Onlayn təlimlərin qiymətləndirmə mərhələsi əyani keçirilib
Onlayn təlimlərin qiymətləndirmə mərhələsi əyani keçirilib
Dövlət Gömrük Komitəsinin Akademiyasında gömrük orqanlarının vəzifəli şəxslərinin peşəkarlıq səviyyəsinin yüksəldilməsini təmin etmək məqsədilə 17 maydan 30 iyunadək onlayn formada keçirilən ixtisasartırma təlimləri başa çatıb. Onlayn təşkil olunmuş təlimlərin qiymətləndirmə mərhələsi pandemiya dövründə karantin rejiminin tələbləri nəzərə alınmaqla əyani formada keçirilib.
Tədbirdə çıxış edən Akademiya rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov bildirib ki, pandemiya dövründə Akademiyada tədris prosesi və təlimlər onlayn formada təşkil olunub. Akademiya rəisi ölkəmizdə karantin rejiminin yumşaldılması nəzərə alınaraq,altı həftəlik onlayn təlimlərin yekununda qiymətləndirmənin əyani formada həyata keçirildiyini deyib.
"Təlimlərin əsas məqsədi gömrük xidməti əməkdaşlarına zəruri olan biliklərin verilməsidir"- deyən Akademiya rəisi müxtəlif modullar üzrə təlim proqramları hazırlandığını diqqətə çatdırıb. Xidmətə ilkin hazırlıq təlimləri, hüquq-mühafizə ilə bağlı ixtisasartırma təlimləri, həmçinin sərhəddə xidmət edən gömrük əməkdaşları üçün ingilis dili təlimlərinin təşkilindən söz açan Qulu Novruzov hər bir təlimin fərqli modulunun olduğunu bildirib. Akademiya rəisi vurğulayıb ki, 2021-ci ilin ilk 6 ayı ərzində 178 gömrük xidməti əməkdaşı xidmətə ilkin hazırlıq təlimlərində, ümumilikdə, 333 nəfərgömrük xidməti əməkdaşı Akademiyada təşkil olunan təlimlərdə iştirak edib. Qulu Novruzov bütün dinləyicilərə uğurlar arzulayıb.
Sonra təlimlərdə iştirak etmiş gömrük xidməti əməkdaşlarının biliklərinin qiymətləndirilməsi keçirilib.
Qeyd edək ki, təlimlərdə 60 gömrük xidməti əməkdaşı iştirak edib.