverenliyi, milli mənafeyə əsaslanan inkişafı əbədi, dönməz xarakter aldı, davamlı iqtisadi inkişaf üçün möhkəm təməl yaradıldı, xalqın milli-mənəvi və özünüdərk ruhu, vətəndaşlıq və azərbaycançılıq məfkurəsi yüksəldi. Heydər Əliyevin hakimiyyətinin ikinci dövründə Azərbaycanda ümumbəşəri dəyərlərə söykənən demokratik, hüquqi, dünyəvi və müasir dövlətin ideoloji əsasları və strateji inkişaf istiqamətləri formalaşdırıldı.Dahi rəhbərin fədakar və yorulmaz fəaliyyəti sayəsində müstəqil və milli maraqlara əsaslanan siyasət yürüdən ölkəmiz dünya birliyində mövqeyini gücləndirdi və Cənubi Qafqazın liderinə, regionun sabit inkişaf edən nüfuzlu dövlətinə, dünyada etibarlı tərəfdaşa çevrildi. Ümummilli liderin şah əsəri olan müstəqil Azərbaycan dünya güclərinin hesablaşdığı, regionda gerçəkləşdirilən transmilli layihələrin təşəbbüskarı və fəal iştirakçısı olan dövlət kimi bütün dünyanın diqqətini cəlb etməyə başladı. Ulu öndərin çoxsaylı xarici səfərləri, ikitərəfli və beynəlxalq səviyyədə imzalanmış mühüm saziş və sənədlər, uğurlu neft diplomatiyası, beynəlxalq və regional təşkilatlarla aparılan gərgin iş ölkəmizin inkişafının sürətləndirilməsinə mühüm töhfəsini verdi.Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ölkədə bərqərar olmuş ictimai-siyasi sabitlik müasir, müstəqil, dünyəvi, demokratik, hüquqi dövlət quruculuğunun həyata keçirilməsi üçün münbit şərait yaratdı. Əsl siyasi lider keyfiyyətlərini bütün parlaqlığı ilə nümayiş etdirən ümummilli lider xalqı səfərbər etməklə çox qısa müddətdə müasir siyasi inkişaf ideyalarını reallaşdırmağa müvəffəq oldu. Milli dövlət quruculuğu islahatlarının uğurla həyata keçirilməsi, qanunvericiliyin Avropa standartlarına uyğunlaşdırılması, demokratik dəyərlərə əsaslanan hüquq və məhkəmə sisteminin formalaşdırılması, söz və vicdan azadlığının təmin edilməsi, çoxpartiyalı sistemin bərqərar olması, sosial ədalət prinsipinə, bəşəri dəyərlərə, Azərbaycan xalqının milli mənafelərinə əsaslanan milli dövlətçilik modelinin formalaşmasını şərtləndirdi.Bu kontekstdə müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbul olunması və ilk parlament seçkilərinin keçirilməsi ulu öndərin dövlət quruculuğu islahatlarının əsas nailiyyətləri sırasında xüsusilə qeyd edilməlidir. Müstəqil Azərbaycanın ilk Konstitusiyasının Heydər Əliyevin rəhbərliyi ilə hazırlanaraq 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsində qəbul edilməsi dövlət quruculuğu tarixində keyfiyyətcə yeni mərhələnin başlanğıcı oldu.Ümummilli liderin islahatlar yolu ilə Azərbaycanın milli iqtisadiyyatının formalaşdırılması siyasəti hələ Sovet İttifaqı zamanında - 1969-cu ildən Heydər Əliyevin ölkəyə rəhbərliyi ilə başlanan böyük tarixi missiyanın əsas istiqamətlərindən idi.Zəngin təbii sərvətlərinə, istehsal potensialına baxmayaraq, Azərbaycanın keçmiş SSRİ-nin geridə qalmış respublikalar sırasına düşməsinin səbəblərini araşdıran ulu öndər Heydər Əliyev iqtisadi inkişafa xidmət edən kompleks tədbirlərin həyata keçirilməsini təmin etməklə, peşəkar strateq və müdrik dövlət xadimi olduğunu sübuta yetirmişdir. Ümummilli lider respublikada, ilk növbədə, milli-mənəvi ruhu yüksəltməklə, azərbaycanlıların öz tarixi ənənələrinə, köklərinə bağlılığı sürətləndirməyə çalışmış, xalqın müstəqil yaşaya bilməsi üçün lazım olan iqtisadi və maddi-texniki bazanın formalaşdırılmasına xüsusi diqqət yetirmişdir.