Gömrük Akademiyasında Respublika Gününə həsr olunmuş tədbir keçirilib
Gömrük Akademiyasında Respublika Gününə həsr olunmuş tədbir keçirilib
Dövlət Gömrük Komitəsinin Akademiyasında 28 May - Respublika Gününə həsr olunmuş onlayn tədbir keçirilib. Tədbirdə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin Mətbuat tarixi və ideoloji iş metodları kafedrasının professoru, tarix elmləri doktoru Nəsiman Yaqublu, Akademiyanın rəhbərliyi, əməkdaşları və tələbələr iştirak ediblər.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.
Öncə Azərbaycanın müstəqilliyi və suverenliyi, ərazi bütövlüyünün təmin olunması uğrunda canından keçən bütün şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad olunub.
Giriş sözü ilə tədbiri açan Akademiyanın rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov 28 May - Respublika gününün fərqli bir dəyər daşıyan əlamətdar tarixi gün olduğunu bildirib. Qulu Novruzov 103 il öncə müstəqil dövlətin gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə yaradılmasından danışıb, bu hadisənin böyük tarixi əhəmiyyətini vurğulayıb. Akademiya rəisi Azərbaycanın dövlətçilik tarixinin keşməkeşli yolundan, azadlıq, müstəqillik uğrunda aparılan mübarizədən danışaraq, respublikamızın suverenliyinin XX əsrin 90-cı illərində yenidən bərpa olunduğunu deyib. Bildirilib ki, 1993-cü ildə xalqımızın ümummilli lideri Heydər Əliyev yenidən müstəqilliyinə qovuşan Azərbaycanı ictimai-siyasi burulğanlar içərisində öz müstəqilliyini itirmək, parçalanmaq təhlükəsindən xilas edib, dövlətimizin siyasi kursunu müəyyənləşdirib. Əsrlər boyu Ermənistanın Azərbaycana qarşı apardığı ərazi iddiaları və hərbi təcavüzündən söz açan Akademiya rəisi Qarabağ münaqişəsinin tarixi aspektlərinə toxunub. Vurğulanıb ki, 2020-ci il sentyabrın 27-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi və rəşadətli Azərbaycan Ordusunun gücü hesabına tarixi zəfər əldə edilib, 44 günlük Vətən müharibəsində Azərbaycan xalqı sıx birləşərək qələbəyə nail olub.
Akademiya rəisi Azərbaycan gəncliyinin bu prosesdə iştirakını xüsusi vurğulayıb. O, Respublika gününün bu il daha fərqli əhval-ruhiyyədə keçirildiyini deyərək bütün tədbir iştirakçılarına öz təbriklərini çatdırıb.
BDU-nun professoru, tarix elmləri doktoru Nəsiman Yaqublu 28 mayın tarixmizin şanlı səhifələrindən biri olduğunu bildirib, bu il Respublika gününün qalib əhval-ruhiyyədə qeyd edildiyini vurğulayıb. Cümhuriyyətin tarixinə nəzər salan Nəsiman Yaqublu ilk dəfə 28 may 1918-ci ildə Azərbaycanda hüquqi əsaslara, demokratik prinsiplərə söykənən dövlətin qurulduğunu diqqətə çatdırıb. Cümhuriyyətin ilk rəsmi sənədinin "İstiqlal bəyannaməsi" olduğunu deyən araşdırmaçı alim bu günün Azərbaycan tarixində istiqlal günü kimi adlandırıldığını bildirib. O, cəmi 23 ay ömür sürən Azərbaycan Xalq Cümhuryyətinin qısa müddətdə böyük uğurlar əldə etdiyini vurğulayıb, həmin dövrdə qəbul olunmuş sənədlərdən söz açıb. Nəsiman Yaqublu şərqdə ilk dəfə olaraq parlamentli müstəqil Azərbaycan dövlətinin yaradılması, qadınlara seçki hüququnun verilməsi, o cümlədən ordu quruculuğu, demokratıya, azad seçkilər, beynəlxalq əlaqələr sahəsində ciddi işlərin görüldüyünü, beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycanın istiqlalının tanınmasının təmin edildiyini bildirib.
Tədbirdə 28 May - Respublika Gününə həsr edilmiş videoçarx nümayiş olunub, Akademiyanın tələbələri tərəfindən Respublika gününə həsr olunmuş ədəbi-musiqili kompozisiya təqdim edilib.