Management
About information
20 fevral 1964-cü ildə Azərbaycan Respublikası Şamaxı rayonunun Dərəkənd kəndində anadan olmuşdur.
1979-1983-cü illərdə M.Ə.Sabir adına Şamaxı Pedaqoji məktəbini müvəffəqiyyətlə bitirərək müəllim kimi əmək fəaliyyətinə başlamışdır.
1983-1985-ci illərdə Qərbi Ukraynada, Sovet Ordusu sıralarında Strateji Təyinatlı Raket Qoşunlarında kiçik komandirlər hərbi məktəbini bitirərək bölmə komandiri kimi hərbi xidmət keçmişdir.
1986-1991-ci illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsininin hüquqşünaslıq ixtisası üzrə əyani şöbəsini və Hərbi kafedrasını bitirmişdir.
1992-ci ilin yanvar-avqust aylarında Qobustan rayonu İcra Hakimiyyəti başçısı yanında hüquq məsləhətçisi, eyni zamanda rayonun Mülki-müdafiə qərargahının rəisi və Dövlət İdarələri İşçiləri Həmkarlar Komitəsinin Sədri olmuşdur.
1992-ci ilin avqust ayından Azərbaycan Respublikası Gömrük Komitəsinin Qaçaqmalçılıqla mübarizə İdarəsində Təhqiqat şöbəsinin baş inspektoru kimi fəaliyyətə başlamışdır.
1992-1998-ci illərdə Dövlət Gömrük Komitəsinin Qaçaqmalçılıq və Gömrük Qaydalarının Pozulması ilə Mübarizə Baş İdarəsində, İdarə rəisinin müavini və birinci müavini vəzifələrində çalışmışdır.
1998-2015-ci illərdə Dövlət Gömrük Komitəsinin Gömrük Sahəsində Hüquqpozmalara qarşı Mübarizə Baş İdarəsində, Baş İdarə rəisi vəzifəsində fəaliyyət göstərmişdir.
2015-2018-ci illərdə Dövlət Gömrük Komitəsinin Gömrük Sahəsində Hüquqpozmalara qarşı Mübarizə Baş İdarəsində baş idarə rəisinin müavini, 2018-2023-cü illərdə Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsində Baş İdarə rəisinin birinci müavini vəzifələrində çalışmışdır.
22 dekabr 2023-cü ildə Əməliyyat-istintaq Baş idarəsinin rəisi vəzifəsinə təyin edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə 2007-ci ildə gömrük xidməti general-mayoru xüsusi rütbəsi verilmiş, 2015-ci ildə "Dövlət Qulluğunda Fərqlənməyə görə" medalı, 2021-ci ildə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilmişdir.
2012-ci ildə "Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 20 Illiyi (1992-2012)", 2017-ci ildə “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 25 illiyi (1992-2017)", 2022-ci ildə "Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 30 Illiyi (1992-2012)" Azərbaycan Respublikasının yubiley medalları ilə, 2012-ci ildə "Gömrük Əməkdaşlığının Möhkəmləndirilməsinə Görə" Döş Nişanı ilə, 2014-cü ildə "Gömrük Xidməti Əlaçısı" Döş Nişanı ilə təltif edilmiş və digər mükafatlara layiq görülmüşdür.
Transmilli mütəşəkkil cinayətkarlığa, qaçaqmalçılığa, terrorizmə, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə, habelə gömrük işi məsələləri üzrə respublika və beynəlxalq səviyyəli 100-dən çox konfrans, seminar, sessiya və digər tədbirlərdə iştirak, habelə məruzə və təqdimatlarla çıxışlar etmiş, bu iştirakla bağlı BMT-nin Narkotiklər və cinayətkarlıq İdarəsinin, Ümumdünya Gömrük Təşkilatının, İnterpolun və digər beynəlxalq təşkilatların sertifikatlarını almışdır.
Müxtəlif illərdə Dövlət Gömrük Komitəsinin Akademiyasında və Bakı Dövlət Universitetində cinayət və gömrük hüququ üzrə fənnləri tədris etmişdir. Qaçaqmalçılıqla mübarizə, narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə əlaqədar bir neçə məqalə və kitabın müəllifidir. Azərbaycan Respublikasının Gömrük, Cinayət, İnzibati Xətalar, Cinayət-Prosessual Məcəllələrinin, “Əməliyyat-axtarış fəaliyyəti” haqqında Qanunun və bir çox digər qanunvericilik aktlarının layihələrinin hazırlanmasında iştirak etmişdir.
Rus və türk dillərini sərbəst, ingilis dilini zəif bilir.
Ailəlidir. Dörd övladı var.