Gömrük Akademiyasının tələbələri gömrük orqanlarında təcrübəyə başladılar
Gömrük Akademiyasının tələbələri gömrük orqanlarında təcrübəyə başladılar
Dövlət Gömrük Komitəsinin Akademiyasının IV kurs tələbələri fevralın 22-dən etibarən Komitənin struktur bölmələrində 14 həftəlik istehsalat təcrübəsinə başlayıblar.
Akademiyanın rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov tələbələr və onların təcrübə rəhbərləri ilə görüşüb. Akademiya rəisi son illərdə gömrük sahəsində aparılan islahatlardan, eləcə də Akademiyada keçirilən beynəlxalq tədbirlərdən danışıb. Qulu Novruzov bu təcrübənin nəzəri fənləri uğurla bitirmiş tələbələrə gömrük sahəsində praktiki bilikləri əldə etmələri üçün önəmli bir fürsət olduğunu, buraxılış işlərinin zənginləşdirilməsində mühüm rol oynayacağını qeyd edib.
Vurğulanıb ki, istehsalat təcrübəsi dörd illik təhsilin sonuncu, çox önəmli mərhələsidir və bu zaman tələbələr dörd ildə qazandıqları nəzəri bilikləri təcrübə vaxtı əyani şəkildə tətbiq etməyi öyrənirlər. Akademiya rəisi tələbələrə tövsiyələrini verib və uğurlar arzulayıb.
Qeyd edək ki, "İqtisadiyyat" və "Hüquqşünaslıq" ixtisası üzrə IV kurs tələbələri Akademiyanın müvafiq tədris planlarına əsasən bütün dərsləri uğurla başa çatdıraraq gömrük sahəsi üzrə ixtisaslarına uyğun buraxılış işi mövzuları seçiblər.