"Bir pəncərə" prinsipi

"Bir pəncərə" prinsipinin kompüterləşdirilməsi üzrə təqdimat

Mərkəzi Asiya Regionu İqtisadi Əməkdaşlıq Proqramı (CAREC) ölkələri üçün Asiya İnkişaf Bankının Vahid Ticarətin Asanlaşdırılması Proqramı çərçivəsində "Vahid Elektron Pəncərənin Yaradılması" mövzusunda seminarıda SITBI-nin rəisi İqbal Babayevin təqdimatı (Sinqapur şəhəri, 14-17 İyul 2009-cu il)

Beynəlxalq Konfransda təqdimat. (Astana ş., Qazaxstan Respublikası, 14-15 dekabr 2009-cu il)

"Gömrük İşində İnformasiya Sistemləri və Texnologiyaları" 1-ci Beynəlxalq Elmi-Praktiki Konfransda təqdimat. (Bakı ş., Azərbaycan , 21-22 dekabr 2009-cu il)

Azərbaycan Respublikası Prezidentinin fərmanı

Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrindən keçirilən malların və nəqliyyat vasitələrinin yoxlanılmasında "Bir Pəncərə" prinsipinin tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin fərmanı

Azərbaycan Respublikasının "İpək yolunun" və şimal-cənub nəqliyyat dəhlizinin vacib hissəsi olduğunu nəzərə alaraq, dövlət sərhədinin keçid məntəqələrinin buraxılış qabiliyyətinin artırılması son dərəcədə mühüm əhəmiyyət kəsb edir.

Bununla əlaqədar dövlət sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin yoxlanılması zamanı süni maneələrin aradan qaldırılması, idxal-ixrac əməliyyatlarının müasir tələblərə uyğun aparılması üçün münbit şəraitin yaradılması, bu sahədə "bir pəncərə" prinsipinin tətbiq edilməsi məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrindən keçirilən malların və nəqliyyat vasitələrinin yoxlanılmasında "bir pəncərə" prinsipi 2009-cu il yanvarın 1-dən tətbiq edilsin.

2. Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrindən keçirilən malların və nəqliyyat vasitələrinin yoxlanılmasında "bir pəncərə" prinsipi üzrə vahid dövlət orqanının səlahiyyətləri Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə həvalə olunsun.

3. Müəyyən edilsin ki, Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrindən keçirilən malların və nəqliyyat vasitələrinin sənədlərinin, o cümlədən malların baytarlıq, fitosanitar, gigiyenik və digər sertifikatlarının (şəhadətnamələrinin) yoxlanılmasını, sərhəddə həmin mallar üzərində baytarlıq, fitosanitar, sanitariya nəzarətini Azərbaycan Respublikasının gömrük orqanları həyata keçirir.

4. Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrindən keçirilən malların və nəqliyyat vasitələrinin yoxlanılmasında "bir pəncərə" prinsipi üzrə vahid dövlət orqanı kimi aşağıdakı vəzifələrin yerinə yetirilməsi Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə həvalə olunsun:

4.1. ərazisində heyvanların xüsusi təhlükəli xəstəliklərinin baş verməsi qeydə alınan qonşu ölkələrdən Azərbaycan Respublikasının ərazisinə keçən nəqliyyat vasitələrinin baytarlıq qanunvericiliyində müəyyən edilmiş qaydada və müddətdə məcburi dezinfeksiya edilməsi;

4.2. başqa ölkələrdən gətirilən heyvanların sağlamlığını müəyyənləşdirmək üçün onların təcrid olunmuş halda saxlanılmasının təmin edilməsi məqsədi ilə müvafiq ərazi dövlət baytarlıq müfəttişinə məlumat verilməsi;

4.3. beynəlxalq avtomobil daşımalarını yerinə yetirən nəqliyyat vasitələrinə sərhəddə "İcazə" blanklarının verilməsi və buna görə "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğlərdə dövlət rüsumunun tutulması.

5. Müvafiq icra hakimiyyəti orqanlarının baytarlıq, fitosanitar, sanitariya nəzarətinin həyata keçirilməsi, həmçinin beynəlxalq avtomobil daşımalarını yerinə yetirən nəqliyyat vasitələrinə "İcazə" blanklarının verilməsi üçün sərhəddə yaradılmış məntəqələri ləğv edilsin.

6. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi və Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin yanında Dövlət Baytarlıq və Dövlət Fitosanitar Nəzarəti xidmətləri Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə müvafiq sahələrdə qarşılıqlı məlumat mübadiləsini həyata keçirsinlər.

7. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində:

7.1. qüvvədə olan qanunvericilik aktlarının bu Fərmana uyğunlaşdırılması barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

7.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

7.3. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

8. Bu Fərman dərc edildiyi gündən qüvvəyə minir.

 

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 11 noyabr 2008-ci il.
Komissiyasının yaradılması haqqında

Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrindən keçirilən malların və nəqliyyat vasitələrinin yoxlanılmasında "Bir pəncərə" prinsipinin tətbiqi ilə bağlı Komissiyasının yaradılması haqqında

"Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrindən keçirilən malların və nəqliyyat vasitələrinin yoxlanılmasında "Bir pəncərə" prinsipinin tətbiqi haqqında" Azərbaycan Respublikası Prezidentinin 12 nömrəli 11 noyabr 2008-ci il tarixli Fərmanının gömrük orqanlarında icrasını təmin etmək məqsədi iləDGK sədrinin əmri ilə 18 noyabr 2008-ci il tarixində Dövlət Gömrük Komitəsində Komissiya yaradılmışdır.Komissiyanın əsas funksiyasıaşağıdakı kimi müəyyən edilmişdir:

-qüvvədə olan qanunvericilik aktlarının uyğunlaşdırılması;

- Dövlət Gömrük Komitəsinin sərhəd gömrük orqanlarının tərkibində dövlət sərhədinin buraxılış məntəqələrindən keçirilən mallara baytarlıq, fitosanitar və sanitariya nəzarətinin həyata keçirilməsinin təşkili və tələb olunan avadanlıqlar, texniki və digər vasitələr, eləcə də beynəlxalq avtomobil daşımalarını yerinə yetirən nəqliyyat vasitələrinə sərhəddə "İcazə" blanklarının verilməsi ilə əlaqədar məsələlərin həlli;

-Komitənin Mərkəzi Laboratoriyasının regional bölmələrinin yaradılması və laboratoriyanın sərhəd gömrük orqanları və Azərbaycan Respublikası Səhiyyə və Kənd Təsərrüfatı Nazirlikləri ilə qarşılıqlı məlumat mübadiləsini həyata keçirmək üçün lokal şəbəkənin yaradılması;

- sərhəd-gömrük buraxılış məntəqələrində "Bir pəncərə" prinsipinin həyata keçirilməsinin texnologiyasının işlənməsi.


"İcazə" blanklarının verilməsi texnoloji sxemi haqqında

Dövlət sərhədinin buraxılış məntəqələrində "Bir pəncərə" prinsipinin tətbiqi ilə bağlı mal və nəqliyyat vasitələri üzərində gömrük, baytarlıq, fitosanitar və sanitariya-karantin nəzarətinin həyata keçirilməsinin və beynəlxalq avtomobil daşımalarını yerinə yetirən nəqliyyat vasitələrinə "İcazə" blanklarının verilməsinin ardıcıllığını müəyyən edən Texnoloji sxem haqqında

«Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrindən keçirilən malların və nəqliyyat vasitələrinin yoxlanılmasında «bir pəncərə» prinsipinin tətbiqi haqqında» Azərbaycan Respublikası Prezidentinin 11 noyabr 2008-ci il tarixli, 12 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədrinin 22 dekabr 2009-cu il tarixli 136 saylı əmri ilə Azərbaycan Respublikasına gətirilən mallar üzərində dövlət sərhədinin buraxılış məntəqələrindəki nəzarət orqanlarında müvafiq nəzarətin həyata keçirilməsi məqsədi ilə qanunvericilikdə müəyyən olunmuş qaydada sənədlər gömrük orqanına təqdim olunur. Bununla əlaqədar, «Dövlət sərhədinin buraxılış məntəqələrində «bir pəncərə» prinsipinin tətbiqi ilə bağlı mal və nəqliyyat vasitələri üzərində gömrük, baytarlıq, fitosanitar və sanitariya-karantin nəzarətinin həyata keçirilməsinin və beynəlxalq avtomobil daşımalarını yerinə yetirən nəqliyyat vasitələrinə «icazə» blanklarının verilməsinin ardıcıllığını müəyyən edən müvəqqəti Texnoloji sxem» təsdiq edilmişdir.

Texnoloji sxemdə dövlət sərhədinin buraxılış məntəqələrində qanunvericilikdə müəyyən olunmuş qaydada gömrük, baytarlıq, fitosanitar və sanitariya karantin nəzarəti və beynəlxalq avtomobil daşımalarını yerinə yetirən nəqliyyat vasitələrinə «İcazə» blanklarının verilməsi işlərinin bu məsələlər üzrə məsul olan gömrük əməkdaşları tərəfindən həyata keçirilməsi göstərilmişdir.

Azərbaycan Respublikasının ərazisindən ixracı nəzərdə tutulan malların gömrük rəsmiləşdirilməsi zamanı, o cümlədən Azərbaycan Respublikasının ərazisinə gətirilmiş malların təyinat gömrük orqanlarında gömrük rəsmiləşdirilməsi zamanı Gömrük Məcəlləsinin 128-ci maddəsinə əsasən müvafiq tədbirlərin həyata keçirilməsi texnoloji sxemdə qeyd edilmişdir.

Azərbaycan Respublikası ərazisinə daxil olan Dəmir yolu, Avtomobil, Hava və Dəniz nəqliyyatı vasitələrində daşınan mallara tətbiq olunan nəzarət növlərinin ardıcıllığının xüsusiyyətləri aşağıdakı kimi müəyyən edilmişdir:

-Daşınmaya dair sənədlərdə baytarlıq, fitosanitar və sanitariya-karantin nəzarətinə aid edilən mallar olduqda gömrük nəzarətinin keçirilməsi üzrə məsul olan gömrük əməkdaşı aidiyyəti nəzarətin qanunvericilikdə müəyyən olunmuş qaydada həyata keçirilməsinin təmin edilməsi məqsədi ilə bu sahəyə məsul olan gömrük əməkdaşlarını dəvət edir. Gömrük, baytarlıq, fitosanitar və sanitariya-karantin nəzarəti üzrə məsul olan gömrük əməkdaşları tərəfindən müəyyən olunmuş qaydada nəzarət tədbirlərinin həyata keçirilməsi zamanı müvafiq sertifikatların və digər icazə sənədlərinin mövcudluğu yoxlanılır və bu sahələri tənzimləyən qanunvericilik aktlarından irəli gələn sərhəd nəzarəti üzrə yoxlama və prosedurlar həyata keçirilir. Müəyyən olunan qaydalara uyğun dezinfeksiya tədbirləri aparılır (boş nəqliyyat vasitələri daxil olmaqla).

- Nəzarət növləri üzrə məsul olan gömrük əməkdaşları tərəfindən gətirilən mallara dair qanunvericilikdə müəyyən olunmuş nəzarət tədbirlərini həyata keçirirlər.

- Daşınmaya dair sənədlər qeydiyyatın aparılması, elektron qaydada işlənməsi və nəzərdə tutulduğu halda ödənişlərin tutulması məqsədi ilə «bir pəncərə» prinsipinə uyğun olaraq gömrük rəsmiləşdirilməsi mərkəzinə təqdim edilir.

- Qeydiyyat işlərinin həyata keçirilməsi zamanı müvafiq sənədlərin, o cümlədən nəzarət növləri üzrə yoxlanışı əks etdirən qeydlərin mövcudluğu yoxlanılır, «icazə» blanklarının verilməsi, dövlət rüsumlarının tutulması həyata keçirilir.

- Malların digər gömrük idarələrində rəsmiləşdirilməsi halları nəzərdə tutulduqda digər nəzarət növlərinin tamamlanması məqsədi ilə təyinat gömrük idarəsinə ünvanlanması üzrə qeydiyyat (elektron qeydiyyat daxil olmaqla) aparılır.

- Tranzit keçirilən mallar üzərində yuxarıda qeyd olunan gömrük, baytarlıq, fitosanitar və sanitariya-karantin nəzarəti qanunvericilikdə müəyyən olunmuş qaydada yoxlama və prosedurlar keçirildikdən sonra aidiyyəti qeydiyyat aparılaraq təyinatı üzrə buraxılır və ya sərhəddə yerləşən çıxış gömrük orqanına ünvanlanır.

"Bir pəncərə" prinsipinin tətbiqi üzrə video təqdimat

"Bir pəncərə" prinsipinin tətbiqi üzrə təqdimat

Avtomatlaşdırılmış idarəetmə sisteminin tətbiqi haqqında

Azərbaycan Respublikasının gömrük sistemində elektron rəsmiləşdirmə və nəzarət avtomatlaşdırılmış idarəetmə sisteminin konsepsiyasının hazırlanması və dövlət sərhədinin buraxılış məntəqələrindən keçirilən malları və nəqliyyat vasitələrinin yoxlanılmasında "bir pəncərə" prinsipinin avtomatlaşdırılmış idarəetmə sisteminin tətbiqi haqqında

"Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrindən keçirilən malların və nəqliyyat vasitələrinin yoxlanılmasında "bir pəncərə" prinsipinin tətbiqi haqqında" Azərbaycan Respublikası Prezidentinin 12 saylı 11 noyabr 2008-ci il tarixli Fərmanına uyğun olaraq həyata keçirilən tədbirlərin davamı olaraq Dövlət Gömrük Komitəsinin sədri gömrük sistemində elektron rəsmiləşdirmə və nəzarət avtomatlaşdırılmış idarəetmə sisteminin yeni konsepsiyasının hazırlanması və dövlət sərhədinin buraxılış məntəqələrindən keçirilən malların və nəqliyyat vasitələrinin yoxlanılmasında "bir pəncərə" prinsipinin avtomatlaşdırılmış idarəetmə sistemi - "Bir pəncərə-AİS" sisteminin tətbiqi haqqında 04 iyun 2009-cu il tarixində əmr imzalamışdır. Əmr aşağıdakı məsələləri özündə ehtiva edir:

1. Azərbaycan Respublikasının gömrük sistemində informasiya-kommunikasiya texnologiyalarından istifadə edilməsi və elektron rəsmiləşdirmə və nəzarət avtomatlaşdırılmış idarəetmə sisteminin yeni konsepsiyasının hazırlanması;

2. Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrindən keçirilən malların və nəqliyyat vasitələrinin yoxlanılmasında "Bir pəncərə AİS" layihəsinin I mərhələsinin tətbiq edilməsi:

- avtonəqliyyat sərhəd keçid məntəqələri üzrə;
-dəmir yolu, hava və dəniz sərhəd keçid məntəqələri üzrə.

"Bir Pəncərə-AİS" tətbiqinin genişləndirilməsi

Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrindən keçirilən malların və nəqliyyat vasitələrinin yoxlanılmasında "Bir Pəncərə" avtomatlaşdırılmış idarəetmə sisteminin pilot variantının tətbiq sahəsinin genişləndirilməsi haqqında

Dövlət Gömrük Komitəsində "Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrindən keçirilən malların və nəqliyyat vasitələrinin yoxlanılmasında "bir pəncərə" prinsipinin tətbiqi haqqında" Azərbaycan Respublikası Prezidentinin 12 saylı 11 noyabr 2008-ci il tarixli Fərmanının icrası ilə bağlı tədbirlər davam etdirilir. Bu istiqamətdə Dövlət Gömrük Komitəsinin sədri gömrük sistemində malların və nəqliyyat vasitələrinin avtomatlaşdırılmış qeydiyyat sisteminin pilot variantının istifadəsinin genişləndirilməsi məqsədilə 12 avqust 2009-cu il tarixində növbəti əmr imzalamışdır. 

Əmr aşağıdakı məsələləri özündə ehtiva edir:
  • Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin bütün gömrük idarələrində malların və nəqliyyat vasitələrinin qeydiyyatının "Bir pəncərə-AİS" sisteminin pilot variantından istifadə edilməklə aparılması;
  • Mal və nəqliyyat vasitələrinin qeydiyyatı ilə bağlı kağız formasında istifadə olunan qeydiyyat, nəzarət, hesabat və digər formaların elektron formatda işlənməsi üçün hazırlıq işlərinin aparılması