Customs service is one of the main attributes of the independence of any state.

"Bir Pəncərə Sisteminin İnkişafı" mövzusunda seminar keçirilib

"Bir Pəncərə Sisteminin İnkişafı" mövzusunda seminar keçirilib

Yanvarın 21-də Asiya İnkişaf Bankı və CAREC İnstitutunun birgə təşkilatçılığı ilə CAREC proqramı çərçivəsində "Bir Pəncərə Sisteminin İnkişafı" mövzusunda virtual seminar keçirilib.

Tədbirin əsas məqsədi "Bir pəncərə" sisteminin yaradılması, texniki elementlər, hüquqi çərçivə və fəaliyyəti, zəruri informasiya texnologiyaları, gələcək inkişaf prinsipləri, bu istiqamətdə proqrama üzv dövlətlərin müvafiq qurumlarının iştirakı və digər məsələlər ətrafında müzakirələrin aparılması olub.

Qeyd olunan tədbirdə Azərbaycan ilə yanaşı, Çin Xalq Respublikasının, Qazaxıstanın və Tacikistanın gömrük xidmətlərinin və CAREC İnstitutunun nümayəndələri, eləcə də beynəlxalq ekspertlər iştirak ediblər.

Seminarda çıxış edən CAREC İnstitutunun nümayəndəsi "Bir pəncərə" sisteminin tətbiqinin vacibliyini vurğulayaraq bildirib ki, sistemin tətbiqi aidiyyəti dövlət qurumlarının koordinasiyasının möhkəmləndirilməsini, ticarət prosedurlarının səmərəliliyini, xarici ticarət iştirakçıları üçün inzibati əngəllərin azaldılmasını, eləcə də dövlət və özəl sektorun vahid platforma üzərindən qarşılıqlı fəaliyyətinin asanlaşdırılmasını təmin edir.

Dövlət Gömrük Komitəsinin nümayəndəsi, Gömrük Nəzarətinin Təşkili və Ticarətin Asanlaşdırılması Baş İdarəsinin rəisi Səməd Qaralov "Azərbaycan Respublikasında Bir pəncərə sisteminin tətbiqi" mövzusunda təqdimatla çıxış edərək "2007-2011-ci illər üçün Azərbaycan Respublikasının gömrük sisteminin Dövlət İnkişaf Proqramı"na və "Azərbaycan Respublikasıdövlət sərhədinin buraxılış məntəqələrindən keçirilən malların və nəqliyyat vasitələrinin yoxlanılmasında "Bir pəncərə" prinsipinin tətbiqi haqqında" Azərbaycan Respublikası Prezidentinin 11 noyabr 2008-ci il tarixli 12 nömrəli Fərmanına uyğun olaraq 1 yanvar 2009-cu il tarixdən etibarən ölkəmizdə "Bir pəncərə" sisteminin tətbiq olunduğunu qeyd edib. Daha sonra "Bir pəncərə" sisteminin inkişaf dinamikası haqqında tədbir iştirakçılarına ətraflı məlumat verilib. Həmçinin, bildirilib ki, 2019-cu ildən etibarən Azərbaycan Respublikasında elektron bəyanetmə tətbiq olunur. Belə ki, yük gömrük ərazisinə gəlməmişdən bir saat öncə gömrük orqanlarına qısa idxal bəyannaməsi təqdim edilir. Qeyd olunan bəyannamə risk idarəetmə sistemi vasitəsi ilə yoxlanılır və əgər yük riskli yüklər kateqoriyasına aid edilmirsə qısa müddət ərzində gömrük sərhədindən keçirilir. Daha sonra "Bir pəncərə" sisteminin tətbiqi nəticəsində görülən tədbirlər çərçivəsində "e-customs" konsepsiyasının hazırlanması, qanunvericilik bazasının təkmilləşdirilməsi, risklərin analizi və idarəolunması sisteminin tətbiqi, elektron ödənişlərin həyata keçirilməsi, malların buraxılış vaxtının ölçülməsi, yüklərin hərəkətinə nəzarət sisteminin istifadə olunması, kadr islahatların aparılması, qeyri-intruziv gömrük nəzarət sistemlərinin istifadə olunması barədə məlumatlar verilib. Eyni zamanda, "Bir pəncərə" sisteminin tətbiqi nəticəsində dövlət və özəl sektor tərəfindən əldə edilmiş faydalar barədə məlumatlar tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

Daha sonra Çin Xalq Respublikasının, Qazaxıstanın və Tacikistanın gömrük xidmətlərinin nümayəndələri çıxış edərək öz ölkələrində tətbiq olunan "Bir pəncərə" sisteminin təcrübəsinə, o cümlədən, qanunvericilik bazasına, sistemin işləmə prinsipinə, faydalarına və yaranan çətinliklərə dair məlumatları təqdim ediblər.

Sonda ekspertlər "Bir pəncərə" sisteminə dair tövsiyələrini tədbir iştirakçılarının diqqətinə çatdırıb və mövzu ətrafında müzakirələr aparılıb.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

22 January 2021 00:00
195