Customs service is one of the main attributes of the independence of any state.

Beynəlxalq kinoloji seminar keçirilib

Beynəlxalq kinoloji seminar keçirilib

Sentyabrın 22-23 tarixlərində "Narkotik qaçaqmalçılığı ilə mübarizədə gömrük orqanlarının kinoloji bölmələrinin rolu və yeri" mövzusunda beynəlxalq kinoloji seminar keçirilib.

 

Tədbir videokonfrans formatında təşkil olunub.

 

Seminarda Azərbaycan, Türkiyə, Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan, Macarıstan, Almaniya, Latviya, Koreya, Monqolustan, Polşa, Slovakiya, Finlandiya, Çexiya və digər ölkələrin gömrük orqanlarının kinoloji xidmət rəhbərləri və nümayəndələri iştirak ediblər.

 

Beynəlxalq kinoloji seminarın açılışı Moskva vilayətinin qubernatoru Andrey Vorabyov, Rusiya Daxili İşlər Nazirliyinin Narkotiklərlə Mübarizə Baş İdarəsinin rəis müavini Sergey Savoçkin və Rusiya Federal Gömrük Xidməti Kinoloji Mərkəzinin rəisi Vladimir Filippovun iştirakı ilə baş tutub.

 

Tədbirdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Kinoloji Mərkəzi, eləcə də Rusiya, Macarıstan, Qazaxıstan, Polşa, Slovakiya, Koreya, Tacikistan, Finlandiya və Çexiya gömrük orqanlarının kinoloji xidmətləri və Ümumdünya Gömrük Təşkilatının Asiya və Sakit Okean Regionu üzrə nümayəndəliyinin məruzələri dinlənilib.

 

Dövlət Gömrük Komitəsi Kinoloji Mərkəzinin rəisi İlkin Osmanov məruzəsində bildirib ki, son 3 il və 2021-ci ilin 6 ayı ərzində Dövlət Gömrük Komitəsi əməkdaşlarının həyata keçirdikləri kompleks tədbirlər nəticəsində gömrük-keçid nəzarət məntəqələrində hərəkət edən müxtəlif nəqliyyat vasitələrində külli miqdarda narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları aşkar olunaraq dövriyyədən çıxarılıb. Axtarış itlərinin tətbiqi ilə keçirilən gömrük yoxlamaları, o cümlədən əməliyyat tədbirləri və texniki nəzarət vasitələrinin köməkliyi ilə müxtəlif gizli saxlanc yerləri aşkar edilərək qaçaqmalçılıq faktlarının qarşısı alınıb.

 

Seminarda Dövlət Gömrük Komitəsinin Kinoloji Mərkəzi ilə Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin birgə hazırladığı "Narkotik qaçaqmalçılığı ilə mübarizədə gömrük orqanlarının kinoloji bölmələrinin rolu və yeri" adlı videomaterial da təqdim olunub.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

24 September 2021 00:00
195