Customs service is one of the main attributes of the independence of any state.

Gömrük Akademiyasında Elmi Şuranın iclası keçirilib

Gömrük Akademiyasında Elmi Şuranın iclası keçirilib

Dövlət Gömrük Komitəsinin Akademiyasının Elmi Şurasının 2020/2021-ci tədris ilinin başlanması ilə bağlı ilk iclası keçirilib. Elmi Şuranın gündəliyinə yeni tədris ilinə hazırlıq, tədris planlarının müzakirəsi və cari məsələlər daxil edilib.

Akademiyanın rəisi, Elmi Şuranın sədri Qulu Novruzov iclası açaraq pandemiya dövründə ölkə vətəndaşlarının sağlamlığının qorunması, sosial dəstəyə ehtiyacı olan ailələrin, sahibkarlıq subyektlərinin hərtərəfli qayğı ilə əhatə olunması, iqtisadiyyatımızın dayanıqlılığının təmin edilməsi məqsədilə Prezident İlham Əliyev tərəfindən həyata keçirilən mühüm tədbirlərdən danışıb. Qulu Novruzov Birinci vitse-prezident Mehriban Əliyevanın da bu sahədəki uğurlu və məqsədyönlü fəaliyyətindən söz açaraq bildirib ki, vətəndaşların pandemiyadan az zərərlə çıxması üçün dövlət tərəfindən zəruri tədbirlər görülüb.

Eyni zamanda, pandemiya ilə mübarizə tədbirlərinin uğurla icrası məqsədilə Dövlət Gömrük Komitəsinin rəhbərliyi tərəfindən təxirəsalınmaz addımlar atıldığı diqqətə çatdırılıb və Akademiyanın bu istiqamətdə fəaliyyətindən söz açılıb. Qulu Novruzov keçən tədris ilinin ikinci semestrində tədrisin, daha sonra isə imtahanların, buraxılış işlərinin müdafiəsinin onlayn həyata keçirildiyini vurğulayıb, bu sahədə böyük təcrübə əldə edən Akademiyanın respublikada ön sıralardan birini tutduğunu bildirib.

Akademiyada buraxılış işlərinin müdafiəsi - dövlət attestasiyasının yüksək səviyyədə təşkil olunduğu da diqqətə çatdırılıb, sözügedən dövrdə ölkəmizdə ilk dəfə olaraq bu təhsil ocağı tərəfindən "Pandemiya şəraitində ali məktəblərdə məsafədən təhsil prosesinin problemləri və imkanları" adlı layihənin reallaşdırıldığı vurğulanıb.

Bildirilib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən 2020/2021-ci tədris ilinə onlayn şəkildə start veriləcək, birinci kurs tələbələri oktyabrın 1-dən əyani tədrisə cəlb olunacaq, ikinci və yuxarı kurs tələbələri üçün isə dərslər sentyabrın 15-də onlayn şəkildə başlanacaq.

Qulu Novruzov Elmi Şuranın üzvlərini, Akademiyanın kollektivini, professor-müəllim heyətini və tələbələri yeni tədris ilinin başlanması münasibətilə təbrik edib.

İclasda Təlim və innovasiyalar üzrə rəis müavini Ramiz Hümbətov yeni tədris planları barədə məruzə edib. Tədris metodiki işin təşkili şöbəsinin rəisi İslam Hüseynov həm onlayn, həm də ənənəvi tədrisin təşkili nəzərə alınaraq, tədris planları, dərs bölgüsü, fənləri tədris edəcək müəllimlər və dərs cədvəllərinin hazırlığından danışıb.

Monitorinq və qiymətləndirmə şöbəsinin rəisi Araz Aslanlı "Pandemiya şəraitində ali məktəblərdə məsafədən təhsil prosesinin problemləri və imkanları" adlı layihə barədə Şura üzvlərinə məlumat verib. Sözügedən layihənin Akademiyanın Elmi Şurasının onlayn iclasının qərarı ilə pandemiya şəraitində respublikamızda məsafədən təhsil prosesində problemlərin və imkanların öyrənilməsi məqsədi ilə araşdırma layihəsi olaraq həyata keçirildiyini qeyd edib.

Sonda gündəlikdəki cari məsələlər müzakirə olunub, müvafiq qərarlar qəbul edilib.

11 September 2020 00:00
195