"2020-ci ilin yekunları, qarşıda duran vəzifələr" mövzusunda mətbuat konfransı keçirilib
"2020-ci ilin yekunları, qarşıda duran vəzifələr" mövzusunda mətbuat konfransı keçirilib
Martın 4-də Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyevin iştirakı ilə "2020-ci ilin yekunları, qarşıda duran vəzifələr" mövzusunda mətbuat konfransı keçirilib.
Konfransda çıxış edən Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan ordusunun Vətən müharibəsindəki tarixi qələbəsindən danışıb və 2020-ci ilin Azərbaycan tarixində zəfər ili kimi yadda qalacağını diqqətə çatdırıb.
Komitə sədri 2020-ci ilin əvvəlindən etibarən başlayan COVİD-19 pandemiyasının yaratdığı çətin sosial-iqtisadi şəraitdə ölkə əhalisinin sağlamlığının qorunması ilə yanaşı, idxal-ixrac əməliyyatlarının davamlılığının təmin edilməsi məqsədilə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən həyata keçirilən qabaqlayıcı tədbirlərin uğurla icra edilməsi üçün gömrük orqanları tərəfindən bütün zəruri addımların atıldığını bildirib. Vurğulanıb ki, yük nəqliyyat vasitələrinin dezinfeksiya edilməsi üçün qısa müddət ərzində gömrük-sərhəd keçid məntəqələrində xüsusi avadanlıqlar quraşdırılıb, fiziki şəxslərin yoxlanılması məqsədilə piyada keçid xətləri termovizor və lazımi dezinfeksiya vasitələri ilə təmin edilib.
Səfər Mehdiyev onu da bildirib ki, pandemiyanin yaratdığı mürəkkəb şəraitə baxmayaraq ölkə rəhbəri tərəfindən atılan qətiyyətli addımlar nəticəsində iqtisadiyyatdakı çətinliklər minimuma endirilib. Dövlət Gömrük Komitəsi də fəaliyyətini pandemiyanın tələblərinə uyğun şəkildə quraraq idxal-ixrac əməliyyatlarının davamlılığının təmin olunması məqsədilə bütün zəruri addımları atıb və gömrük orqanları 2020-ci ili də uğurla başa vurub.
Daha sonra Komitə sədri gömrük orqanlarının 2020-ci ildəki fəaliyyəti ilə bağlı xüsusi təqdimatla media nümayəndələrinə məlumat verib. Xarici ticarətin gömrük statistikasının göstəriciləri, 2020-ci ildə idxal-ixrac əməliyyatlarının aylar üzrə dinamikasından danışan Səfər Mehdiyev bildirib ki, ötən il gömrük orqanları 3 milyard 830 milyon manat proqnoza qarşı 3 milyard 938 milyon 242 min manat gömrük ödənişlərinin toplanaraq dövlət büdcəsinə köçürülməsini təmin edib. Eyni zamanda, büdcə daxilolmaları haqqında məlumat, büdcə daxilolmalarında DGK-nın xüsusi çəkisi barədə müqayisəli təhlilləri jurnalistlərin diqqətinə çatdıran Səfər Mehdiyev vurğulayıb ki, dövlət başçısı tərəfindən şəffaflığın təmin olunması, kölgə iqtisadiyyatının aradan qaldırılması məqsədilə aparılan islahatlar gömrük orqanlarının bu istiqamətdə uğurlu nəticələr əldə etməsinə şərait yaradıb.
Qeyd olunub ki, ötən il ümumi idxalın 41 faizi rüsuma cəlb olunub. İdxal rüsumu üzrə azadolmaların ümumi idxalda çəkisi 59 faiz, ƏDV üzrə azadolmaların ümumi idxalda çəkisi 26 faiz təşkil edib. Komitə sədri son dövrlərdə bəzi ekspertlər tərəfindən xarici ticarət dövriyyəsinin statistik göstəriciləri əsasında yanlış üsullarla hesablamaların aparıldığını və nəticədə ortaya çıxan rəqəmlərin cəmiyyətdə gömrük orqanlarının fəaliyyəti haqqında həqiqətə uyğun olmayan rəyin formalaşmasına yol açdığını diqqətə çatdırıb. Bildirilib ki, gömrük orqanları fəaliyyətini qanunvericiliyin tələblərinə əsasən şəffaf şəkildə qurub və bu barədə mütəmadi olaraq cəmiyyət məlumatlandırılır.
Komitə sədri 2019-cu ildən etibarən tətbiqinə başlanan "Yaşıl dəhliz" buraxılış sistemindən idxalda 430, ixracda isə 235 xarici ticarət iştirakçısına istifadə hüququnun verildiyini, ümumi idxalın 40 faizinin, ümumi ixracın isə 32.8 faizinin "Yaşıl dəhliz" istifadəçilərinin payına düşdüyünü bildirib.
Daha sonra media nümayəndələrini maraqlandıran suallar ətraflı cavablandırılıb.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi