BMT-nin tədbirində Azərbaycanın təcrübəsi paylaşılıb
BMT-nin tədbirində Azərbaycanın təcrübəsi paylaşılıb
"Təhlükələrin qarşısının alınması üzrə risk idarəetmə proqramı əsasında sərnişin məlumat mərkəzlərinin qurulması məsələsində üzv ölkələrə dəstək" mövzusunda onlayn tədbirdə Azərbaycanın təcrübəsi paylaşılıb.
BMT-nin Cinayətkarlığın qarşısının alınması və Cinayət Ədliyyəsi Komissiyasının keçirdiyi tədbirdə BMT-nin üzvü olan dövlətlərlə yanaşı, bu qurumun Terrorçuluğa qarşı mübarizə üzrə Ofisi, Narkotiklər və Cinayətkarlığa qarşı Mübarizə İdarəsi, eləcə də Ümumdünya Gömrük Təşkilatı, İnterpol və "Europol"un nümayəndələri iştirak edib.
Tədbirdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Beynəlxalq ticarətə dəstək şöbəsinin rəisi Rövşən Namazov "Sərnişinlərə dair ilkin məlumat" (API), "Sərnişin adlarının qeydiyyatı" (PNR) və "Sərnişin məlumat mərkəzi" (PIU) sahəsində Azərbaycanda görülən işlərə dair məruzə ilə çıxış edib, ölkəmizin öncül təcrübəsini paylaşıb.
Bildirilib ki, 2019-cu ildən BMT ilə birgə Azərbaycanda "Sərnişinlərə dair ilkin məlumat" (API) və "Sərnişin adlarının qeydiyyatı" (PNR) sistemlərinin qurulması" layihəsi həyata keçirilir. Sözügedən layihənin tətbiqində iştirak edən qurumlararası işçi qrupuna Dövlət Gömrük Komitəsi rəhbərlik edir.
Layihənin əsas məqsədi BMT Təhlükəsizlik Şurasının 2178, 2396 və 2482 saylı qətnamələrini rəhbər tutaraq sərnişin məlumatlarının daha səmərəli təhlilinin aparılması, risk və təhlükələri vaxtında aradan qaldırmaq imkanı verən öncül sistemlərin tətbiq edilməsidir.
Məruzədə hədəflərə nail olmaq məqsədilə görülən işlər, müvafiq işçi qrupların yaradılması və onların fəaliyyətinin koordinasiya edilməsi barədə də məlumat verilib.
Azərbaycan bu tədbirə məruzəçi qismində dəvət edilən üç ölkədən biri olub. Sözügedən sahədə geniş təcrübəsini paylaşdığına görə Azərbaycan tərəfinə minnətdarlıq ifadə edilib.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi