Customs service is one of the main attributes of the independence of any state.

Gömrük Akademiyası Özbəkistan gömrük xidmətinin əməkdaşları üçün növbəti mühazirələr təşkil edib

Gömrük Akademiyası Özbəkistan gömrük xidmətinin əməkdaşları üçün növbəti mühazirələr təşkil edib

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasında Özbəkistan Respublikası Daşkənd Gömrük İnstitutunun kursant, magistrant və Özbəkistan gömrük xidmətinin əməkdaşları üçün onlayn formatda növbəti distant mühazirələr təşkil edilib.

Daşkənd Gömrük İnstitutunun müraciəti əsasında təşkil olunan mühazirələrdə azərbaycanlı mütəxəssislər gömrük ekspertizası laboratoriyalarının fəaliyyətinin təşkili sahəsində təcrübələrini özbəkistanlı həmkarları ilə bölüşüblər. Bu sahəyə aid ilk mühazirələr gömrük orqanlarının fəaliyyətində gömrük ekspertizasının təkmilləşdirilməsi məsələlərinə həsr olunub.

Dövlət Gömrük Komitəsi Mərkəzi Gömrük Ekspertizası İdarəsinin rəisi, gömrük xidməti polkovniki Təyyar İbrahimov tədbirin açılış mərasimində iki ölkənin gömrük orqanlarının strukturları arasında yaradılan belə əlaqələrin ekspert laboratoriyalarının fəaliyyətinin təkmilləşdirilməsi üçün vacibliyini qeyd edib.

Özbəkistan Respublikası Dövlət Gömrük Komitəsinin Qeyri-tarif tənzimlənməsi və gömrük ekspertizası idarəsinin rəis müavini, gömrük xidməti mayoru Otabek Hasanov iştirakçılara uğurlar arzulayıb, bu tədbirin bilik və təcrübə mübadiləsi üçün əlverişli imkan yaradacağına əminliyini bildirib.

DGK Mərkəzi Gömrük Ekspertizası İdarəsinin Dərman vasitələrinin, baytarlıq, heyvandarlıq və bitkiçilik mallarının ekspertizası şöbəsinin baş eksperti Nurlanə Məmmədli özbəkistanlı dinləyicilərə Gömrük İttifaqı ölkələrinin arasında ekspert-tədqiqat fəaliyyətində vahid bazanın rolu, Texnoloji və mexaniki avadanlıqların ekspertizası şöbəsinin baş eksperti Günay Yusifova isə gömrük ekspertizasında texniki təminat və qarşılıqlı fəaliyyət haqqında ətraflı məlumat verib və sualları cavablandırıblar. Həmçinin sözügedən idarənin gömrük ekspertizası laboratoriyalarının işinə həsr olunmuş videofilm nümayiş etdirilib.

Daşkənd Gömrük İnstitutunun Kadrların yenidən hazırlanması və ixtisasının artırılması fakültəsinin "Xüsusi fənlər" kafedrasının rəisi, texnika elmləri doktoru Lola Pulatovanın "Gömrük nəzarəti zamanı malların təhlükəsizliyi məsələlərinin həllində gömrük ekspertizasının rolu və əhəmiyyəti" mövzusunda məruzəsi də təqdim olunub.

Qeyd edək ki, bu il ərzində azərbaycanlı mütəxəssislər tərəfindən özbəkistanlı dinləyicilərə gömrük orqanlarının fəaliyyətinin müxtəlif sahələrinə aid məsələlərə həsr olunacaq daha bir neçə distant mühazirələrin təqdim olunacağı planlaşdırılıb. Bu mühazirələr Özbəkistan Respublikası Dövlət Gömrük Komitəsinin Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciəti əsasında, hər iki ölkənin hökumətləri arasında 27 may 1996-cı il tarixində imzalanmış "Gömrük işlərində əməkdaşlıq və qarşılıqlı yardım haqqında Razılaşma"ya uyğun olaraq keçirilir.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

20 May 2021 00:00
195