Ümummilli lider qısa müddətdə respublika iqtisadiyyatında ciddi keyfiyyət dəyişikliklərinə nail olmaqla, Azərbaycanı xammal istehsalçısından qabaqcıl, müasir texnika və texnologiya ilə təchiz olunmuş sənaye bazasına çevirə bildi. Keçmiş Sovet İttifaqı kimi böyük bir dövlətin zəngin iqtisadi potensialından və geniş imkanlarından istifadə edərək respublikanı tərəqqi yoluna çıxaran Heydər Əliyev yeni və mütərəqqi sənaye sahələrinin yaradılması istiqamətində mühüm tədbirlər həyata keçirdi. Sənayenin inkişaf səviyyəsinə görə respublikanın bütün bölgələrinin proporsional inkişafı yönümündə ardıcıl addımlar atıldı, istehsalla bilavasitə bağlı elmi-tədqiqat sahələrinin inkişafı üçün kompleks tədbirlər görüldü.Həmin dövrün statistik məlumatları təsdiqləyir ki, Heydər Əliyev dühasının gərgin əməyi, qətiyyəti, fitri idarəçilik qabiliyyəti, vətənpərvərliyi sayəsində Azərbaycan keçmiş ittifaqın geridə qalmış əyalətindən bütün sahələrdə sürətlə inkişaf edən, yüksələn, özünü iqtisadi cəhətən təmin edən qabaqcıl respublikaya çevrilmişdir. 1969-1972-ci illərdə xalq təsərrüfatının artım sürəti orta ittifaq səviyyəsini xeyli qabaqlamış, istehsal edilən milli gəlir 2,6, sənaye məhsulunun həcmi 2,7, kənd təsərrüfatı məhsulları 2,3 dəfə artmışdı. 15 il ərzində miqyasına görə respublikamızda bütün keçmiş tarixi boyu yaradılmış potensialla müqayisə edilə biləcək güclü sənaye potensialı yaradılmışdı.Müasir Azərbaycanın ötən əsrin son onilliyində yenidən qazandığı dövlət müstəqilliyi və tarix baxımından elə də böyük olmayan zaman kəsiyində yüksək templər üzərində qurulmuş inkişafı da məhz ümummilli lider Heydər Əliyevin adı ilə bilavasitə bağlı olmuşdur. Hadisələrin gedişini ən azı bir neçə il qabaqlamaq, onları böyük məharətlə idarə etmək və milli maraqlar çərçivəsində inkişafa uyğunlaşdırmaq, dövrün çağrışlarına adekvat reaksiya vermək və digər fenomenal qabiliyyətləri sayəsində ulu öndər həm də müasir Azərbaycanın dünya siyasətində layiqli yer tutması üçün fundamental əsaslar yaratmışdır.Ulu öndərin əzmkar fəaliyyəti sayəsində suveren Azərbaycanın hərtərəfli tərəqqisinin əsası qoyulmuş, ölkəmiz istər siyasi, istər iqtisadi, istər mədəni, istərsə də digər vacib sahələrdə özünün yeni intibah mərhələsinə daxil olmuşdur. Heydər Əliyevin məqsədyönlü, konkret hədəflərə hesablanmış siyasəti nəticəsində iqtisadiyyatda mühüm islahatlar aparılmasında atılan ardıcıl, sistemli addımlar və çoxşaxəli fəaliyyət proqramları yeni şəraitdə sözügedən sferada inkişafı sürətli hala gətirməyə, bazar münasibətlərinin təşəkkülü üçün zəruri hesab edilən ilkin şərtlərin yaradılmasına imkan vermişdir.Ümummilli liderin həyata keçirdiyi məqsədyönlü siyasət sayəsində bazar iqtisadiyyatına uyğun qanunvericiliyin, büdcə, vergi, bank sistemlərinin formalaşdırılması, aqrar islahatlarının həyata keçirilməsi, dövlət əmlakının özəlləşdirilməsi ölkəmizin qədəm qoyduğu yeni ictimai-iqtisadi formasiyanın əsas atributlarından sayılan sahibkarlıq sinfinin formalaşmasında müstəsna əhəmiyyət kəsb etmişdir. Nəticə etibarı ilə özəl sektorun ölkənin sosial-iqtisadi tərəqqisində və ümumi daxili məhsulun istehsalında xüsusi çəkisi artan xətt üzrə inkişaf etməyə başlamış, planlı təsərrufat sistemindən sərbəst bazar münasibətlərinə əsaslanan sosial istiqamətli iqtisadi formasiyaya keçidin möhkəm bazisi yaradılmışdır. Bütün bunlar ona gətirib çıxarmışdır ki, ölkəmizdə aparılan müstəqil dövlət quruculuğu prosesində iqtisadi islahatların və inkişafın mahiyyət etibarı ilə yeni bir modeli - Azərbaycan modeli formalaşmışdır.Müstəqilliyin ilk illərində tənəzzülə uğramış iqtisadiyyat, idarəolunmaz inflyasiya, işsizlik və digər mənfi faktorlara görə ölkə dərin sosial-iqtisadi böhran məngənəsində sıxılmaqda idi. Bir ictimai-iqtisadi formasiyadan digərinə keçidin yaratdığı məhrumiyyətlər, yerli və ittifaq miqyasında formalaşmış qarşılıqlı mübadilə və istehsal-kooperasiya əlaqələrinin qırılması, istehsalın kəskin azalması, uğursuz və yanlış sosial-iqtisadi siyasət nəticəsində iqtisadiyyatın iflic vəziyyətinə düşməsinə görə işsizlik kütləviləşmiş, əhalinin güzəranı ağırlaşmışdı.Məhz ölkənin belə ağır vəziyyətində ona rəhbərlik etməyə başlayan Heydər Əliyev Azərbaycanın müstəqil iqtisadi inkişaf kursunu müəyyənləşdirdi. "İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir" reallığını dövlət quruculuğu prosesinin bütün mərhələlərində əzmlə həyata keçirən dahi siyasət korifeyinin prinsipial mövqeyi, iqtisadi manevr etmək bacarığı nəticəsində ictimai-siyasi, sosial-iqtisadi, humanitar sferada, beynəlxalq münasibətlərdə dönüş yarandı, müstəqil dövlət quruculuğu prosesi başlandı. Bütün sahələrdə olduğu kimi, iqtisadiyyatda da institusional islahatlar həyata keçirildi, azad bazar iqtisadiyyatının formalaşdırılması məqsədilə hüquqi baza yaradıldı, məqsədli dövlət proqramları qəbul edildi, iqtisadi hədəflər və onlara nail olunması yolları müəyyənləşdirildi, maliyyə vəziyyəti sabitləşdi. Növbəti addımlar kimi, Azərbaycan iqtisadiyyatının dünya iqtisadiyyatına inteqrasiyasına, ölkəmizə investisiyaların cəlb olunmasına başlandı, iqtisadi fəallıq bərpa olundu, həyat səviyyəsi yüksəldi.Bu dövrdə qəbul olunmuş iqtisadi qanunlar Azərbaycanın milli iqtisadi inkişaf modelinin formalaşmasına və islahatların vətəndaşların mənafeyinə uyğun şəkildə həyata keçirilməsinə etibarlı zəmin yaratdı. Heydər Əliyevin rəhbərliyi dövründə iqtisadi sahələrin tənzimlənməsi ilə bağlı 70-dən artıq qanun qəbul edildi, 100-dən çox fərman və sərəncam imzalandı, 30-a yaxın dövlət proqramı təsdiq edildi. Ümumilikdə 1993-2003-cü illərdə qəbul edilmiş, ictimai-siyasi, iqtisadi-sosial, mədəni və digər sahələr üzrə 1715 qanun və qərardan 975-i parlamentə ulu öndərin təşəbbüsü ilə təqdim olunmuşdu.Beləliklə, ümummilli lider tərəfindən zamanın yeni çağırışlarını, azad bazar iqtisadiyyatının və sahibkarlığın inkişaf tələblərini nəzərə almaqla həyata keçirilən islahatlar, qəbul edilən qanun və proqramlar, qərarlar iqtisadiyyatın dövlət inhisarçılığından azad edilməsi, sahibkarlığın inkişafı, liberal iqtisadiyyatın, biznes və investisiya mühitinin formalaşdırılmasını təmin etdi. Aparılan islahatlar nəticəsində 1991-ci ildən başlayan iqtisadi resessiya dayandırıldı və müstəqillik dövrünün sabit iqtisadi inkişaf mərhələsi başlandı.Ümumilikdə Heydər Əliyevin sosial-iqtisadi strategiyası 1995-ci ildən Azərbaycanda bu sahədə keyfiyyətcə yeni mərhələnin başlanmasına səbəb oldu. Bərpa və dinamik inkişaf dövrü kimi xarakterizə olunan 1995-2003-cü illər ərzində ümumi daxili məhsul 1,7 dəfə, büdcə gəlirləri 3,9 dəfə, ölkənin valyuta ehtiyatları 85 dəfə, sənaye məhsulunun həcmi 22,4 faiz, kənd təsərrüfatı istehsalı 52,8 faiz, xarici ticarət dövriyyəsi 4 dəfə, iqtisadiyyatda məşğul olanların orta aylıq əməkhaqqı 6,2 dəfə artdı, inflyasiya səviyyəsi 2-3 faizədək azaldı. Bu dövrdə iqtisadiyyata bütün maliyyə mənbələri hesabına 20 milyard ABŞ dolları həcmində investisiya qoyuldu.Ümummilli liderin siyasi əzmkarlığının təntənəsi olan "Əsrin müqaviləsi" ölkənin enerji potensialının milli mənafelərimizə uyğun şəkildə dünya bazarına çıxarılmasına, iqtisadiyyatın digər sahələrinin inkişafına imkan yaratmaqla yanaşı, dövlət müstəqilliyimizin möhkəmlənməsinin mühüm təminatına çevrildi. Ulu öndərin müəllifi olduğu yeni neft strategiyası həm də Azərbaycanın postsovet məkanında Qərbin transmilli neft şirkətləri ilə böyük miqyasda saziş imzalayan ilk dövlət kimi Xəzərdə beynəlxalq əməkdaşlığın əsasını qoyması ilə əlamətdardır.Neftin dünya bazarlarına çıxarılması üçün 1996-cı ildə Bakı-Novorossiysk, 1999-cu ildə Bakı-Supsa ixrac neft kəmərlərinin istismara verilməsi, Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərinin inşasına dair sazişin imzalanması ilə karbohidrogen ehtiyatlarının ixrac marşrutlarının şaxələndirilməsi təmin edildi. Neft strategiyasının ən böyük uğurlarından olan Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə yanaşı, Azərbaycan qazının ixracının təmin olunması üçün ümummilli liderin təşəbbüsü ilə Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin inşasına başlanıldı.1999-cu ildə Heydər Əliyevin fərmanı ilə neft yataqlarının xarici şirkətlərlə birgə işlənməsindən əldə edilən mənfəət neftin satışından daxil olan vəsaitlərin səmərəli idarə edilməsi, həmin gəlirlərin prioritet sahələrin inkişafına yönəldilməsini təmin etmək üçün Dövlət Neft Fondu yaradıldı. Fond karbohidrogen ehtiyatlarının ölkə əhalisinin və gələcək nəsillərin yüksək rifahına, hərtərəfli inkişafına yönəldilməsində effektli mexanizmə çevrildi. Təsadüfi deyildir ki, ümummilli liderin təşəbbüsü ilə fondun ilk vəsaiti qaçqın və məcburi köçkünlərin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına yönəldildi.Beləliklə, ümummilli liderin müəllifi olduğu dəqiq düşünülmüş neft strategiyasının uğurla həyata keçirilməsi ilə Azərbaycan xalqı müstəqil şəkildə öz sərvətlərindən olan neftdən tam bəhrələnmək imkanı qazandı və ölkə iqtisadiyyatının hərtərəfli, sabit inkişafına, həmçinin neft gəlirlərinin sosial sahələrə, insan kapitalına yönəldilməsinə başlandı.Heydər Əliyevin uğurla həyata keçirdiyi köklü torpaq islahatı kəndlini onun əsl sahibinə çevirdi. 1996-cı ildə qəbul edilmiş "Torpaq islahatı haqqında" qanunla postsovet ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda torpaq üzərində xüsusi mülkiyyətçilik bərqərar oldu. Sahibkarlığın, rentabelli təsərrüfatçılığın inkişafının təmin edilməsi məqsədilə mühüm tədbirlər həyata keçirildi, kənd təsərrüfatı məhsulları istehsalçılarının əvvəlki vergi borcları silindi, müddətli vergi güzəştlərinin verilməsinə başlandı, onlar torpaq vergisindən başqa bütün digər vergi ödənişlərindən azad edildilər və bu güzəştlər hazırda da davam etdirilir.2002-ci ilin aprel-may aylarında Heydər Əliyevin yerli və xarici iş adamları ilə görüşləri özəl bölmənin inkişafında yeni keyfiyyət mərhələsinin başlanması baxımından xüsusilə önəmlidir. Ulu öndərin sahibkarlarla birbaşa təması, onların problem və istəklərini dinləməsi, aparılan fikir mübadiləsi və çətinliklərin qısa müddət ərzində həlli üçün konkret tapşırıqlar, fərman və sərəncamlar verməsi sahibkarlara göstərilən böyük diqqət və etimadın, özəl sektorun inkişaf etdirilməsi yolu ilə Azərbaycanın iqtisadi qüdrətinin artırılması, qeyri-neft sektorunda yüksək nəticələrin əldə olunacağına güclü inamın göstəricisi idi. Görüşlərin nəticəsi olaraq, biznes mühitinin daha da yaxşılaşdırılması, özəl bölmənin inkişafında mövcud olan problemlərin sistemli həlli, sahibkarlığın sürətli inkişafı üçün əlverişli mühitin yaradılması məqsədilə imzalanmış bir sıra mühüm fərman və sərəncamlar ölkədə özəl sektorun keyfiyyətcə yeni mərhələsinin əsasını qoydu.Ulu öndərin təşəbbüsü ilə qəbul olunmuş dövlət proqramları kiçik və orta sahibkarlığın inkişafını iqtisadi siyasətin prioritet istiqamətlərindən birinə çevirdi, onlara maliyyə dəstəyi və zəruri texniki yardım göstərən strukturlar formalaşdı, vergi yükü azaldıldı, kiçik sahibkarlıq subyektlərinə vahid vergi tətbiq edildi, özəl bölməyə dövlət nəzarəti əhəmiyyətli dərəcədə məhdudlaşdırıldı, dövlət mülkiyyətinin özəlləşdirilməsinin qanunvericilik bazası yaradıldı.Təsadüfi deyildir ki, ulu öndərin sahibkarlarla keçirilmiş görüşlərinin Azərbaycan sahibkarlığının inkişafında mühüm tarixi əhəmiyyətini, habelə ölkənin iqtisadiyyatında sahibkarların artan rolunu, məşğulluğun təmin olunmasında özəl sektorun inkişafının müstəsna əhəmiyyətini nəzərə alaraq, Azərbaycan Prezidenti İlham Əliyevin 21 aprel 2016-cı il tarixli sərəncamına əsasən, hər il aprelin 25-i ölkəmizdə Sahibkarlar Günü kimi qeyd edilir.Ümummilli lider Heydər Əliyev tərəfindən həyata keçirilən sosial-iqtisadi inkişaf kursunun əsas vektorlarından birini Azərbaycanın regionlarının tarazlı və harmonik inkişafı təşkil edirdi. Ölkənin gələcək inkişafının həm də onun regionlarının harmonik inkişafı ilə bağlı olduğunu çox düzgün qiymətləndirən ulu öndər bölgələrin davamlı inkişafının təmin edilməsində yerlərdəki potensialdan səmərəli istifadəni vacib hesab edirdi. Bu baxımdan, 1995-2003-cü illər, həm də regionların sürətli sosial-iqtisadi inkişafına zəmin yaratmış mühüm tədbirlərin həyata keçirilməsi ilə xarakterizə edilə bilər. O dövrdə bazar münasibətlərinin geniş vüsət alması, özəlləşdirmə proqramlarının həyata keçirilməsi, milli sahibkarlar sinfinin formalaşması, bölgələrdə fəaliyyət göstərən sahibkar və fermerləri də əhatə edən hərtərəfli iqtisadi islahatların aparılması, regionların hazırkı inkişafına əlverişli zəmin yaratdı.Tranzit dəhlizlərinin və yolların, bütünlükdə yol-infrastruktur sahəsinin inkişafı, beynəlxalq bazarlara çıxış imkanlarının təmin edilməsi məqsədilə etibarlı, rahat və effektiv nəqliyyat sisteminin formalaşdırılması sahəsində həyata keçirilən tədbirlər xüsusilə əhəmiyyət kəsb edir. Bu baxımdan Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən infrastrukturun inkişafı siyasətinin mərkəzində tranzit dəhlizlərinin və yolların, bütünlükdə yol-nəqliyyat sahəsinin inkişafı, Azərbaycanın nəqliyyat sisteminin beynəlxalq sistemə sürətli və məqsədyönlü inteqrasiyası dururdu.Bu istiqamətdə həyata keçirilmiş mühüm tədbirlər çərçivəsində ölkə ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin hüquqi çərçivəsinin formalaşdırılması və bu dəhlizlərə əlavə yük axınlarının cəlb edilməsinə zəmin yaratmış TRASEKA ("Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizi"), Şimal-Cənub, İNOGEYT təşəbbüsləri xüsusi qeyd edilməlidir. Bu layihələrin həyata keçirilməsi, eləcə də infrastrukturun daha da müasirləşdirilməsi istiqamətində görülən sistemli işlər nəticəsində Xəzər bölgəsində Azərbaycan əsas logistik-nəqliyyat qovşağına və beynəlxalq əhəmiyyətli neft-qaz tranziti ölkəsinə çevrilmişdir.Azərbaycanda ictimai-siyasi, makroiqtisadi sabitliyin bərqərar olmasının ardınca ulu öndərin həyata keçirdiyi dayanıqlı, mükəmməl və müsbət beynəlxalq təcrübəyə uyğun normativ hüquqi bazaya əsaslanan sosial siyasət əhalinin həyat səviyyəsində və iş yerləri ilə təmin olunmasında əhəmiyyətli dəyişikliklərə səbəb oldu.Ümummilli liderin rəhbərliyi ilə həyata keçirilən tədbirlər sayəsində artıq 1996-cı ildə sosial göstəricilərin dinamikasında müsbət meyillər nəzərəçarpacaq dərəcədə özünü göstərməyə başladı. Əldə olunan irəliləyişlər müxtəlif illərdə ayrı-ayrı kateqoriyalı şəxslərin sosial müdafiəsinin təmin olunması üçün iqtisadi zəmin yaratdı. Bu məqsədlə çoxsaylı qanunlar qəbul edildi, şəhid ailələrinin, müharibə və 20 Yanvar əlillərinin, veteranların, qaçqınların, məcburi köçkünlərin sosial təminatının gücləndirilməsi üçün fərman və sərəncamlar imzalandı.Qeyd edilənlərdən əlavə, hərbi qulluqçuların, səhiyyə, təhsil, sosial müdafiə, elm, mədəniyyət sahəsində çalışanların əməkhaqqı, pensiyaların minimum məbləği artırıldı, müxtəlif sahələrdə böyük xidmətləri olan şəxslərin sosial vəziyyətini yaxşılaşdırmaq məqsədilə fərdi təqaüdlər təsis edildi. Məhz ümummilli lider tərəfindən məcburi köçkünlərin çadırlardan yeni evlərə köçürülməsi, onların haqq səsinin dünyaya və beynəlxalq təşkilatlara çatdırılması sahəsində addımlar atılması da sosial siyasət sahəsində böyük əhəmiyyət kəsb etdi.Beləliklə, ulu öndərin xilaskarlıq missiyası və Azərbaycanın hərtərəfli inkişaf strategiyası ölkəmizi dağılmaq təhlükəsindən xilas etdi, iflic vəziyyətinə düşmüş iqtisadiyyatın bərpası və inkişafını, uğurlu neft strategiyasının reallaşdırılmasını, müdrik diplomatiyanın həyata keçirilməsilə dünya birliyində Azərbaycanın etibarlı tərəfdaşa çevrilməsini, beynəlxalq aləmdə layiqli yer tutmasını təmin etdi, Azərbaycanın suveren dövlət olaraq gələcək uğurlarının reallaşmasına möhkəm təməl yaratdı.Heydər Əliyevin müstəqil milli dövlətçiliyimizin formalaşdırılması və gücləndirilməsi strategiyası yeni dövrdə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən böyük uğur və yeni nailiyyətlərlə davam etdirilir. Prezident İlham Əliyev ümummilli liderin banisi olduğu möhkəm dövlətçilik təməli üzərində Azərbaycanın dayaqlarını dövrün dinamik xarakterinə uyğun olaraq daha da möhkəmləndirmiş, Azərbaycanı dünyanın ən sürətlə inkişaf edən ölkələrindən birinə çevirmişdir.Belə ki, 2003-cü ildən ötən dövr Azərbaycan dövlətinin daha da modernləşməsi və qüdrətlənməsi, dövlət təsisatlarının və idarəetmənin yeni dövrün tələblərinə əsasən təkmilləşdirilməsi, sosial-iqtisadi sahələrin, milli iqtisadiyyatın innovativ əsaslarla inkişafı, sosial siyasətin daha da gücləndirilməsi ilə səciyyələnir. "Bütün planlarımızın həyata keçirilməsi üçün başlıca şərt iqtisadi potensialdır", - deyən Prezident İlham Əliyevin siyasəti məqsədyönlü, konkret hədəflərə istiqamətlənməklə sosial-iqtisadi və ictimai-siyasi məsələlərin həllinə rasional, sistemli və kompleks yanaşmanı təmin edib, qarşıda duran vəzifələrin həyata keçirilməsi üçün ən effektiv metod və prinsiplərin tətbiqinə şərait yaradıb.Makroiqtisadi sabitliyin qorunması, innovativ, rəqabətqabiliyyətli və ixracyönümlü məhsulların istehsalına əsaslanan iqtisadiyyatın formalaşdırılması, nailiyyətlərin vətəndaşların həyat səviyyəsinin daha da yüksəldilməsinə yönəldilməsi ölkəmizdə həyata keçirilən sosial-iqtisadi siyasətin prioritetləridir.Dövlət başçısı tərəfindən təsdiq edilmiş, başlıca məqsədi uzunmüddətli perspektivdə davamlı və müasir tələblərə cavab verən sosial-iqtisadi inkişafın təmin edilməsi ilə yüksək sosial rifaha çatmaq olan "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası, məqsədyönlü dövlət proqramları, strateji yol xəritələri, strategiyalar, konkret tədbirlər planları, əhatəli və davamlı iqtisadi islahatlar ölkədə innovativ iqtisadiyyatın formalaşması, ixracın diversifikasiyası, idxaldan asılılığın maksimum dərəcədə azaldılması, biznes mühitinin əlverişliliyinin daha da artırılması, investisiyaların cəlb edilməsi və digər istiqamətlərdə mühüm işlərin həyata keçirilməsinə hərtərəfli şərait yaradır.Bu tədbirlərin icrası kənd təsərrüfatından başlayaraq sənayeyə qədər bütün sahələri, həmçinin insan kapitalının inkişafı, biznes mühitinin davamlı olaraq yaxşılaşdırılması və digər əsas istiqamətləri əhatə etməklə iqtisadi modernləşmənin keyfiyyətcə yeni mərhələsinin reallaşdırılması, qlobal çağırışlara dayanıqlığın möhkəmləndirilməsi üçün imkanları daha da genişləndirir.Prezident İlham Əliyevin rəhbərliyi ilə sənayenin modernləşməsi, qeyri-neft sektorunun şaxələndirilməsi ilə bağlı həyata keçirilmiş sistemli tədbirlər və kompleks islahatlar nəticəsində ölkədə sənaye parkları və məhəllələri, rəqabətqabiliyyətli və innovativ sənaye məhsulları istehsalı müəssisələri yaradılıb, ixrac potensialı dəfələrlə yüksəlib. Ölkənin dayanıqlı, ümumi və harmonik inkişafını təmin etmək, paytaxtla regionlar arasında inkişaf fərqini aradan qaldırmaq və tarazlı inkişafına nail olmaq, əhalinin yüksək məşğulluq səviyyəsini təmin etmək məqsədilə həyata keçirilən Azərbaycan regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarında hər bir sahə üzrə inkişafı hədəfləyən məqsədyönlü tədbirlər həyata keçirilir, dövlət tərəfindən kənd təsərrüfatında çalışanlara hər cür dəstək göstərilir.Dünyanın enerji xəritəsini dəyişən Azərbaycan "Cənub qaz dəhlizi", TANAP, TAP kimi irimiqyaslı layihələrin təşəbbüskarı və fəal iştirakçısıdır. Bakı-Tbilisi-Qars dəmir yolunun, Ələt Beynəlxalq Dəniz Ticarət Limanının, STAR Neft Emalı Zavodunun istifadəyə verilməsi, Şimal-Cənub və Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafının davam etdirilməsi, nəqliyyat-tranzit imkanlarının genişlənməsi ilə iqtisadi gücümüzə yeni güclər əlavə olunub.Ulu öndərin Azərbaycanda özəl bölmənin formalaşması ilə bağlı strateji xətti Prezident İlham Əliyevin "Ölkəmizin inkişafı sahibkarlığın inkişafından asılıdır" prinsipial yanaşması ilə yeni dövrdə uğur və nailiyyətlərlə davam etdirilir. Özəl bölmənin inkişafının sürətləndirilməsi məqsədilə aparılan sistemli və ardıcıl islahatlar sahibkarlığı iqtisadiyyatın aparıcı qüvvəsinə çevirib. Bu islahatlara uyğun olaraq, lisenziyalaşdırma sisteminin sadələşdirilməsi, sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması, investisiyaların və ixracın təşviqi mexanizmlərinin tətbiqi, güzəştli kreditləşmə faizinin aşağı salınması, kiçik və orta sahibkarlığın inkişafı tədbirləri, elektron xidmətlər şəbəkəsinin genişləndirilməsi, vergi, gömrük, sosial ödənişlər sisteminin təkmilləşdirilməsi özəl bölmənin iqtisadiyyatda rolunu daha da artırıb.Azərbaycan Prezidentinin rəhbərliyi ilə ölkədə aparılan iqtisadi islahatlar, bütün sahələrdə şəffaflığın təmin edilməsi büdcə gəlirlərinin, maliyyə imkanlarının artmasına şərait yaratmaqla, ilk növbədə, bu vəsaitlərin məhz sosial sferaya yönəldilməsini təmin edib. Bu baxımdan sosial sahədə atılan ardıcıl və sistemli addımlar ölkədə uğurla həyata keçirilən və Azərbaycan xalqının mütləq əksəriyyətinin böyük məmnunluqla qarşıladığı sosial paketin tərkib hissəsi kimi dəyərləndirilir.Heydər Əliyevin banisi olduğu milli inkişaf strategiyasının həyata keçirilməsində, ölkədə aparılan quruculuq tədbirlərinin və sosial islahatların reallaşdırılmasında, vətəndaşların həyat səviyyəsinin və sosial təminatının yüksəldilməsində ümummilli liderin adını daşıyan Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın mühüm xidmətləri xüsusilə qeyd edilməlidir.Cəmiyyəti narahat edən məsələlərin həlli