"ƏMH: Biliklərin Təkmilləşdirilməsi və Təcrübələrin Paylaşılması" mövzusunda vebinar keçirilib
"ƏMH: Biliklərin Təkmilləşdirilməsi və Təcrübələrin Paylaşılması" mövzusunda vebinar keçirilib
Ümumdünya Gömrük Təşkilatının Bakıda yerləşən Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində "Əqli Mülkiyyət Hüquqları: Biliklərin Təkmilləşdirilməsi və Təcrübələrin Paylaşılması" mövzusunda vebinar keçirilib.
Regional Ofisin təşkilatçılığı ilə baş tutan vebinarda Ümumdünya Əqli Mülkiyyət Təşkilatı (ÜƏMT), Ümumdünya Gömrük Təşkilatı (ÜGT) və "Schmitt & Orlov İntellectual Property" beynəlxalq şirkəti, eləcə də Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi də daxil olmaqla, Ümumdünya Gömrük Təşkilatının Avropa Regionunda təmsil olunan 20 ölkənin gömrük administrasiyalarının 100-dən artıq nümayəndəsi iştirak edib.
Tədbirin əsas məqsədi müasir dünyada əqli mülkiyyət hüquqlarının artan əhəmiyyətini vurğulamaq, əqli mülkiyyətin obyektləri, onlara verilən hüquqların qorunması, bu istiqamətdə beynəlxalq əməkdaşlıq, eləcə də əldə olunan son nailiyyətləri nəzərdən keçirmək olub.
Tədbirdə giriş sözü ilə çıxış edən Ümumdünya Gömrük Təşkilatının Nəzarət və Asanlaşdırma üzrə direktoru Pranab Kumar Das əqli mülkiyyət hüquq sahiblərinin hüquqlarının təminatının və mənafelərinin qorunmasının, eləcə də bu sahədə regional strateji tərəfdaşlığın gücləndirilməsinin əhəmiyyətini qeyd edib.
ÜGT Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisinin rəhbəri Eser Çengel Regional Ofisin ÜGT-nin Avropa region üzv dövlətlərin maraqlarını diqqətə alaraq, əqli mülkiyyət hüquqlarının həyata keçirilməsinin və müdafiəsinin önəmini özündə ehtiva edən tədbirin bu sahədə səmərəliliyin artırılmasına töhfə verəcəyini bildirib.
Sonra Ümumdünya Əqli Mülkiyyət Təşkilatının "Əqli mülkiyyət sahəsinin gömrük orqanları üçün əhəmiyyəti", Ümumdünya Gömrük Təşkilatının "COVID-19 pandemiyası dövründə əqli mülkiyyət hüquqlarının pozulmasına qarşı mübarizədə ÜGT-nin perspektivləri", "Schmitt & Orlov İntellectual Property" beynəlxalq şirkətinin "Saxta məhsulların müəyyənləşdirilməsi və fərqləndirilməsinin üsulları" və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərbaycanda əqli mülkiyyət hüquqlarının tətbiq edilməsi" mövzularında təqdimatları nümayiş etdirilib.
Sonda mövzu ilə bağlı iştirakçıların sualları ətraflı cavablandırılıb.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi