Heydər Əliyev Fondu ilə birgə DGK-nin TXİ pansionatda "Sağlam Ahıllar" xeyriyyə layihəsinə start verib
Heydər Əliyev Fondu ilə birgə DGK-nin TXİ pansionatda "Sağlam Ahıllar" xeyriyyə layihəsinə start verib
Heydər Əliyev Fondu ilə birgə Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi "Sağlam Ahıllar" xeyriyyə layihəsinə start verib. Layihə çərçivəsində ilk tədbir 26 avqust 2020-ci il tarixində Bilgəh qəsəbəsində yerləşən Müharibə və Əmək Əlillər pansionatında keçirilib. Tədbiri giriş sözü ilə açan Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəisi general-mayor Ceyhun Məmmədov bildirib ki, ölkəmizdə ahıl insanlara dövlət qayğısı ildən-ilə artır, onların sosial və sağlamlıq problemləri hər zaman diqqət mərkəzində saxlanılır. Bu istiqamətdə görülən işlərə, həyata keçirilən layihələrə dövlətimizlə yanaşı, Heydər Əliyev Fondu da öz böyük töhfəsini verir. Bu diqqət və qayğı müharibə və əmək veteranları üçün nəzərdə tutulmuş bu gözəl pansionatda da açıq-aydın hiss olunur. Mən çox şadam ki, bu gün Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi Heydər Əliyev Fondunun bu pansionatın sakinləri üçün keçirtdiyi xeyriyyə aksiyasına qoşulub.
Tədbirə tabeliyimizdə olan Mərkəzi Gömrük Hospitalının yüksəkixtisaslı həkimlər briqadası cəlb edilib. Məqsədimiz ahıl insanları müayinə etmək, onlarda olan xəstəliklərin erkən aşkarlanmasına və qarşısının alınmasına köməklik göstərməkdir. Onu da qeyd edim ki, Heydər Əliyev Fondu ilə birgə start verdiyimiz "Sağlam ahıllar" layihəsi il boyu mütəmadi olaraq bu pansionatda davam etdiriləcək.
Çıxışın sonunda DGK Tibbi Xidmət İdarəsinin rəisi general-mayor Ceyhun Məmmədov fürsətdən istifadə edib Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan Respublıkasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanı ad günü münasibəti ilə təbrik edib, ona möhkəm cansağlığı, uzun ömür və şərəfli işlərində uğurlar arzulayıb. C.Məmmədov həmçinin tabeliyində olan tibb personalı və Mərkəzi Gömrük Hospitalında COVİD-19 xəstəliyindən müalicə almış xəstələr adından Mehriban xanım Əliyevaya ölkədə koronaviruslu xəstələrin müalicəsi üçün tibb müəssisələrində yaradılmış şərait və imkanlar üçün dərin təşəkkürünü bildirib.
Mərkəzi Gömrük Hospitalının Poliklinika şöbəsinin rəisi, kardioloq Tamilla Əliyeva, invaziv kardioloq Emin Hacıbalayev, damar cərrahı Səbuhi Dadaşov, oftalmoloq Ülfət Cəfərova, USM həkimi Günay Əhmədova pansionatın yaşlı sakinlərini müayinə edib, onlara tibbi məsləhətlər verib, lazım olan müalicələri təyin ediblər. Tədbir çərçivəsində həkimlər briqadası tərəfindən pansionatın 150-yə yaxın sakini kardioloji, oftalmoloji, doppler və ultrasəs müayinələrindən keçib.
Tədbirin sonunda Müharibə və Əmək Əlilləri üçün Pansionatın direktoru Samirə Musayeva və pansionatın sakinləri bu cür xeyirxah aksiyanın keçirilməsinə görə Heydər Əliyev Fondunun prezidenti xanım Mehriban Əliyevaya və Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədova dərin minnətdarlığını bildiriblər. Pansionatın direktoru Samirə Musayeva bildirib ki, "Sağlam Ahıllar" xeyriyyə layihəsinin həyata keçirilməsi burada ahılların özlərini qayğı, dəstək mühitində hiss etmələri və sağlamlıqlarının qorunması baxımından böyük əhəmiyyət kəsb edir.
Bü gün keçirilən "Sağlam Ahıllar" tibbi müayinə tədbiri ahıl insanlar üçün ilk növbədə çox böyük mənəvi dəstəkdir. Bu cür tədbirlərin hər biri ahıl insanlarda sonsuz sevinc və fərəh hissi yaradır. Onlar bir daha dərk edirlər ki, heç də həyatda tənha deyillər, Azərbaycan dövləti daim onların himayədarıdır və daim onların yanındadır".
Tədbirin sonunda Heydər Əliyev Fondu tərəfindən pansionat sakinlərinə hədiyyələr təqdim olunub və tədbir xatirə fotosunun çəkilməsi ilə yekunlaşıb.