naminə əzmkarlıqla çalışan, səmərəli təşəbbüslərin müəllifi kimi çıxış edən Azərbaycanın birinci xanımı dövlət idarəçiliyində də cəmiyyətin sosial-mənəvi, intellektual tərəqqisinə və sağlamlığına xidmət edən islahatlara yeni nəfəs gətirmişdir. Heydər Əliyev Fondu cəmiyyətdə özünü əlahiddə əhəmiyyətli qurum kimi təsdiqləmiş, neçə-neçə insanın ümid, pənah ünvanına çevrilmiş, ölkə əhəmiyyətli layihələrin reallaşmasına sanballı töhfələrini vermişdir.Prezident İlham Əliyevin "Azərbaycan dövlətinin siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır" prinsipial sosial siyasətində insan amilinin, ölkə vətəndaşlarının öncül yeri tam aydın şəkildə və bütün qabarıqlığı ilə görünür.Beləliklə, Azərbaycanın sosial-iqtisadi qüdrətə malik güclü dövlət olmasını təmin edən, milli maraqların ön plana çəkildiyi ümummilli liderin sosial-iqtisadi və milli inkişaf siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, dayanıqlı, innovativ və inklüziv yanaşmalara əsaslanan iqtisadi inkişaf əhalinin sosial rifahını təmin edir, qarşıdakı illərdə də bu siyasi kursun uğurlu davamı üçün möhkəm təməl və əlverişli zəmin yaradır.Bu gün arzuları gerçəkliyə çevirməyi bacaran, həyat amalını hər zaman xalqın xidmətçisi olmaqda görən Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin sosial-iqtisadi və mədəni həyatını əhatə edən bütün sahələrdə görülən işlər, insanların sabaha olan inamını daha da artıran uğurlu nəticələr həm də dahi Heydər Əliyevin ruhu qarşısında bir hesabatdır. Ulu öndərin müstəqil, dinamik inkişafının əsasını qoyduğu ölkəmizi Prezident İlham Əliyev ləyaqətlə, inamla, qətiyyətlə irəliyə aparır və özünün gərgin, məhsuldar fəaliyyəti ilə dövlətçiliyimizə, müstəqilliyimizə, ölkəmizin sosial-iqtisadi tərəqqisinə şərəflə xidmət edir.Heydər Əliyevin Azərbaycan xalqı qarşısında göstərdiyi misilsiz tarixi xidmətlər haqqında təhlil apararkən haqlı olaraq onun müstəqil, suveren, azad Azərbaycan dövlətini qurması faktı birmənalı şəkildə təsdiqlənir. Bu mənada xalqımızın onu müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu sayması üçün tam və tutarlı əsasların olması faktları inkaredilməzdir. Ulu öndərin Azərbaycana rəhbərlik etdiyi dövr çoxəsrlik dövlətçilik tariximizin ən şanlı səhifələrindəndir.Bu mərhələ Azərbaycanda müstəqilliyin əbədi və dönməz xarakter alması, dövlətçiliyin möhkəmləndirilməsi, sabitlik və tərəqqi, iqtisadi inkişaf üçün möhkəm təməlin yaradılması, milli-mənəvi yüksəliş, hər bir fərdin özünü layiqli vətəndaş olaraq dərk etməsi ilə müasir tariximizə əbədi həkk olunmuşdur.Həyatımızı əhatə edən tarixi gerçəkliyin qərarlaşması birbaşa Heydər Əliyevin fövqəladə xidmətlərinin nəticəsidir və bu xidmətlər kənarında Azərbaycanın müasir tarixi təsəvvür belə oluna bilməz. Vətənə, xalqa xidmət onun həyat məramı, ömür amalı olmuşdur. Xoş amalları və əməlləri ilə qədirbilən xalqımızın tükənməz sevgisini qazanmış ulu öndərin adı tarixdə təkrarolunmaz siyasətçi, qüdrətli dövlət başçısı, əfsanəvi şəxsiyyət kimi qalacaq, parlaq xatirəsi yaddaşlarda əbədi yaşayacaqdır.Doğma Azərbaycanımızın son illərdə əldə etdiyi nailiyyətlər, sözün həqiqi mənasında, əsası ulu öndər tərəfindən qoyulmuş ölkənin inkişaf strategiyasının yeni mərhələdə, dövrün çağırışlarına uyğun onun layiqli varisi tərəfindən inamlı davamının nəticəsidir. Ölkə vətəndaşları, bütün dünya azərbaycanlıları ürəkdən inanırlar ki, Heydər Əliyevin bizlərə ərməğan etdiyi bugünkü müstəqil Azərbaycan öz uğurları ilə hələ uzun illər dünyanı heyrətləndirməkdə davam edəcək.